Azərbaycanda nağd ödənişlərə qadağa bələdiyyələrə nə vəd edir?
08:37 21-05-2014
İQTİSADİYYAT
Azərbaycanda nağd ödənişlərə
qadağa bələdiyyələrə nə vəd edir?
Milli Məclisin regional məsələlər komitəsinin 19 may iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna dəyişiklik təklif edilib. Təklif qəbul edilsə, yerli vergi və ödənişlərin ödənilməsi yalnız banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək.
Təklifə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev deyib ki, yerli vergi öhdəliklərinin nağdsız ödənişi şəffaflıq və hesabatlılıq baxımından vacib olsa da, indiki dövrdə nağd ödənişlərə qadağa yolverilməzdir: "Kənd yerlərində ödəniş üçün zəruri infrastruktur yoxdur. Belə çıxır ki, kənd əhalisi hər dəfə vergi və ödənişləri ödəmək üçün bir neçə kilometr məsafə qət edib rayon mərkəzinə getməlidir. Güman ki, "Azərpoçt" MMC-nin yerli poçt şöbələrinə yerli vergi və rüsum qəbulu səlahiyyəti veriləcək. Ancaq nəzərə alaq ki, hazırda ölkədə 1606 poçt şöbəsi fəaliyyət göstərir. Kənd yaşayış məntəqələrinin sayı isə təxminən 4255-dir. Göründüyü kimi, hər 5 kənddə 2 poçt şöbəsi düşür.
İkinci əsas problem xərclərin artmasıdır. 2013-cü ilin məlumatına görə, yerli vergi yığımının həcmi 11,5 milyon manat olub. Bu hesabla adambaşına düşən vergi ödənişi 1 manat 20 qəpikdir. Orta hesabla hər ailə il ərzində yerli büdcəyə 4,8 manat pul ödəyib. Bank vasitəsilə vergi ödənişi üçün xidmət haqqı hazırda 40 qəpikdir. Deməli, hər ailə vergidən əlavə 40 qəpik ödəməlidir ki, bu da onun vergi yükünü 8 faiz artırır. Bura uzaq məsafədə olan maliyyə müəssisəsinə getmək üçün nəqliyyat xərcini də əlavə etsək, onda xərclərin daha çox olduğunu görərik.
Ən nəhayət, bu gün Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin 90 faizi öz büdcə vəsaitləri üzərində müstəqil sərəncam vermək hüququndan məhrumdur. Qanunvericilikdə müstəqillik əksini tapsa da, reallıq bunun əksini deyir. Büdcədən vəsait çıxarmaq üçün bələdiyyə mütləq yerli icra hakimiyyəti başçısının razılığını almalıdır. Hətta büdcə xərclərinin təyinatını bir sıra hallarda icra başçıları müəyyənləşdirir. Vergi və ödənişlər nağd şəkildə ödənildikdə bələdiyyə həmin vəsait üzərində sərbəst sərəncam verə bilir və onu hansısa yerli problemin həllinə yönəldir".
Samir Əliyev vurğulayıb ki, dövlət vergilərindən fərqli olaraq yerli vergilər birbaşa vətəndaşlardan yığılır: "Dövlət vergiləri üçün nağd ödənişə qadağanın tətbiqi özünü doğruldur. Çünki dövlət vergiləri vətəndaşların çalışdığı müəssisədən ödənilir. Ancaq yerli vergiləri əhali şəxsən ödəməli olur. Yeni dəyişikliyin qəbul olunacağı təqdirdə vergi ödənişi çətinləşəcək və yığıma mənfi təsir göstərəcək.
Nağdsız ödənişin inkişafı vacibdir. Onun stimullaşdırılmasının əsas şərtlərindən biri də nağd ödənişə məhdudiyyətin tətbiqidir. Ancaq indiki məqamda qadağanın bələdiyyələrə tətbiqi arzuolunmaz fəsadlar törədə bilər. Ona görə də yerli vergi və rüsum ödənişində nağdsız ödəniş inkişaf etdirilməklə yanaşı nağd ödəniş mexanizmi də bir müddət saxlanılmalıdır".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53