"Aqrolizinq" rəhbəri işdən çıxarıldı
11:24 22-05-2014
İQTİSADİYYAT
"Aqrolizinq" rəhbəri işdən çıxarıldı
Milyonlarla dövlət vəsaitini talamaqda ittiham olunan Əli Bayramovun həbsinə hazırlıq gedir
Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov vəzifədən azad olunub. Əslində, ölkə başçısının sərəncamı ilə kənd təsərrüfatı naziri dəyişdiriləndən sonra Əli Bayramovun da istefaya göndəriləcəyi gözlənilən idi.
Xüsusən də," Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yerli təşkilatlarında baş verən qanunsuzluqlar, külli miqdarda yeyintilərlə bağlı faktların aşkarlanması və həbslərin gerçəkləşməsi Ə.Bayramovun tezliklə vurulacağını düşünməyə əsas verirdi. Nəhayət, dünən qəti qərar verildi və Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov vəzifədən azad olundu.
Qeyd edək ki, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilib və həbslər gerçəkləşdirilib. Aparılmış istintaqla cəmiyyətin Şəki rayon Aqroservis filialının müdiri Rafim Qurbanovun ümumilikdə 66 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarının adlarına onların məlumatı olmadan mineral gübrələrin güzəştli şərtlərlə satışını rəsmiləşdirməsi, lakin həmin mineral gübrələri ayrı-ayrı fiziki və hüquqi şəxslərə sataraq əldə olunmuş 789 min 512 manat məbləğində vəsaiti, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən aldıqları gübrə üçün ona verilmiş 55 min 124 manat məbləğində vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Unikal"a daxil olan məlumata görə, hazırda dəmir barmaqlıqlar arxasında olan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Şəki rayon Aqroservis filialının müdiri Rafim Qurbanovun verdiyi ifadələrdə Əli Bayramovun da adı var. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, ASC sədrinin vəzifədən alınması da məhz bu faktla əlaqədardır.
Onu da nəzərə çatdıraq ki, Ə.Bayramov işdən öz istəyi ilə çıxdığını bildirib. ASC sədri deyib ki, mayın 21-də öz ərizəsi ilə işdən gedib: "Səhər tezdən kənd təsərrüfatı naziri Heydər Əsədovun yanına getdim. İşdən çıxarılmağım üçün ərizə verdim. Dedim ki, səhhətimdə problemlər var, müalicə üçün Türkiyəyə getməliyəm. Nazirlə söhbətimiz bir saatdan artıq davam etdi və ərizəmi götürdü. Sonra nazir müavini "Aqrolizinq"ə gəldi. Kollektivi topladıq, nazir müavini çıxış etdi, işimdən razılıq etdi, xeyir-dua verdi. Mən 8 il burada işləmişəm. Hər şey normaldır, heç bir problem yoxdur". Əli Bayramov bildirib ki, artıq "Aqrolizinq"ə sədr əvəzi təyin olunub. Cəmiyyətin sədr müavini Elşən Məmmədov sədr səlahiyyətlərini həyata keçirəcək: "Nazirə bildirdim ki, bura çətin təşkilatdır, kənardan kimisə gətirmək problem olar. Ona görə də müavinim Elşən Məmmədovun namizədliyini irəli sürdüm. Elşən Məmmədov kənd təsərrüfatı üzrə elmlər namizədidir. Bu sahə ilə bağlı müxtəlif layihələrdə işləyib. Cavan və savadlıdır. Üç aydır müavin idi".
"Unikal"ı məlumatlandıran şəxs isə ASC sədrinin yalan danışdığını iddia edir. Onun sözlərinə görə, Əli Bayramov bir bir ay öncəyə qədər kreslosunu tərk edəcəyini düşünməyib. Lakin Cəmiyyətin Şəki rayon Aqroservis filialının müdiri Rafim Qurbanovun həbsindən sonra "Aqrolizinq" şefinin qara günləri başlayıb. Belə ki, Şəki filialın müdüri,o cümlədən ASC-nin korrupsiya və rüşvətxorluq, mənimsəmə, israfetmə maddələri ilə ittiham olunan digər vəzifəliləri də Əli Bayramovun adını veriblər: "Əslində, bir təşkilatda milyonlarla maxinasiya o qurumun rəhbərinin xəbəri olmadan baş verə bilməz. Sözüsüz ki, "Aqrolizinq"də baş verən bütün maxinasiyaların başında Əli Bayramovun özü dayanırdı. Sadəcə olaraq, ekstremal situasiyalarda filial müdirlərini güdaza verirdi. Ancaq artıq bıçaq sümüyə dirənib, filial müdirləri ASC sədrini ələ verməyə başlayıblar. Bu səbəbdən də Əli Bayramov öncə istefaya göndərilib. Yəqin ki, prokurorluqda aparılan istintaqın növbəti mərhələlərində Əli Bayramova qarşı ittihamlar irəli sürüləcək. Elə təkcə bir neçə "Aqrolizinq" vəzifəlisinin ifadəsi yetər ki, Əli Bayramov həbsxanaya göndərilsin".
Maraqlı məqamlardan biri də odur ki, Ə.Bayramov vəzifədən getməsi ilə bağlı açıqlamasında Türkiyəyə gedəcəyini bildirib. Bunun özü göstərir ki, ASC sədri həbs təhlükəsini öncədən başa düşdüyündən ölkəni tərk etmək istəyir. "Əli Bayramov vəzifədə olduğu müddətdə milyonlarla dövlət vəsaitinin talanmasında iştirak edib və bunun hesabının sərt şəkildə sorulacağını da bilir. Ölkə başçısı dəfələrlə "Aqrolizinq"ə 10-15 milyon manat vəsait ayırılması barədə sərəncam verib. Amma Əli Bayramovun maxinator siyasəti nəticəsində həmin vəsaitlərin heç 30 faizi aidiyyatı qaydada xərclənməyib. Ona görə də ASC sədri nə qədər ciddi bir problemlə üz-üzə qaldığının fərqindədir. Bu səbəbdən də rəsmən ittiham irəli sürülməmiş ölkədən qaçmaq istəyir. Amma məndə olan məlumata görə. Əli Bayramovun bu istəyi ürəyində qalacaq və tezliklə məsuliyyətə cəlb olunacaq". – deyə mənbə fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53