Milli tolerantlıq və erməni lobbisinin gedişi
10:30 03-06-2014
İQTİSADİYYAT
Milli tolerantlıq və erməni lobbisinin gedişi
Svilizasiyaların toqquşmasını dəstəkləyənlər Avropada gücə çevrilir
Son zamanlar bir sıra beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli hesabatlar hazırlamaqda, bəzi məqamlarda isə bir başa Azərbaycanın daxili işlərinə müdaxilə etməyə həvəsli olublar. Bu baxımdan ABŞ səfirinin son açıqlamaları, Avropa Parlamentində Azərbaycandakı milli azlıqlarla bağlı gərəksiz dinləmələrin təşkili xüsusi olaraq qeyd edilməlidir.
Bunu da qeyd edək ki, bu dalğa öncəliklə Ermənistandan başlayır, daha sonra isə bir sıra beynəlxalq təşkilatlarda bunu qabartmağa çalışır. Gəlin elementar faktlara baxaq. Məsələn, bir il öncə separatçı Əlikram Hümbətov Ermənistana səfər edir, bundan sonra Yerevanda talışlarla bağlı beynəlxalq konfrans keçirilir, daha sonra isə Avropa Parlamentində Azərbaycanda yaşayan talışlarla bağlı dinləmələr təşkil edilir və bir dənə də olsa Azərbaycanda yaşayan talış orda iştirak etmir. Deməli məqsəd aydındır və bu məqsədin arxasında erməni lobbisi dayanır. Müasir diplomatik məkanda son zamanlar insan haqları az qala bir bəhanəyə çevrildiyindən məhz erməni lobbisi müəyyən beynəlxalq təşkilatların əli ilə Azərbaycanda insan haqlarının durumu və həmçinin milli azlıqların hüquqları ilə bağlı gərəksiz arqumentləri gündəmə gətizdirir və bununla da ictimai rəyə mənfi təsir göstərməyə çalışırlar. Bunu da qeyd edək ki, erməni lobbisinin bu aktivliyini əngəlləmək üçün Azərbaycan-Türkiyə müttəfiqliyidə yetərli qədər rol oynayır, həmçinin dünyadakı ən nəhəng lobbilərdən birincisi olan yəhüdi lobbisidə Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında mühüm rol oynayır. Məhz buna görə də zaman-zaman ermənilər yəhüdilərlə azərbaycanlılar arasındakı bu bağı sıradan çıxartmaq, yəhüdi lobbisi ilə əlaqələr qurmaq üçün addımlar atıblar. Bu addımlardan biri də Azərbaycanda yaşayan yəhüdilərlə bağlıdır. Belə ki, müxtəlif beynəlxalq təşkilatlara təsir etmə imkanları olan erməni lobbisi belə bir rəy yaratmağa çalışır ki, güya Azərbaycanda yəhüdilərə qarşı ayrıseçkilik var və son zamanlar yəhüdilər buna görə ölkəni tərk etmək zorunda qalırlar. Halbu ki, hər zaman yəhüdilərin özləri bəyan ediblər ki, Azərbaycandakı milli tolerantlıq heç bir ölkədə yoxdur. Həqiqətən də son zamanlar Azərbaycanda tolerantlığın inkişafı üçün dövlət səviyyəsində belə mühüm addımlar atılıb və milli-dini tolerantlığın qorunması bir nömrəli vəzifə kimi elan edilib. Azərbaycanda milli tolerantlığın möhkəmliyi isə sözsüz ki, ölkədə milli münaqişələr yaratmağa çalışan qüvvələrin maraqlarına cavab vermir. Başqa bir tərəfdən isə məhz yəhüdilərin gündəmə gətirilməsində başqa bir məqsəd də var. Belə ki, yəhüdi lobbisi ilə yanaşı, yəhüdi xalqının da ümumilikdə Azərbaycana bir sevgisi var və erməni lobbisi sadə yəhüdilərdə azərbaycanlılara qarşı nifrət yaratmaq üçün belə addımlar atırlar. Amma erməni lobbisinin bu cəhdinə qarşı ilk reaksiyada elə yəhüdilərin özlərindən gəldi.Belə ki, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, "STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti German Zaxaryayev ABŞ-ın Antidiffamasiya Liqası (ADL) hüquq müdafiə ictimai təşkilatının Azərbaycanda antisemitizm faktları haqqında məruzəsinə dair şərhində bildirib ki, müxtəlif vaxtlarda Azərbaycanda ləzgilər, tatarlar, yəhudilər, almanlar, bolqarlar və bir çox başqa xalqların nümayəndələri sığınacaq tapıblar. Müxtəlif səbəblərə görə onlar bu günəşli diyarda qalıb Xəzərin təmiz havasını udmaq, buradakı insanların qəlbinin hərarətini duymaq istəyiblər.G.Zaxaryayevin sözlərinə görə, sovet hökuməti mövcud dayaqları dəyişməyə cəhd göstərib və bütün dinlərlə mübarizə aparıb ki, nəticədə həm yəhudi dini, həm müsəlman dini güclü ziyan çəkib. Rusiya Yəhudi Konqresinin vitse-prezidenti deyib: "Sinaqoqlar dağıdılmış, yəhudi məktəbləri bağlanaraq dünyəvi məktəblərə çevrilmiş, ravvinlər təqib olunmuşlar. Məhz kimlərin bununla məşğul olduqlarını təsdiq edən tarixi faktlar vardır: bunlar sovet hakimiyyətini təbliğ edən müxtəlif millətlərin nümayəndələri idi və onların arasında yəhudilər də olmuşdur".G.Zaxaryayev bildirib ki, yəhudilərlə azərbaycanlıların dinc yanaşı yaşadıqları bütün dövr ərzində onların münasibətlərinin pis və ya gərgin olduğunu təsdiqləyən bir fakt da tapmaq mümkün deyil. "STMEGİ" Beynəlxalq Dağ Yəhudiləri Fondunun prezidenti deyir: "Yəhudilər Azərbaycanda hər şeyə nail ola bilmişlər, bunu təsdiq edən misallar çoxdur. Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində bir neçə yəhudi nazir olmuşdur. Azərbaycan yəhudiləri arasında nüfuzlu peşə sahibləri - həkimlər, hüquqşünaslar, jurnalistlər, müəllimlər, professorlar və iri dövlət müəssisələrinin rəhbərləri az olmamışdır".
German Zaxaryayev: "Bəzi tanınmamış həvəskar tədqiqatçıların bunun əksini sübut etməyə cəhd göstərməsi həmişə məni əsəbiləşdirir. ABŞ-ın Antidiffamasiya Liqası hüquq müdafiə təşkilatının postsovet məkanı ölkələrində keçirdiyi və dərc etdirdiyi "Antisemitizm indeksi" adlı son qalmaqallı tədqiqat da eyni təsir doğurmuşdur. Bu indeksi cəfəngiyatdan başqa bir şey adlandırmaq olmaz".G.Zaxaryayevin fikrincə, açıq-aşkar görünür ki, bu rəy sorğusu uydurma rəqəmlərə əsaslanır və Azərbaycana bələd olmayan Rusiya əleyhinə qurumların xeyrinədir, oradakı rəqəm isə orta göstərici kimi qeyd edilib. G.Zaxaryayev deyir: "Mənim ulu babalarım minilliklər boyu Azərbaycanda yaşamışlar və biz heç vaxt nə məişət, nə də dövlət səviyyəsində antisemitizm müşahidə etməmişik. Biz - dağ yəhudiləri haqqında bunu deyə bilərəm ki, azərbaycanlılar həmişə bizə qardaş xalq kimi yanaşmışlar və bu mehribanlığı daim hiss etmişik. Mən dönə-dönə demişəm ki, Azərbaycanda antisemitizm yoxdur və olmamışdır. Keçmiş sovet məkanında yəhudilərin kompakt yaşadıqları yeganə qəsəbə olan Qırmızı qəsəbə buna sübutdur. Nə Ukraynada, nə Belarusda, nə Litvada, nə Latviyada belə məskənlər qalmamışdır. Ölkənin və rayonun hakimiyyət orqanları qəsəbəmizə xüsusi diqqət yetirirlər, axı bura təkcə yəhudilərin kompakt yaşadıqları yer deyil, həm də dağ yəhudilərinin dilinin yer üzündə qorunub saxlandığı yeganə torpaqdır. Biz - Azərbaycandan olan yəhudilər öz vətənimizlə fəxr edirik və oradan gedəndə Azərbaycan dilini unutmuruq, ümumi ənənələri və dəyərləri qoruyub saxlayırıq, ən başlıcası isə, Azərbaycan xalqının və torpağının bizə verdiyi hər şeyə görə təşəkkür edirik".
Bunu da qeyd edək ki, bu gün dünyanın bir sıra ölkələrində baş verən münaqişələrin qayəsində məhz milli və dini tolerantlığın pozulması durur. Məsələn, Ukrayna olaylarında Rusiya Krımdakı milli tolerantlığın zəifliyindən yararlandı, Suriyada ,Misirdə dini tolerantlığın zəifliyindən ciddi qarşıdurmalar davam etdirilir, Türkiyə kimi bir ölkədə bu gün milli tolerantlığın zəifliyindən istifadə edənlər bu ölkəni demək olar ki, çıxılmaz duruma salıblar. Bir sıra beyin mərkəzləri də məhz bunu nəzərə alaraq Azərbaycana qarşı belə addımlar atırlar. Bir neçə ay öncə rus politoloqlarından birinin Azərbaycanı hədələyəcək bəyanatını yada salaq:-"Azərbaycan unutmamalıdır ki, rusiya hələ şimal kartından istifadə etmir". Söhbət sözsüz ki, separatçılıq əməlləri ilə məşğul olan "Sadval" təşkilatının yenidən dirçəldilməsindən gedir. Bütün bunları nəzərə alan Azərbaycan hakimiyyəti isə azərbaycançılıq prinsipinin daha da inkişafına çalışır və bunun üçün də milli və dini tolerantlığa zərbə vura biləcək əksər addımların qarşısını alır. Bunu da qeyd edək ki, son illər svilizasiyalararası münasibətlərin gərginləşməsi də dünya düzənində milli və dini tolerantlığa ciddi problemlər yaradır. Elementar faktlara baxaq. Avropa Parlamentinə bu günlərdə seçkilər keçirildi və demək olar ki, Yunanıstanda, İtaliyada, Almaniyada millətçi qüvvələr daha çox səs toplaya bildilər. Dünyaya tolerantlıq, bərabərlik, demokratiya aşılamağa çalışan Avropada məhz millətçilərin daha çox səs toplaması artıq real təhlükədən xəbər verir. Çünki bu qüvvələr üçün Şərq dünyası düşmən bir dünyadır və onlar hər hansı bir inteqrasiyanı Avropanın çöküşü kimi dəyərləndirirlər. Beləliklə aydın olur ki, Qərbin özü demokratiyadan yenidən millətçiliyə keçid edir. Və belə bir ərəfədə Azərbaycan kimi ölkələr daxili sabitliyini qorumalı və milli-dini tolerantlığı əsas fasktor kimi dəstəkləməlidir. Amma çox təssüflər ki, bu gün Azərbaycanın öz daxilində elə qüvvələr var ki, zaman-zaman tolerantlığın sıradan çıxmasında ciddi rol oynamağa çalışıblar və buna müəyyən qədər naildə olublar. İstər radikal dini qruplaşmaların yaradılması, istər erməni lobbisi ilə sıx bağlılığı olan bəzi QHT-lər buna misal çəkilə bilər. Və bu tip qüvvələrin qarşısını ancaq və ancaq maarifləndirmə işlərini gücləndirmək və vətəndaş nəzarətini bərpa etməklə təmin etmək olar.
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17