Rusiya-Türkiyə: Regional əməkdaşlıq, yoxsa regional rəqabət?
Rusiya-Türkiyə: Regional əməkdaşlıq, yoxsa regional rəqabət?

Rəsmi Ankaranın Avrasiya İqtisadi İttifaqına qoşulmasının vəd etdiyi perspektivlər

Mayın 29-da əsası qoyulan Avrasiya İqtisadi İttifaqına qoşulmaq istəyən 40-a qədər ölkənin olduğu deyilir. Bu ölkələrdən ən diqqət çəkəni isə Türkiyədir.

Türkiyədə hələ bir qədər əvvəl Avrasiya İttifaqı ilə əməkdaşlıqla bağlı açıqlamalar olsa da, Türkiyənin bu qurumla bağlı hansı mövqeyi sərgiləyəcəyi məlum deyil. Xatırladaq ki, Türkiyə NATO üzvüdür və Şimali Atlantika Alyansının Şərq gücü hesab olunur. Rəsmi Ankaranın Rusiyanın yaratdığı və keçmiş sovet imperiyasının varisi kimi qiymətləndirilən bir quruma qoşulması xeyli dərəcədə kəskin dönüş sayıla bilər. Üstəlik, Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycan da hələlik bu quruma şübhə ilə yanaşır və üzv olmağa tələsmir.
Xatırladaq ki, Avropa İttifaqının qapısında onilliklərdir ki, gözlədilməyə məcbur edilən və Brüsseldən son illər incikliyi daha da artan rəsmi Ankaradan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaqla bağlı da mesajlar verilib. Bu qurumda isə Qərbin əsas rəqibləri Çin və Rusiyanın olduğu diqqətdən yayına bilməz.
Türkiyə Rusiyanın hegemonu olduğu Avrasiya İqtisadi İttifaqı, yaxud da Rusiya və Çinin hegemon olduğu Şanxay Əməkdaşlıq Təşkilatına qoşula bilər. Nəzərə alaq ki, yeni Türkiyənin iddiaları da kifayət qədər böyükdür və onun Rusiyanın qanadı altına sığınmaq istəməsi təsəvvür belə edilə bilməz.
publika.az-ın verdiyi xəbərə görə, Türkiyənin Beynəlxalq Siyasi Akademiyasının internet səhifəsində doktor Göktürk Tüysüzoğlunun müəllifi olduğu "Rusiya-Türkiyə əlaqələri: Yüksək səviyyəli strateji rəqabət" yazısı Ankara-Moskva münasibətlərinə kifayət qədər aydınlıq gətirir.
Müəllif hesab edir ki, demokratiya baxımından zəif, amma iqtisadi baxımdan inkişaf edən, qlobal bir oyunçu görüntüsü qazanan Rusiya ilə qurulacaq yaxşı münasibətlər Türkiyənin siyasi və iqtisadi inkişafında da əhəmiyyətli rol oynaya bilər. Bununla belə qeyd olunur ki, Türkiyənin NATO üzvü olması ilə iki ölkə tarixindən qaynaqlanan regional rəqabət Türkiyə-Rusiya əlaqələrinin strateji ortaqlıq səviyyəsinə yüksəlməsinə mane olur.
Müəllif hesab edir ki, Rusiyaya görə, Türkiyə Avrasiya, xüsusən də Qara dəniz hövzəsində nəzarət altında saxlanılması lazım olan bir regional rəqibdir: "Türkiyə NATO üzvüdür və AB üzvlüyünü "milli bir hədəf" olaraq mənimsəyib. Yəni, Rusiya Türkiyəni həm regional, həm də sistemsal bir rəqib hesab edir. Türkiyədə də Rusiyaya qarşı çox yaxşı hisslərin olduğunu demək olmaz. SSRİ dövründən gələn ideoloji, hərbi və siyasi qayğılar hələ də tam olaraq aradan qalxmayıb. Bu həqiqət ortada ikən, iki ölkənin "strateji" olaraq ifadə etdikləri əməkdaşlığın siyasi əməkdaşlıq səviyyəsinə çevrilməsi orta müddətli perspektivdə mümkün görünmür. Olduqca iddialı bir anlayış olan "yüksək səviyyəli strateji əməkdaşlığın" tətbiqinə çalışıldığı sektorlar isə ticarət, enerji və turizmdir. Ancaq bu sektorlar çərçivəsində də baxıldığında əməkdaşlığından qazanclı çıxan oyunçunun Rusiya
olduğu qeyd edilməlidir. 2012-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 50 milyard dollar olub. Bu rəqəmin yalnız 12-13 milyard dolları Türkiyənin Rusiyaya etdiyi ixracatın dəyəridir. Türkiyə Rusiya enerjisindən asılıdır və ticarət dövriyyəsinin təxminən yarısı enerji məhsullarının payına düşür. Türkiyə rus turistlərdən 4 milyard dollar yaxın qazanc əldə etdiyi halda Rusiyaya sərmayə qoyan Türkiyə şirkətləri 25 milyard dollar qazanc təmin ediblər. Türk şirkətlərinin Rusiyaya sərmayə qoyması, Türkiyədə daha çox adamın işsiz qalması, dövlətin vergi itkisinə uğraması və Rusiyanın öz vətəndaşlarına iş imkanı yaratması anlamına gəlir".
Yazı müəllifi Rusiyadan olan enerji asılılığının "Mavi axın-2" və "Cənub axını" layihələrindən sonra daha da artacağını bildirir. Bu layihələrin köməyi ilə Rusiyanın iqtisadi və dolayısı ilə siyasi fəaliyyətinin geniş bir coğrafi sahədə yayılaşağını vurğulayan G.Tüysüzoğlu "Akkuyu" nüvə enerjisi stansiyasının inşa olunmasından sonra nüvə enerjisinin də Rusiyadan asılı hala gələcəyini qeyd edib. "Bir ölkənin bütün enerji siyasətnin tək bir gücün hegemonluğu altında olmasının nə dərəcədə doğu addım olması isə mübahisəlidir. Göründüyü üzrə yüksək səviyyəli strateji əməkdaşlığın iqtisadi qismi daha çox Rusiyanın maraqlarına uyğun gəlir. Siyasi baxımdan da Türkiyə və Rusiyanın çox fərqli tezliklərdə olduğu deyilə bilər. Türkiyə Suriya müxalifətinin ən güclü dəstəkçilərindən biri olduğu halda, Rusiya Əsəd rəhbərliyinin ayaqda qalmasını təmin edən əsas gücdür. Türkiyənin Orta Şərq mustəvisində ən əhəmiyyətli regional rəqibi olan İran Rusiyanın bölgədəki ən əhəmiyyətli müttəfiqidir. Türkiyə "Ərəb baharı"na müsbət baxdığı halda, Rusiya "Ərəb baharı"na olduqca şübhəli yanaşır və məsafəli davranır. Rusiya Türkiyənin Cənubi Qafqazdakı regional fəaliyyətinə maneə olmağa çalışır, xüsusilə Ermənistan üzərindən və Dağlıq Qarabağ problemi oxunda Türkiyənin qarşısına daş qoymağa çalışır. Oxşar vəziyyət Türkiyənin yaxın olmaq istədiyi Orta Asiya üçün də keçərlidir. Rusiya bu bölgədəki ölkələr üzərində hazırladığı siyasi, iqtisadi və enerji siyasəti ilə Avrasiya daxilində Türkiyəyə manevr sahəsi verməyəcəyini göstərir. Bütün bunlara rəğmən Türkiyənin Rusiya və Çinin lideri olduğu və Avro-Atlantik dünyanın hegemoniyasına qarşı yaradılan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağını düşünməsi maraqlıdır", - G.Tüysüzoğlu yazır.
Müəllif hesab edir ki, Dağlıq Qarabağ probleminin ancaq Rusiyanın istədiyi zaman həll edilə biləcək kimi bir görüntünün sərgiləməsi, Türkiyənin müttəfiqi Gürcüstanın siyasi gələcəyinin və ərazi bütövlüyünün Rusiyanın əlində olması, Orta Asiya-Xəzər enerji layihələrinin Rusiya tərəfindən hər an baltalanıla biləcək bir duruşun ifadə etməsi Rusiyanın əlinin Türkiyəyə qarşı nə qədər güclü olduğunu göstərən regional dəlillərdir. "Türkiyə ilə Rusiya arasında "rəsmi" mənada olduğu yazılan yüksək səviyyəli strateji əməkdaşlığın yalnız ticarət, turizm və enerji kimi sektorlarla məhdudlaşdığını ifadə edə bilərik. Üstəlik, bu əməkdaşlıq Türkiyənin Rusiyadan olan asılılığını artırır və iqtisadi baxımdan Rusiyaya daha çox qazanc gətirir. Siyasi baxımdan isə iki ölkə əlaqələrinin strateji bir əməkdaşlıq çərçivəsində inkişafı yoxdur. Türkiyənin Şanxay Əməksdaşlıq Təşkilatına üzv olmaq istəyinin
Rusiya tərəfindən hətta qiymətləndirilməməsi belə normal bir nəticədir", - yazıda sonda qeyd olunub.
Ömər Dağlı