Putin Krımı niyə işğal etdiyini açıqladı
Putin Krımı niyə işğal etdiyini açıqladı

Kiyev separatçıları təmizləmək üçün ölkənin şərqinə yeni qüvvələr göndərir

ABŞ rus qoşunlarının Ukrayna ilə sərhəd zonasından çıxarıldığını təsdiqləyib. Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət departamentinin nümayəndəsi Mari Harf deyib.

"Qoşunların sərhəd zonasından çıxarılması davam edir, lakin bu proses gec gedir. Biz ümid edirik ki, bu, daha tez baş verəcək", - deyə o vurğulayıb.

Putin: "Yeni Ukrayna
hakimiyyəti ilə
dialoqa hazırıq"

Rusiya prezidenti Vladimir Putin Ukrayna xalqının seçiminə hörmətlə yanaşaraq yeni Ukrayna hakimiyyəti ilə dialoqa hazır olduğunu bildirib. "Mən artıq demişdim, yenidən təkrar etmək istəyirəm. Biz Ukrayna xalqının seçiminə hörmətlə yanaşırıq və ölkənin rəhbərliyi ilə işləməyə hazırıq" - deyə Putin Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroşenkonun legitimliyinin tanınması barədə sualı cavablandırarkən bildirib.
Rusiya rəhbəri Ukraynanın yeni prezidenti Petr Poroşenkonun Donbasdakı konflikti dayandırmaq imkanında olduğunu bildirib. "Bu dövlətlər arasında müharibə deyil. Hesab edirəm ki, cənab Poroşenkonun unikal şansı var: onun əlləri hələ qana batmayıb", - deyə Putin qeyd edib.
Putin bildirib ki, Poroşenko Ukraynanın cənubu və şərqi ilə birbaşa dialoqa başlaya bilər. Kreml başçısı "antiterror" əməliyyatını pisləməyi də unutmayıb. O, başçısı cənub-şərqi Ukraynada rus qoşunlarının olmadığını da deyib.

Putin Krımın işğalından da danışdı

Putin Ukraynanın Krım Muxtar Respublikasının zəbt edilməsinin səbəbini də açıqlayıb. O, Krımın Ukraynanın tərkibində Şimali Atlantik İttifaqının (NATO) bir hissəsi olmaq təhlükəsi ilə qarşılaşdığını bildirib.
Rusiya prezidenti deyib ki, Moskva Krımın Şimali Atlantika İttifaqının tərkibinə daxil olmasına icazə verə bilməzdi. Putinin fikrincə, Ukraynada hakimiyyət dəyişikliyindən sonra bu çox real görünürdü: "Bu şəraitdə icazə verə bilməzdik ki, əhalisi, əsasən, etnik ruslar olan tarixi Rusiya torpağı Şimali Atlantika İttifaqına daxil olsun. Krım sakinlərinin özləri də Rusiyanın bir hissəsi olmaq istəyirdi. Məni bağışlayın, biz başqa çür hərəkət edə bilməzdik".
Putin "Rusiya qoşunları Krımı zəbt etdi" deyən jurnalistin sözlərinə düzəliş edib: "Bu, yanlış fikirdir ki, Rusiya qoşunları Krımı zəbt edib. Rusiya qoşunları heç bir yeri zəbt etməyib. Rusiya qoşunları mövcud beynəlxalq müqaviləyə uyğun olaraq Krımda yerləşirdi. Krım sakinləri isə öz iradəsi ilə Rusiyaya qoşulmaq üçün referendum keçirdilər".
O həmçinin əlavə etdi ki, Ukrayna hesabına NATO-nun Rusiyanın sərhədlərinə mümkün yaxınlaşmasından narahatdır: "Deyək ki, Ukrayna NATO-ya qoşulur və hərbi infrastruktur Rusiya sərhədlərinə daha da yaxınlaşır. Biz buna laqeyd ola bilmərik".
Ukrayna hakimiyyəti
separatçıların
təmizlənməsini
davam etdirir

Antiterror əməliyyatlarının aparıldığı Ukraynanın şərqinə tezliklə Milli Qvardiyanın üçüncü batalyonu göndəriləcək. Bu barədə "Donetsk" batalyonunun komandiri Semyon Semençenko bildirib.
"Milli Qvardiyanın üçüncü batalyonu yaxın vaxtlarda antiterror əməliyyatlarının aparıldığı zonaya gələcək. Terrorçulara qarşı əməliyyatların tempi sürətlə artır",- batalyon komandiri Daxili İşlər Nazirliyinin saytına açıqlamasında deyib.
Qeyd edək ki, "Böyük yeddilik" ölkələrinin Brüssel sammitində Ukrayna hakimiyyətinə antiterror əməliyyatlarının davam etdirilməsi ilə bağlı çağırış səslənib. Ekspertlərin fikrincə, bu çağırış rəsmi Kiyevi daha da cəsarətləndirəcək.

Ukraynada antiterror əməliyyatlarında
yeni texnika

Ukraynanın şərqində aparılan antiterror əməliyyatlarına müasir yerli zirehli texnika cəlb ediləcək. Belə ki, ölkənin Daxili Qoşunları və Müdafiə Nazirliyi yüzlərlə "Dozor" yüngül zirehli avtomobil sifariş verib.
Daxili işlər naziri Arsen Avakov "facebook" səhifəsində antiterror əməliyyat qrupunun Ukrayna istehsalı olan çoxməqsədli "Dozor" avtomobillərindən istifadə etməyə hazırlaşdığını bildirib. O qeyd edib ki, "Dozor"lardan ağır texnikanın işləyə bilmədiyi ərazilərdə istifadə ediləcək.
Yüngül zirehli "Dozor" həm gecə, həm də gündüz 2 kilometrə qədər məsafədə yerləşən hədəfi vura bilir.
Ölkənin şərqindəki vəziyyətə gəlincə, Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk "facebook" səhifəsində ötən günlərlə müqayisədə dünənki gecənin nisbətən sakit keçdiyini yazıb. Yalnız Luqansk vilayətində terrorçular Ukrayna hərbçilərinin iki blokpostunu atəşə tutub. Heç bir tərəfdən itkinin olmadığı bildirilir.

ABŞ Ukraynaya
görə təkləndi

Belçikanın paytaxtı Brüsselə toplaşan "Böyük yeddilik" (G7) ölkələri Rusiyaya qarşı sanksiyaların qəbulunu təxirə salıblar. Bu barədə Almaniya kansleri Angela Merkel G7 liderlərinin keçirdiyi mətbuat konfransında deyib.
Bununla belə, Ukraynada vəziyyətin daha da pisləşəcəyi halda sanksiyaların qəbulu istisna edilmir. "Qərb Ukraynanın şərqində vəziyyətin inkişafını daim izləyir. Biz Ukraynada vəziyyətin daha da gərginləşməsinə icazə verə bilmirik. Əgər biz bu məsələdə irəliləyiş görməsək, daha sərt sanksiyaların tətbiqi üçün düyməyə basılacaq. Biz Normandiyada Rusiya Federasiyası prezidenti ilə qarşıdakı görüşdə ona Ukraynada vəziyyətin normallaşdırılmasının vacibliyi haqqında siqnal göndərmək niyyətindəyik. Əgər bu mümkün olmazsa, gələcəkdə sanksiyaların üçüncü mərhələsinin tətbiqi imkanını yenidən müzakirə edəcəyik",- A.Merkel bildirib.
Fransa prezidenti Fransua Olland isə söyləyib ki, "Mistral" hərbi gəmilərinin Rusiyaya çatdırılması məhz yeni sanksiyalarla bağlıdır: "Fransa öz müqaviləsini yerinə yetirəcək. Biz gəmilərin vaxtında Rusiyaya çatdırılmaması üçün əsas görmürük. Ümumavropa iqtisadi sanksiyaların qəbul ediləcəyi halda isə bir başqa vəziyyət yaranacaq. Amma digər halda Fransa öz öhdəliklərini yerinə yetirəcək".
Xatırladaq ki, G7 sammiti Belçika paytaxtında dünən başlayıb. G7 sammiti 17 il ərzində ilk dəfədir ki, Rusiyasız keçirilir. G8 formatında sammit Soçidə keçirilməli olsa da Krımdakı referendumdan sonra "yeddilər" Soçiyə getməkdən imtina etdilər.

NATO-nun Ukraynaya
dəstəyi Moskvanı
əlavə tədbirlər
görməyə vadar edir

"Ukrayna böhranı səbəbi ilə Şərqi Avropada yüksələn təzyiq Qara dənizdə suların isinməsinə səbəb olub. Birləşmiş Ştatlar və Fransaya məxsus döyüş gəmilərinin Qara dənizdə lövbər salmasından sonra İtaliyan kəşfiyyat gəmisi Elettra da Qara dənizə yan alıb". Bu barədə olaylar.az saytındakı analitik yazıda bəhs edilir. Yazının davamını təqdim edirik:
"Hazırda Qara dənizdə Fransa donanmasına aid Surcouf döyüş gəmisi ilə Birləşmiş Ştatlara məxsus Vella Gulf öz funksiyasını yerinə yetirir. Vella Gulf aprel ayının sonunda Qara dənizi tərk edən USS Donald Cook döyüş gəmisinin yerini almışdı. Hələ o zaman rəsmi Pentaqon, Donald Cookun Qara dənizdə olduğu müddət ərzində Rusiyaya məxsus döyüş təyyarəsi Su-24-lərin gəmi üzərində alçaq uçuş həyata keçirdiyini, Amerikan hərbiyyəsini təxribata çəkdiyini iddia etmişdi. Rusiya Xarici İşlər Nazirliyi isə buna cavab olaraq USS Taylor döyüş gəmisinin Qara dənizdə olma müddətinin Montrö sazişinə ziddiyyət təşkil etdiyini, bu səbəbdən Rusiya döyüş təyyarələrinin xəbərdarlıq uçuşu həyata keçirdiyini bəyanlamışdı. Kremlin iddiasına əsasən USS Taylor döyüş gəmisinin Qara dənizdə olma müddəti sözügedən sazişdə nəzərdə tutulan 21 günü keçdiyindən amerikan gəmisi ərazini tərk etməli idi. Lakin Rusiyanın bu istəyinin Birləşmiş Ştatlar tərəfindən həyata keçirilməməsi Moskvanı Türkiyə və NATO-ya xəbərdarlıq etmək məcburiyyətində qoymuşdu.
Bu arada İtaliyaya məxsus gəminin isə iyunun 15-də boğazlardan keçərək Qara dənizə çatacağı bildirilir. İtaliyaya məxsus kəşfiyyat döyüş gəmisində inkişaf etmiş elektronik kəşfiyyat qurğuları və 27 fərqli formatda elektron sistem var. 1000 metrə qədər dərinlikdə sulara qərq ola biləcək gəmidə 100-ə qədər dənizçi və kəşfiyyat texniki də qulluq edir.
Rusiya isə Qara dənizdə davamlı təhlükəsizlik üçün müşahidə uçuşlarını intensivləşdirməkdədir. Paralel olaraq Rusiya Hərbi Hava Qüvvələrinə məxsus strateji döyüş təyyarələri də Qara dənizdə yeni yoxlama uçuşu həyata keçirməkdədir. Lakin rəsmi Moskva yoxlama uçuşlarının Ukrayna böhranı ilə əlaqəli olmadığını isbat etməyə çalışır. Rusiyanın hərbi çevrələri iddia edirlər ki, bu ölkəyə məxsus Su-24 döyüş təyyarələrinin Qara dəniz üzərində uçuşu yeni pilotlar üçün təlim məqsədi daşıyır. Paralel olaraq Rusiya Ukraynada heç bir rus əsgərinin olmadığını da sübut etməyə çalışır. Ötən gün Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukraynada bir dənə də olsun rus əsgəri yoxdur. Əslində, Kremlin rəhbərinin bu fikirlərinin həqiqətdən kənar olduğunu bilməyən yoxdur. İstər okeanın o tayı, istərsə də Avropada hər kəsə bəllidir ki, Rusiya Krımı işğal etdikdən sonra Ukraynanın digər ərazilərinə müdaxiləyə, təxribat və silahlı insdentlərə başlayıb. Sadəcə Kreml rəhbərinin belə bir qeyri-səmimi açıqlama verməsi NATO-da Ukraynaya hərbi dəstəklə bağlı məsləhətləşmələrin aparılmasıdır. Xarici kütləvi informasiya vasitələrinin də verdiyi xəbərə görə, NATO Ukraynaya dəstək hazırlığına start verib. Kiyevə hərbi dəstək məsələsi NATO -Ukrayna Şurasının toplantısında müzakirə edilib. Hərbi Alyansın Ukraynaya istiqamətlənən dəstəyini artırmaq və yeni bir çərçivədə əməkdaşlığın prioritetlərini ələ almaq üçün NATO Müdafiə Nazirləri toplantısı daxilində təşkil edilən NATO-Ukrayna Şurasında NATO-nun Kiyevə dəstək paketi hazırlığı bildirilib. Dəstək paketində əsasən NATO-nun Ukraynaya müdafiə sektorundakı islahatlara dəstək məqsədli addımlar atacağı qeyd edilir. Bir müddət əvvəl Ukrayna NATO-dan hava hücumundan müdafiə məqsədli silah istəsə də, ancaq Hərbi Alyansın Kiyevi təmin edəcəyi dəstəkdə silah yardımı əksini tapmayıb.
NATO-Ukrayna Şurasından əvvəl kütləvi informasiya vasitələrinə açıqlama verən NATO-nun baş katibi Anders Fogh Rasmussen Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə yönəlik dəstəklərinin bundan sonra da davam edəcəyini söyləyib. Həmçinin baş katib Rusiyadan Ukrayna sərhəddindəki silahlı güclərini qısa zamanda geri çəkməyi tələb edib. Ukraynanın NATO-nun uzun müddətli aktiv tərəfdaşı olduğunu vurğulayan Rasmussen suveren, sabit və demokratik bir Ukraynanın Avropa -Atlantika bölgəsinin təhlükəsizliyi baxımından çox əhəmiyyətli olduğunu deyib".

Kənan Rzaquliyev