Əbülfəs Qarayev tənqidlərdən sonra hərəkətə keçdi
08:29 11-06-2014
CƏMİYYƏT
Əbülfəs Qarayev tənqidlərdən sonra hərəkətə keçdi
Mədəniyyət və turizm naziri niyə bu dəfə çox sərt danışdı?
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev uzun fasilədən sonra ölkənin turizm sektorundakı problemlər barədə danışıb. Nazir bu sektorda fəaliyyət göstərən müəssisələrə hətta hədə dolu ismarıc göndərməyi də unutmayıb.
Gəlin əvvəlcə Qarayevin açıqlamaları ilə tanış olaq. Nazir deyib ki, bu gün Azərbaycana gələn turistlərə, qonaqlara xidmət göstərən hər bir müəssisə mütləq qanun çərçivəsində çalışmalıdır: "Ona görə də lisenziyalaşdırma mütləq amildir və lisenziyaları olmayan təşkilatlar nə dövlət tərəfindən dəstəklənəcək, nə də onların fəaliyyətinə icazə veriləcək".
Nazirin sözlərinə görə, ötən ilə nisbətən 2014-cü ilin ilk yarısında Azərbaycana gələnlərin sayında stabillik müşahidə olunub: "Biz deyə bilmərik ki, bu yarım ildə hansısa böyük sıçrayış, 20-30% artım olub. Təxminən 2-3% artım mövcuddur ki, bu da təbii prosesdir. Bizim əsas məqsədimiz gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmaq və bütün müəssisələrin qanunvericiliyə uyğunlaşdırılmasından ibarətdir. Elan etmişik ki, Olimpiya Oyunları zamanı Azərbaycanda fəaliyyət göstərən hotellər lisenziyasız fəaliyyət göstərə bilməyəcəklər. Bu proses davam edir və bu iş nəinki Bakıdakı, eləcə də bütün regionlardakı müəssisələrə şamil olunacaq".
Ə.Qarayev həmçinin qeyd edib ki, xüsusi hüquq əsasında mütəmadi olaraq turizm obyektlərində monitorinq keçirilir: "Mövsüm qabağı və mövsüm zamanı monitorinqlərin keçirilməsi davam etdiriləcək. Turizm müəssisələrində insanlara göstərilən xidmətlər kifayət qədər normal olmasa, standartlara cavab verməsə, onlar barəsində müvafiq ölçülər götürüləcək. Bu monitorinq həm də qabaqlayıcı prosesdir. Bu, imkan verir ki, hansısa nöqsanlar, çatışmazlıqlar varsa, həmin müəssisələrə onları düzəltməyə kömək edək. Biz onlara vaxt veririk. Kim öhdəsindən gəlsə, çatışmazlıqları aradan qaldırsa, qoy canla-başla işləsin".
Nazir bildirib ki, son illər ölkədəki turizm obyektlərində qiymətlərin artması müşahidə olunmayıb: "Biz qəti deyə bilərik ki, son 3 ildə Azərbaycanda turizm müəssisələrində qiymətlərin artması müşahidə olunmur. Biz 4 il bundan qabaq bir il ərzində, rəqabət nəticəsində qiymətlərin aşağı salınmasına nail olduq. Bundan sonra artım olmayıb, yəni qiymətlər stabildir. Bu gün Azərbaycanda hər bir təbəqəyə, imkanlara uyğun olaraq xidmətlər əldə etmək olar. Bu gün Azərbaycanın bəzi yerlərində səhər yeməkləri də daxil olmaqla, 25-30 manata hotellər, kempinqlər var. Eyni zamanda, qiyməti 200-300 manata olanlar da var. Bu çeşidlilik mövcuddur, olmalıdır. Hər kəs öz asudə vaxtını cibinə görə uyğunlaşdırmalıdır".
Əbülfəs Qarayevin belə sərt açıqlamalarla, xəbərdarlıq mesajları ilə çıxış etməsi təsadüfi sayılmır. Belə ki, son vaxtlar onun nazirliyi turizm sektorunda müsbət, ciddi dəyişikliklər yarada bilməməkdə qınanılır. Bunun əvəzində isə Mədəniyyət və Turizm Nazirliyi rəqəmləri şişirtməkdə günahlandırılır.
Məsələn, bildirilir ki, son rəqəmlərə əsaslansaq, Azərbaycana gələn xarici turistlərin sayı ildə orta hesabla 5-6% artır. Lakin bu da şişirdilmiş rəqəmdir. Belə ki, Dövlət Statistika Komitəsinin özünün hesabatları belə bunu təkzib edib.Sadə bir misal. İllər ərzində ölkəyə gələn turist sayını təqdim edirik: 2008 -19 288 nəfər; 2009 -17009 nəfər; 2010 - 17641 nəfər; 2011- 18840 nəfər; 2012 - 23 440 nəfər.
Nazirin məhz bu cür artan tənqidlər, ittihamlar sonrası danışmağa başlaması onun da turizm sektorunun mövcud durumu ilə bağlı narahatlığını göstərir. Ehtimal etmək olar ki, Əbülfəs Qarayev belə vəziyyətin onun postuna təhlükə yarada biləcəyini düşündüyü üçün turizm sahəsindəki durumu müəyyən qədər də olsa müsbətə dəyişmək üçün cəhdlər etmək fikrindədir. Onun buna nail olub-olmayacağını isə zaman göstərəcək.
Amma hər halda əvvəlki illərin təcrübəsi optimist olmaq üçün əsas vermir. Hər halda yaşayıb görərik.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-29 16:09:22
2024-12-29 15:55:33
2024-12-29 15:16:00
2024-12-29 15:07:07
2024-12-29 15:06:00
2024-12-29 14:56:27
2024-12-29 14:55:20
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00