Azərbaycanda dövlət idarələri vakant yerlərin siyahısını gizlədirmi?
Azərbaycanda dövlət idarələri vakant yerlərin siyahısını gizlədirmi?

Dövlət qulluğuna elan edilmiş məsləhətçi, baş məsləhətçi və bu kimi vakant yerlərin öz sahibini tapa bilməməsinin ilginc səbəbi

Prezident yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının sədri Bəhram Xəlilov dövlət qulluğuna qəbulda rast gəlinən neqativ hallarla bağlı açıqlaması xeyli müzakirə doğurub.
Xatırladaq ki, B. Xəlilov konkret ad çəkməsə də, dövlət idarələrində vakat yerlərin gizlədilməsi hallarından danışıb.
Ümumiyyətlə, dövlət idarələrinin vakant yerləri gizlətməsindən başqa, dövlət qulluğuna qəbulda şöbə müdiri, aparat rəhbəri, müdir müavini kimi vəzifələrin müsabiqəyə çıxarılması da nadir hadisə sayılır. Dövlət qulluğuna qəbulda gözümüzün öyrəşdiyi bir neçə vəzifə var ki, bunlar da məsləhətçi, baş məsləhətçi, ən yüksək halda sektor müdiri olur. Bu isə çox vaxt yüksək vəzifələrdə işləmiş və müəyyən səbəblərdən işi tərk etmiş işsizləri qane etmir. Ən son nəticədə isə dövlət qulluğuna elan edilmiş məsləhətçi, baş məsləhətçi və bu kimi vakant yerlər öz sahibini tapa bilmir.
modern.az-a açıqlamasında Komissiyasının mətbuat xidmətinin rəhbəri Asəf Əliyev deyib ki, iki il öncəyə kimi vakant yerlərin gizlədilməsi halları baş versə də son illər belə hallara rast gəlmək mümkün deyil. Komissiya sözçüsü qanuna edilən dəyişiklikdən sonra dövlət idarələrinə vakant yerlərlə bağlı məlumat verilməsi üçün müəyyən vaxtın qoyulduğunu bildirdi. "Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif etdik. Qəbul olunan dəyişikliklərdən sonra dövlət qurumlarına 1 ay müddətində vaxt verildi ki, vakant yerlərin siyahısını Komissiyaya təqdim etsinlər. Artıq vakant vəzifə yarandığı andan 1 ay müddətində müvafiq dövlət orqanı onu Komissiyaya təqdim etməlidir ki, bu vakant vəzifə boşdur. Bununla yanaşı, dövlət orqanının rəhbərliyi boş qalmış vəzifənin müsahibə və ya müsabiqə yolu ilə tutulmasını müəyyən edir. Onların seçimi əsasında həmin vakant yer müsahibəyə və ya müsahibəyə çıxarılır".
Dövlət orqanlarında boş qalan vəzifələrin təqdim olunmasında gecikmələr olsa da, gizlətmə hallarına rast gəlinmədiyini deyən Asəf Əliyevin sözlərinə görə, gecikmə hallarını baş verəndə məsələni reyestr vasitəsilə yoluna qoyulur. "Həmin idarə ilə əlaqə saxlayıb gecikmə ilə bağlı məlumatlandırırıq. Dövlət idarəsi vakant vəzifələrin siyahısını gecikdirmiş olsa belə, Komissiya tutulan, eləcə də boş qalan vəzifələrlə bağlı reyestrdən hesabat alır. Artıq reyestrdə hansısa vəzifə boş görünürsə onu müsabiqəyə və ya müsahibəyə çıxarır. Odur ki, Qanunvericiliyə edilən dəyişiklikdən sonra dövlət idarələrinin vakant yerləri gizlətməsi hallarına rast gəlmək mümkünsüzdür. Artıq iki ildir ki, belə hallar yoxdur".
Komissiyanın hazırda 763 vakant yer üçün müsabiqə apardığını deyən Asəf Əliyev təxminən 1000 vakant yer üçün müsahibə və müsabiqə həyata keçirildiyini söyləyib.
Qəbulda yalınız aşağı vəzifələrin elan olunması məsələsinə gəlincə, A. Əliyev bildirdi ki, Prezident yanında Dövlət Qulluğu Məsələləri Komissiyası tərəfindən yalnız 5-ci və 7-ci inzibati vəzifələrə müsabiqələr elan olunur. Onun sözlərinə görə, müdir müavini, şöbə müdiri, alin və 4-cü təsnifat vəzifələrinə dövlət idarələri özləri qulluqda yüksəliş və müsahibə elan edir.
Gültəkin Ələsgər