Bakıda ona yaxın nüfuzlu klinika bağlanacaq
10:09 26-06-2014
İQTİSADİYYAT
Bakıda ona yaxın nüfuzlu klinika bağlanacaq
Səhiyyə naziri Oqtay Şirəliyev bəzi özəl tibb müəssisələrinin arxasındakı məmurlara gücünü göstərir
Azərbaycanda səhiyyə sistemindəki problemlər barədə dəfələrlə məlumat vermişik. Oqtay Şirəliyev nazir postuna gətiriləndən sonra bu sahədə vəziyyətin düzələcəyini gözləyənlər olsa da, qısa müddətdə yanıldıqlarını anladılar.
Səhiyyə naziri indi də özəl tibb müəssisələrini təftiş etməyə başlayıb. "Unikal"ın əldə etdiyi məlumata görə, artıq ondan çox özəl klinika lisenziya ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etsə də, müsbət cavab ala bilməyib: "Bildiyiniz kimi, klinikalar Səhiyyə Nazirliyinin verdiyi müddətli lisenziyalarla işləyir. Bu il ona yaxın tanınmış özəl klinikanın lisenziya müddəti başa çatır. Ona görə də lisenziya müddətini uzatmaq üçün nazirliyə müraciət ediblər. Amma Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq şöbəyə göstəriş verib ki, müxtəlif bəhanələrlə lisenziya məsələsini uzatsınlar. Bu isə klinika sahiblərini ciddi şəkildə narahat etməyə başlayıb. Çünki elə klinika var ki, lisenziya müddəti bu ayın sonuna qədərdir. Bir -iki klinikanın isə lisenziya müddəti artıq başa çatıb. Ona görə də klinika sahibləri həddindən artıq təşvişdədirlər. Əgər qısa müddətdə həmin klinikalar lisenziya ala bilməsələr, ona yaxın tibb müəssisəsi bağlanacaq".
Məlumatlı şəxs onu da deyib ki, Oqtay Şirəliyev əsasən arxasında yüksək rütbəli məmurların dayandığı klinikalara belə problem yaradır. Müsahibimizin sözlərinə görə, nazir həmin klinikalardan hər hansı bir "xeyir" görmədiyi üçün süründürməçilik yolunu tutur. Eyni zamanda, o bununla həmin məmurlara gücünü də göstərmiş olur.
Qeyd edək ki, bir müddət öncə Bakıda bir klinikaya da lisenziya problemi yaradılmışdı. Belə ki, paytaxtın Əhmədli qəsəbəsində ("Bakı" kinoteatrının yanı) fəaliyyət göstərən "Turan" Klinikasının fəaliyyəti dayandırılıb. Belə ki, axşam saatlarında xeyli sayda polis klinikaya gələrək həkim heyətini xəstəxanadan çıxarıb. Klinikanın nə səbəbdən bağlanması işçilərə izah edilməyib. Heç bir izahat olmadan klinikanın qapısı qıfıllanıb. Səhiyyə Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən özəl "Turan" Klinikasının bağlanması xəbərini müəssisənin özündə təmirlə əlaqələndiriblər. Adının çəkilməsini istəməyən əməkdaş sayta bildirib ki, tibb müəssisəsi fəaliyyətini müvəqqəti dayandırıb: "Növbəti həftədən işə başlayacaq". Klinikanın fəaliyyətinin niyə məhz polislər tərəfindən dayandırılmasına gəlincə isə o, qəribə tərzdə cavab verib: "Polislə heç bir problemimiz yoxdur, sadəcə polislərə ehtiyac yarandığından klinikaya gəliblər".
Onu da nəzərə çatdıraq ki, N.Tusi adına Klinika, "RİYAD-RENTA" Şirkəti SURƏTİ Nigar VIT, "SAĞLAM AİLƏ MƏRKƏZİ" MMC, "GEN-LAB" MMC, "F-Təbib" MMC, "ESKULAP" MMC "Əhmədli klinikası", "Sevil-Tibb Mərkəzi" MMC, "ANKARA MEDİCAL" MMC SURƏTİ, "CELAMİG LTD" MMC, "Doktor Vidadi V.Əliyev" MMC, "Eskulap RM" MMC, "MEMORİAL KLİNİK" MMC və digərlərinin lisenziya müddəti başa çatan və başa çatmaqda olan klinikalardır.
"Səhiyyə Nazirliyi tərəfindən "Turan" klinikasına verilən lisenziyanın müddəti bitib. Nazirlik bu klinikada bəzi nöqsanlar aşkarlayıb". Bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. A.Qədirli dedi ki, nazirliyin özəl klinikalara nəzarət edən komissiyası klinikaya nöqsanların aradan qaldırılması üçün vaxt verib: "Klinika lisenziya müddətinin uzadılması üçün müraciət edə bilər. Nöqsanlar aradan qaldırılandan sonra lisenziya verilməsinə təkrar baxıla bilər". Mətbuat katibi "Turan" klinikasının lisenziya müddəti bitdiyi halda fəaliyyətini davam etdirməsinə də münasibət bildirib: "Buna görə klinika cərimə olunacaq. Səhiyyə Nazirliyi lisenziya və nöqsanlarla bağlı iradını bildirsə də klinikaya polis dəvət etməyib". Klinikadan isə sayta dedilər ki, klinika ayın 9-dan fəaliyyətə başlayacaq: "Ayın 9-dan işləyəcəyik. Klinikanın bağlanılması təmir işləri ilə bağlıdır". Klinika əməkdaşları polislərin rəhbərlik tərəfindən dəvət edildiyini söyləsələr də konkret səbəbləri açıqlamadılar: "Hər bir halda cinayət baş verməyib, dava olmayıb. Polisləri özümüz dəvət etmişik. Əlavə açıqlamamız olacaq".
Göründüyü kimi, Səhiyyə Nazirliyi klinikalara növbəti dəfə lisenziya verməmək üçün müxtəlif əsaslar gətirir. Yəni, Oqtay Şirəliyev özəl klinikaların arxasındakı şəxslərə güc nümayiş etdirmək üçün lisenziya kartından gərəyindən artıq istifadə edir. Ara yerdə həmin tibb müəssisələrində çalışan personalın böyük əksəriyyəti işsiz qalır.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53