Azərbaycanlı varlıların övladlarının fantastik lisey xərcləri
10:12 26-06-2014
İQTİSADİYYAT
Azərbaycanlı varlıların övladlarının fantastik lisey xərcləri
İllik 15-20 min manat təhsil haqqı tələb olunan məktəblərdə kimlərin övladları oxuyur?
Bakıda fəaliyyət göstərən özəl orta təhsil müəssisələri və liseylərin qiymətləri göz qamaşdırır. Söhbət elə məbləğlərdən gedir ki, o qədər illik vəsaiti ödəməyə sadəcə, vəzifəli və bizneslə məşğul olan şəxslərin gücü çatar.
Gəlin əvvəlcə belə rəqəmlərin bəziləri ilə tanış olaq. Məsələn, Azərbaycan paytaxtında fəaliyyət göstərən "Britaniya" Məktəbində illik təhsil haqları yerli və xarici müəllimlərin dərs deməsindən asılı olaraq dəyişir. Məsələn, burada 5-ci siniflər üçün yerli müəllimlərin dərs deməsi ilə əlaqədar olaraq illik təhsil haqqı 15 min, tədrisin xarici müəllimlər tərəfindən keçirilməsi ilə isə 17 min manata başa gəlir. 10-cu sinif şagirdləri üçünsə bu məbləğ 17-19 min manatdır. Bu qiymətlərə tədris, məşğələlər, kitablar, məktəb forması və idman geyiminin verilməsi daxildir. Yemək məsələsinə gəlincə isə 5-ci siniflər üçün
ödənilən məbləğə yemək daxil, 10-cu siniflər üçün isə daxil deyil. Nəqliyyat xidməti üçün isə hər şagird ildə 150 manat ödəməlidir.
"Bakı-Oksford" məktəbində illik təhsil haqları sinifdən asılı olaraq 12,300 manatla 14,500 manat arasında dəyişir. Məbləğə tədris, məşğələlər, kitablar, məktəbli formasının verilməsi və gündə üç dəfə yemək daxildir.
Ümumiyyətlə isə "Bakı-Oksford" məktəbində oxumaq təhsil metoduna uyğun dəyişir. Burada I-VI siniflər üçün beynəlxalq təhsil istiqaməti üzrə illik qiymət 14 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır. Bu xərcə geyim, yemək daxildir. VI-XII siniflər üçün isə beynəlxalq istiqamət üzrə təhsil 15 min 500, Britaniya istiqaməti üzrə isə 16 min 500 manatdır. Yuxarı siniflərdə ödənişə yemək daxil deyil. Servis xidməti isə aylıq 150 manatdır. Məktəbi bitirənlər ingilis dilini bilmə səviyyəsi haqda sertifikat, orta təhsil haqda beynəlxalq attestat və Azərbaycan Respublikasının orta təhsili haqqında attestat əldə edirlər. Məktəbdə bundan başqa, Böyük Britaniya və digər ölkələrin universitetlərinə qəbul olunmaq üçün tələbələrin hazırlıq proqramları da fəaliyyət göstərir.
Məktəbə qəbul olmaq istəyənlər ingilis dilindən test imtahanı verməlidir. Çünki burada təhsil ingilis dilindədir. Əlavə dil kimi isə şagirdin seçiminə görə ya fransız, ya da alman dili tədris olunur. İmtahandan keçə bilməyənlərə məktəb öz hazırlıq kurslarını təklif edir.
"Avropa-Azərbaycan" məktəbində illik təhsil aşağı siniflər üçün illik 7 min, yuxarı siniflər üçünsə 8 min manatdır. Bu qiymətə tədris, dərnəklər, gündə 3 dəfə yemək, məktəbli forması, ölkədaxili ekskursiyalarda iştirak daxildir. Nəqliyyat xidmətinin qiyməti isə buraya daxil deyil, 6-30 kilometr məsafəyə uyğun olaraq, nəqliyyat xidmətləri 60 manatla 120 manat arasında dəyişir.
"The International School of Azerbaijan" məktəbində təhsil hazırlıqdan başlayır. Uşağın məktəbə hazırlığı 11 min dollara başa gəlir. I sinifdən IX sinfədək isə təhsil haqqı 34 min dollardır. IX sinifdən yuxarı isə təhsil haqqı 40 min dollara yaxındır. Bu məbləğlər məktəb tərəfindən məzunun birbaşa bakalavr pilləsinə yiyələnməsi ilə əlaqələndirilir.
"Evrika" təhsil müəssisəsində illik təhsil haqqı 5000, məktəbəqədər hazırlığın illik haqqı isə 3000 manatdır. Bu ödənişə gündə bir dəfə yemək, iki dəfə çay içmək daxildir. Aylıq nəqliyyat servisi haqqı 100 manatdır.
"Erudit" təhsil kompleksi adlanan ingilis təmayüllü tam orta məktəbdə illik 5000 manat ödəniş edilməlidir. Bu məbləğə yalnız təhsil, səhər və günorta yeməyi daxildir.
"Qafqaz İbtidai Gimnaziyası"nda I sinifdən VI sinfədək illik təhsil haqqı 7 min 350 manatdır. Bu qiymətə dərslik, forma, yemək, dərnəklər daxildir. Servis haqqı üçün isə valideyn ayda 230 manat ödəməlidir.
"Atatürk liseyi"ndə təhsil almaq üçün isə il ərzində 1500 manat ödəmək lazımdır.
Gəlin etiraf edək ki, yuxarıda göstərilən rəqəmlər Azərbaycan reallığında inanılmaz dərəcədə yüksək, əksər vətəndaşlar üçün isə ümumiyyətlə, əlçatmazdır. Çoxumuz həmin rəqəmlərlə ifadə olunan pulu ancaq yuxularımızda görə bilərik.
Belə məktəblərdə övladları oxuyanlar isə əsasən biznes və bəzi məmurların övladlarıdır. Biznesmenlərin uşaqlarını belə fantastik təhsil haqqı olan liseylərdə oxutmaq imkanı hardasa başa düşüləndir. Amma ən yaxşı halda ayda cəmi 1000-2000 maaş alan məmurların illik 15-20 min manat təhsil haqqı tələb edildiyi bu cür məktəblərdə övladlarını necə oxutdurduğu maraq doğurur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53