Bəzi oliqarxların oğurluq yüz milyonları dövlətə qaytarılacaq
10:13 26-06-2014
İQTİSADİYYAT
Bəzi oliqarxların oğurluq yüz milyonları dövlətə qaytarılacaq
Azərbaycanda maliyyə amnistiyası elan edilməsi ilə bağlı önəmli gəlişmə
Uzun illərdir ki, Azərbaycanda maliyyə amnistiyası ilə bağlı gəzən söz-söhbətlər nəhayət ki öz həllini tapacaq. Belə ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov modern.az-a açıqlamasında yaxın vaxtlarda Azərbaycanda maliyyə amnistiyası olacağını bildirib.
Deputatın sözlərinə görə, bununla bağlı xüsusi qərar layihəsi hazırlanır. "Maliyyə amnistiyasının elan olunması gündəmdədir. Hətta bu yaxınlarda vergilər naziri Fazil Məmmədov da belə bir bəyanat verdi ki, xarici ölkələrdəki maliyyə Azərbaycana gətirilməsi üçün maliyyə amnistiyası həyata keçiriləcək. Təbii ki, burada söhbət qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın, həmçinin gəlirlərinin leqallaşdırılmasından gedir".
Konkret rəqəmlər söyləyə bilməyəcəyini deyən V. Əhmədov xaricə vəsait aparan, Azərbaycandan kənarda investisiya layihələri həyata keçirənlərin kifayət qədər olduğunu bildirib. "İri şirkətlər Azərbaycanda işləyir, pul qazanırlar. Həmin şirkətlərin rəhbəri kifayət qədər gəlir əldə edir, lakin vəsaitlərini Azərbaycandan kənarda xərcləyirlər. İstəyirik ki, Azərbaycanda qazanılan gəlir, Azərbaycanın daxilində qalsın".
"Unikal" xatırladır ki, Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsinin hazırlanması istiqamətində iş aparıldığını bu ilin fevralında vergilər naziri Fazil Məmmədov bəyan edib. O deyib ki, söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. F.Məmmədovun sözlərinə görə, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz. Nazirin fikrincə, bu və digər səbəblərə görə, əmlak və digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sistemini tətbiq etmək zərurəti var.
Həmin vaxt bəzi KİV-lər iddia edirdilər ki, hakimiyyət artıq bəzi məmur-oliqarxların korrupsiyasını, çirkli biznesini və bu prosesdən əldə olunan qara pulların bir hissəsinin hansısa formada ölkədəki siyasi proseslərə yönləndirilməsini durdurmağa çalışır. Maliyyə amnistiyası çərçivəsində atılacaq addımlar da həm məmur-oliqarxların çirkli biznesinə, həm də onların siyasətdə iştirakına "Stop" qoyulmasına hesablanıb.
Qeyd edək ki, hələ 2005-ci ildə Azərbaycanda "Gəlir deklarasiyası haqqında" Qanunun qəbul edilib. Amma bu qanun icra olunmayıb və məmur-oliqarxların sözügedən qanunun icrasına müqavimət göstərdikləri bildirilir. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidirlər. Bununla belə məmurların gəlir bəyannamələrinin təqdim edilməsi ilə bağlı layihə hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.F. Məmmədovun o vaxt dediklərindən isə belə məlum olurdu ki, məmurların gəlir bəyannamələri təqdim etməsinə maliyyə amnistiyasından sonra başlanılacaq.Maliyyə amnistiyasına gəlincə, bu, ilk növbədə gizli iqtisadiyyatın leqallaşdırılması anlamına gəlir. Dünya təcrübəsində bundan çox istifadə olunub. Keçmiş SSRİ ölkələrindən isə Rusiya, Qazaxıstan, Gürcüstan və Tacikistanda maliyyə amnistiyası tətbiq olunub. Gürcüstanda Saakaşvili hakimiyyətə gələndən sonra, 2004-cü ildə maliyyə amnistiyası verilib və dövlət büdcəsinə xeyli vəsait qaytarılıb.Azərbaycanda isə müəssisələrin vergi borclarının restruktruzasiyası və bağışlanması ilə bağlı bəzi aktları nəzərə almasaq, maliyyə amnistiyası tətbiq olunmayıb.
Dünya Bankının məlumatına görə, Azərbaycanda gizli iqtisadiyyat Ümum Daxili Məhsulun (ÜMD) 60 faizə qədərini təşkil edir. Ölkənin rəsmi qurumları isə gizli iqtisadiyyatın ÜDM-nin 3-5 faizini təşkil etdiyini bildirirlər.
Ekspertlərin fikrincə, maliyyə amnistiyasının tətbiqi hər il dövlət büdcəsinə milyardlarla dollar daxil olmasına imkan verər. Üstəlik bu leqallaşdırma Gürcüstan, Rusiya və digər ölkələrdə olduğu kimi müəyyən dərəcə ilə vergiyə cəlb olunmaqla həyata keçirilsə, bu gəlirləri daha da artırmaq mümkündür. İqtisadçılar deyir ki, ölkədə keçiriləcək maliyyə amnistiyasının daha uğurlu olması üçün bu, təkcə gizli iqtisadiyyatdakı dövriyyəni deyil, eyni zamanda qanunsuz yollarla əldə edilmiş əmlakı da əhatə etməlidir.Həmçinin bura ölkədən xaricə çıxarılmış kapitalın repatriasiyası və azərbaycanlıların xaricdə gizli yollarla əldə etdikləri vəsaitlərin ölkəmizdə leqallaşdırılmasını da əlavə etmək olar.Bir sözlə, artıq bəzi oliqarxların qaranlıq biznesinin önünə sədd çəkilməsinə az qalır. Onların illərlə yığdıqları milyonlar isə artıq dövlət xəzinəsinə transfer olunacaq. Bu isə, ekspertlərin də qeyd etdiyi kimi, neft gəlirlərinin azaldığı, hökumətin dövlət investisiya proqramlarını azaltmağı düşündüyü bir dövrdə vəsait çatışmazlığı problemini minimuma sala, büdcənin investisiya yükünü azalda bilər.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17