Ceyhun Osmanlıya ağır zərbə
13:32 28-06-2014
İQTİSADİYYAT
Ceyhun Osmanlıya ağır zərbə
"İrəli" İctimai Birliyinin rəhbərliyi dəyişdirildi
Azərbaycanda Fətullah gülən tərəfdarları sıradan çıxarılmaqdadır. Təhsil və media sektorunda ciddi bazaya sahiblənən Fətullah Gülən tərəfdarlarının öncə "Araz" kursları sıradan çıxarıldı, indi isə siyasi dayaqları laxladılmaqdadır. Hələ bir müddət öncə Elnur Aslanovun vəzifəsindən azad olunması sübutladı ki, Fətullah Gülən tərəfdarları siyasi dairələrdə də özlərinə yer tapa biliblər.
Buda aydın oldu ki, millət vəkili Ceyhun Osmanlının nəzarətində olan "İrəli" təşkilatı Gülən tərəfdarlarının sosial bazası rolunda iştirak edir və milyonlarla manat dəyərində pullar məhz bu təşkilat vasitəsi ilə silinib. Buna görə də gözlənilirdi ki, "İrəli" təşkilatının da fəaliyyətinə əl gəzdirilsin və bu belədə oldu. Təşkilatın qurultayı keçirildi sədri görəvinə Mirhəsən Seyidov gətirildi. Xatırladaq ki, bu şəxs millət vəkili Fuad Muradovun yaxın adamı hesab edilir və onun qarşısına qoyulan əsas vəzifə nurçuların tam olaraq sıradan çıxarılmasıdır. Bunu da qeyd edək ki, təşkilatın qurultayında Prezident Admnistrasiyasının şöbə müdiri Əli Həsənovda iştirak edib və kifayət qədər ciddi açıqlama ilə çıxış edib: "Ümid edirəm ki, bu seçkilər həyatınızda dönüş nöqtəsi olacaq və təşkilat indiyə qədər bütün gördüyü işlərə yenidən baxacaq. İrəli hər zaman kreativliyi ilə seçilib. Lakin fanatcasına heç nəyə nail olmaq olmaz. İdeyasızlıq yolverilməzdir. Gənclər nə etdikləri nəyə bağlı olduqlarının fərqində olmalıdırlar".Əli Həsənov çıxış edən İrəli üzvlərini Heydər Əliyev kursuna bir qədər biganə qalmaqda qınadı:"Heydər Əliyevin yaratdığı ən birinci institut Azərbaycan dövlətidir. Görürsünüz, bir qədər etinasızlıq etdiniz, dərhal Heydər Əliyevin yaratdığı institutlardan birinin gənclər təşkilatının rəhbəri Seymur Orucov narahatlığını ifadə etdi. Bu gün müəyyən şəbəbələr var ki, bəzi gənclər onların təsirinə düşüb, onlardan prezidentə, dövlətə qarşı istifadə edirlər. Onlardan uzaq durmayın içərilərinə girin, dialoq qurun, niyə incidiklərinin səbəblərini araşdırın. Onları inandırın ki, bu yoldan çəkinsinlər". Müşahidəçilər bildirir ki, həqiqətən də son illər "İrəli" İctimai Birliyi YAP-dan kənar siyasi kurs götürmüşdü və daha çox biznes şəbəkəsi yaratmağa meyilli idilər. Əli Həsənov da çıxışında buna toxunaraq yeni kursun olacağını bəyan etdi. Amma nurçulara qarşı savaş daha geniş sahəni əhatə edəcək. Artıq bildirilir ki, bəzi xarici ölkə səfirlikləri və diplomatik nümayəndəliklərdə nurçu əməliyyatının üçüncü dalğası başlanacaq. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərindən sonra nurçuların dövlət orqanlarından təmizlənməsi əməliyyatına start verildi. İlkin mərhələdə hüquq mühafizə orqanları tərəfindən dövlət strukturlarında yerləşdirilmiş məmurlar üzə çıxarıldı.
Bir sıra rayonlarda və Bakıda fəaliyyət göstərən nurçu yuvaları da aşkar olundu. Hətta polis şəbəkə üzvlərindən müxtəlif partlayıcı maddə aşkar edərək müsadirə etdi.
İddialara görə, həmin strukturlarda "Gülən camaatı"nın kifayət qədər agentləri var. Əməliyyatda məqsəd nurçu şəbəkəsinin üzə çıxarılmasıdır. Xarici ölkə səfirliklərində çalışan nurçuların Azərbaycanla bağlı bir sıra məlumatları gizli yollarla lazım olan obyektlərə çatdırılması barədə dəqiq faktlar olamsa da belə bir ehtimal mümkündür.
Hələ bir neçə ay bundan əvvəl "Çağ" Öyrətim İşlətmələrinin rəhbəri, türkiyəli iş adamı Ənvər Özərənin "Gülən camaatı"nın lideri Fətullah Gülənə Azərbaycanla bağlı göndərdiyi məxfi məktub təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən üzə çıxarılmışdı.
Qeyd edək ki, həmin məktubda Özərən Gülənə öz adamlarının Azərbaycanın dövlət strukturlarına yerləşdirilməsi barədə məlumat verib. Müxtəlif yollarla Azərbaycanın daxili siyasətinə sızmış nurçu şəbəkəsinin indi xarici ölkələrin diplomatik nümayəndəliklərində fəaliyyətinin olması iddiası bu halda təsdiq edilə bilər. İstənilən yolla Azərbaycan, Türkiyə və digər türk respublikalarına təxribat yolu ilə hakimiyyəti ələ keçirmək istəyən nurçu şəbəkəsi üçün xarici ölkə səfirlikləri daha məqsədəuyğun yer sayılmalıdır. Çünki bəzi Qərb dövlətlərinin Azərbaycan da daxil olmaqla digər ölkələrdə çevriliş etmək planlarının olduğu bildirilir. Əslində bunlar fakt şəklində də ortadadır. Son Ukrayna hadisələri buna bariz nümunədir. Tez-tez Avropa və Amerika mediasında da bununla bağlı kifayət qədər məlumatlar dərc edilir. Məsələn, həmin ölkələr arasında Fransa, İngiltərə, ABŞ və digər dövlətlərin adlarını çəkmək mümkündür. Nurçuların Qərb tərəfindən bu məqsədlə maliyyələşdirildiyi sirr deyil.
Bir müddət əvvəl də azərbaycanlı hüquq müdafiəçisi, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunan Leyla Yunusu ölkədən çıxarmağa cəhd edən ABŞ və Fransa səfirlikləri əslində hansı məqsədlərə xidmət etdikləri bəlli oldu. Əslində bununla iddia etmək olmaz ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirliklərində nurçu yuvası yerləşir, sadəcə olaraq bu ilkin olaraq irəli sürülən ehtimallardır. Hüquq mühafizə orqanlarının başladacağı əməliyyatlardan sonra məsələlərə aydınlıq gətiriləcək. Çox güman ki, bundan sonra fəaliyyətlərində Azərbaycan üçün təhlükəli impulslar olan səfirliklər ictimaiyyət qarşısında ifşa olunacaqlar. İndidən dəqiq proqnoz vermək çətin məsələdir, amma ilkin iddialara əsasən, şəbəkənin səfirliklərə yerləşdirdiyi agentləri arasında yüksək vəzifə tutan şəxslərin olduğu deyilir. Məsələn onların arasında 1-ci, 2-ci katib, attaşe səviyyəsində vəzifə tutanların olması iddia olunur. Başqa tərəfdən, nurçuluq ideologiyasının istənilən dövlətin təhlükəsizliyi üçün təhdid olduğu bəllidir. Ona görə də onların müxtəlif strukturlardan təmizlənməsi əməliyyatlarının aparılması təqdirəlayiq haldır. Hər halda bu dövlətin təhlükəsizliyi üçün vacib məsələlərdir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53