Bəzi məmurlar arasında "ət müharibəsi"
13:33 28-06-2014
İQTİSADİYYAT
Bəzi məmurlar arasında "ət müharibəsi"
Tikilməsi planlaşdırılan iki iri kombinat ətrafında nüfuz savaşı
Azərbaycanda qəssabxanalarla bağlı problem illərdir davam edir. Aidiyyatı qurumların sanitar-gigiyenik baxımdan əhalinin sağlamlığına təhlükə vəd edən qəssabxanalara qarşı mübarizəsinə baxmayaraq problem nəinki aradan qalxmır, hətta daha da ciddiləşir.
Bir çox qəssab yol kənarlarında sanitariya qaydalarına əməl etmədən və mənşəyi bilinməyən ətlərin kəsimi ilə məşğul olur. Paytaxt küçələrində saysız-hesabsız sallaqxanalar heç bir standarta uyğun gəlmir. Orada bir sıra qayda pozuntularına yol verilir. Artıq havalar getdikcə istiləşir. İsti havada ət tez xarab olur. Ona görə də satıcılar xarab əti də satmağa çalışır. Bundan başqa yoldan keçən avtomobillərin, avtobusların yaratdığı toz-torpaq kəsilən ətlərin üzərinə hopur. Bu da yaranacaq xəstəliklərə təkan verir. İnsanlar belə ətlərdən infeksion xəstəliklərə tutula bilər. Əksər sallaqxanalarda kanalizasiya sistemi də yoxdur. Kəsilən ətin qanı küçə boyunca axır. Bu isə həmin ərazidən keçən insanların rahatlığını pozur. Həmçinin heyvanlar azyaşlı uşaqların gözü önündə kəsilir.
Bir müddət əvvəl yaranmış problemin həlli ilə bağlı maraqlı bir təşəbbüs ortaya atılmışdı. Belə ki, Bakı şəhər Baş Baytarlıq idarəsinin rəisi Aslan Aslanov demişdi ki, yol kənarlarında, sanitar-gigiyenik şəraiti olmayan yerlərdə iri və xırda buynuzlu heyvanların kəsilməsinin qarşısını almaq indiki halda mümkün deyil. Bunun əsas səbəbi cərimələrin məbləğinin həddindən artıq aşağı olmasıdır: "Məsələn, qanunu pozaraq ət kəsimi ilə məşğul olan qəssabları 25 manata kimi cərimə etməyə ixtiyarımız var. Bu, qanunvericilikdə öz əksini tapıb. 25 manat isə çox aşağıdır. Təxminən iki kilo ətin puludur. Qanunu pozan qəssab cəriməni ödəyir, sonra yenə öz bildiyini edir. Ona görə də cərimələrin məbləği ən azı qəssabın aldığı heyvanın dəyəri qədər olmalıdır. Bununla bağlı təkliflər də etmişik. Cərimələrin miqdarı 1000 və ya 2000 min manat olsa, qəssablar qanun pozuntusuna yol verməkdən çəkinər".
Aslan Aslanovun sözlərinə görə, Kənd Təsərrufatı Nazirliyi problemi kökündən həll etmək üçün Bakının 2-3 yerində nəhəng ət kombinatlarının tikilməsini planlaşdırır. Həmin ət kambinatlarından biri paytaxtın şimal, digəri isə cənub girişində tikiləcək. Bakıda fəaliyyət göstərən bütün ət kəsimi məntəqələri tamamilə ləğv ediləcək. Rayonlardan gətirilən iri və xırda buynuzlu heyvanlar bu kambinatlara gətirilərək kəsiləcək. Daha sonra isə kəsilmiş ətlər soyuducu avtomobillərlə paytaxtda fəaliyyət göstərən mağaza və ya marketlərə çatdırılacaq.
Təşəbbüs diqqətəlayiq olsa da, bəzi iddialara görə, bu bir çox məmurların maraqlarına cavab verməyə bilər. Belə ki, ət biznesində pay sahibi olan müəyyən vəzifəli şəxslər belə təmərküzləşməyə qarşıdırlar və onlar sözügedən təşəbbüsün reallaşmasını müxtəlif yollarla əngəlləyə bilərlər. Çünki Bakıdakı ət kəsimi məntəqələrinin bir çoxu bəzi məmurların ciddi gəlir qaynaqlarından birini təşkil edir və onlar vəziyyətin müsbətə doğru dəyişməsində maraqlı deyillər. Belədə xeyli qazancdan məhrum olacaqlarını bildikləri üçün.
Gələn xəbərlər Kənd Təsərrüfatı Nazirliyinin sözügedən problemin kökündən həllində israrçı olduğunu deməyə əsas verir. Amma "ət biznesi" uğrunda nüfuz- savaşına çıxan bəzi məmurların buna asanlıqla razılaşacaqlarını söyləmək də sadəlöhvlük olardı.
Hər halda proseslərin hansı istiqamətdə cərəyan edəcəyini zaman göstərəcək. Odur ki, gözləyək.
Ancaq burası dəqiqdir ki, qeyd edilənlərin hamısı hələ ki, sözdədir, daha doğrusu planlaşdırılır. Çünki Aslan Aslanovun bildirdiyinə görə, nəhəng ət kambinatlarının nə vaxt tikilib başa çatacağı, istifadəyə veriləcəyi dəqiq bilinmir. Ona görə də paytaxt sakinləri hələ bir müddət gözləməli olacaq.
Bu isə yalnız bəzi məmurların və onların himayə etdiyi işbazların xeyrinədir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53