Bəzi rektorlara qorxulu mesaj
13:34 28-06-2014
İQTİSADİYYAT
Bəzi rektorlara qorxulu mesaj
Dövlət vəsaitlərinin talandığı ali məktəbləri gözləyə biləcək böyük təhlükə
"Büdcədən maliyyələşmə ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyulub və səlahiyyətlər artdıqca onların məsuliyyəti daha da artıb". Bunu maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, ali təhsil müəssisələrinin rəhbərliyinin sərəncamında böyük vəsaitlər mövcuddur və bunlara əvvəllər olduğu kimi Dövlət Xəzinədarlığı tərəfindən nəzarət yoxdur. Nazir qeyd edib ki, beləliklə bu nəzarət məhz ali təhsil müəssisələri tərəfindən həyata keçirilməlidir: "Burada da həm Təhsil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən metodoloji, mənəvi, kadr dəstəyinə ehtiyac duyulur. Hesab edirik ki, bir çox ali təhsil müəssisələrində mühasibatlıqla məşğul olan şəxslərin kifayət qədər hazırlığı yoxdur. Yeni sistemdə onlar özlərini o qədər də yaxşı hiss etmirlər. Maliyyə Nazirliyi tərəfindən bu mütəxəssislər üçün yenidənhazırlama kursları təşkil etməliyik. Maliyyə Nazirliyində mühasibatlıq üzrə xüsusi mərkəz fəaliyyət göstərir. Bu sahədə çalışanlar yenidənhazırlanmadan sonra xüsusi imtahan verib, attestat aldıqdan sonra fəaliyyətlə məşğul olmalıdır. Çünki söhbət böyük vəsaitlərin idarə olunmasından gedir. Təkcə baş mühasib vəzifəsi məsələsi deyil, eyni zamanda maliyyə məsələləri üzrə yüksək vəzifəli inzibati işçi olmalıdır. Prorektor səviyyəsində buna ehtiyac duyulur. Söhbət xərclərdən getmir, eyni zamanda artıq daha çox gəlirlərin əldə edilməsindən gedir."
Nazirin iradları ilə razılaşmamaq mümkün deyil. Ali məktəblərin rəhbərlərinin sərəncamında həqiqətən də kifayət qədər böyük məbləğdə pullar var və həmin pullar bir növ nəzarətsizdir. Onların necə xərclənməsi ilə bağlı ciddi şübhələr var.
Ötən illərdə ortaya çıxan bir çox faktlar belə şübhələrin əsassız olmadığını deməyə əsas verir. Məsələn, iki il əvvəl Hesablama Palatasının kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən "Təhsil" bölməsi üzrə deputat Səməd Seidovun rektoru olduğu Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olundu. Məlum oldu ki, universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğu ortaya çıxdı, bununla bağlı, Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alındı.
Başqa bir deputat Gülçöhrə Məmmədovanın rektoru olduğu Memarlıq və İnşaat Universitetində və onun nəzdində fəaliyyət göstərən İnşaat Kolleci üzrə xərc smetalarının düzgün tərtib edilmədiyi aşkar edildi. Bundan əlavə, məlum oldu ki, 2008-2009-cu tədris ilində Universitet II kateqoriyalı ali təhsil müəssisəsi olduğu halda, işçilərin əməkhaqları I kateqoriyalı ali təhsil müəssisələrinə aid edilərək ödənilib. Elmi dərəcələrə və elmi adlara, iş stajına görə, əməkhaqları düzgün hesablanmayıb. Bəzi işçilərə artıq, bəzi işçilərə isə az məvacib hesablanıb. Normativdən artıq ştat və kafedralar saxlanılmaqla, büdcədən əlavə vəsait mənimsənilib. Avtonəqliyyat vasitələrinin sürücüləri məzuniyyətdə olduqları dövrdə onların adına yanacaq silinib, təyinatdan kənar vəsaitlər xərclənib. Malların satınalıması zamanı tender keçirilmədiyi, şişirdilmiş xərclər aşkar edilib.
Beləliklə, Hesablama Palatasının auditi nəticəsində universitetin 22 min manat büdcə vəsaitini mənimsədiyi, 31,3 min manat vergidən yayındığı aşkarlanıb. Habelə 12,3 min manat dəyərində əlavə iş və xidmətlər yerinə yetirilib, 1,9 milyon manat civarında mal və invertar uçota götürülüb. Nomadan artıq 147 ştat vahidi ixtisar edilib. Ən ağır cəza tətbiqi isə universitetin 7 əməkdaşına ağır töhmə verilmək olub.
Bütün bu və digər faktlar universitet rektorlarının büdcə vəsaiti ilə təyinatı üzrə və şəffaf davranmadığı barədə narahatlıqların təsadüfi olmadığını ortaya qoyur. Maliyyə nazirinin isə məsələyə diqqəti bu istiqamətdə vəziyyətin olduqca ciddiliyini göstərir.
Nazirin açıqlamasını dövlət vəsaitlərini mənimsəyən, onu qeyri-qanuni xərcləyən, korrupsiya predmetinə çevirən universitetlərə və həmin universitetlərin rəhbərlərinə ilk sərt mesaj kimi dəyərləndirmək olar. Əgər bəzi rektorlar bu mesajı düz oxumasalar və lazımi nəticələr çıxarmasalar, onlarla bağlı gələcəkdə daha qəti addımların atılmasına start veriləcəyi şübhə doğurmur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53