İŞİD kimin layihəsidir?
13:36 28-06-2014
İQTİSADİYYAT
İŞİD kimin layihəsidir?
Yaxın Şərqdə bəzi dövlətlər tarixdən silinə, yaxud hansısa yeni dövlət meydana çıxa bilər
İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı artıq İraqın 20 faiz ərazisinə nəzarət edir və get-gedə möhkəmlənməkdədir. Nuri əl-Malikinin başçılıq etdiyi İraq höküməti İŞİD-ın öhdəsindən gəlmək iqtidarında deyil və bunu açıq bəyan edir. Maliki kömək üçün xarici ölkələrə müraciət edib. ABŞ prezidenti Barak Obama İraqda baş verənlərə görə Malikini günahlandırıb və onu istefaya çağırıb və yalnız bundan sonra İraqa hərbi yardım göstərəcəyini söyləyib.
İraqdakı kürd separatçıları İŞID-ə qarşı çıxıb və Mosul, Kərkük kimi neftlə zəngin əraziləri öz nəzarətlərində saxlamağa müvəffəq olublar. Qeyd edək ki, İŞİD təşkilatı özünün əsas məqsədinin İraq və Suriya ərazilərində dini dövlətin yaradılması olduğunu elan edib. İraq şiələri də, öz liderləri Müqtəda əs-Sədrin ətrafında birləşərək İŞİD-a qarşı mübarizəyə başlayıblar.
Görünən odur ki, Yaxın Şərqdə növbəti və daha genişmiqyaslı hərbi kampaniyaya start verilib ki, nəticə olaraq hətta regionun xəritəsində dəyişikliklər baş verə, bəzi dövlətlər tarixdən silinə, yaxud hansısa yeni dövlət meydana çıxa bilər.
Şərti olaraq "İŞİD layihəsi" adlandıra biləcəyimiz yeni kampaniya hansı regional və geosiyasi qüvvələrin planı ola bilər? Bununla bağlı iki versiyanın irəli sürülməsi mümkündür.
Birincisi, "İŞİD layihəsi"nin müəllifləri Səudiyyə Ərəbistanı - Fransa - Türkiyə üçlüsü ola bilər. Xatırlamaq yerinə düşər ki, 2013-cü ilin sonları 2014-cü ilin əvvəllərində Amerika Yaxın Şərqdə şiə dövlətlərinə qarşı təzyiq planına son qoydu. Bundan sonra, İrana qarşı sanksiyalar ləğv edildi, Suriyada Əsədə qarşı mübarizə aparan müxalifətçilərə birbaşa hərbi yardım dayandırıldı. ABŞ şiələrə qarşı təzyiqi aradan qaldırmaqla yanaşı, Yaxın Şərqdə artıq formalaşmış və güclənməkdə olan Misir-Qətər-Türkiyə üçlüsündən ibarət sünni ittifaqını darmadağın etdi. Misirdə Mursi hakimiyyətdən devrildi, Müsəlman Qardaşları təşkilatı yeni hakimiyyətin genişmiqyaslı təqibləri ilə qarşılaşdı. Türkiyədə Ərdoğana qarşı ilk öncə "Gezi Parkı" sonra isə Gülən zərbələri endirildi. Qətərin əmiri isə səhhətindən şikayətlənərək hakimiyyəti tələsik oğluna təhvil verərək təqaüdə yollandı.
Bu vəziyyət çoxdandır regional liderliyə can atan Səudiyyə kralı Abdulla üçün əlverişli fürsət oldu. Səudiyyə Ərəbistanı Suriyada müxalifətə dəstəyi davam etdirmək və başlamış işi yekunlaşdıraraq bəhrəsini özü götürmək qərarına gəlmişdi. Amerikanın dəstək verməyəcəyini anlayan Səudiyyə kralı Fransa ilə işbirliyinə girdi və Parislə milyardlarla dəyəri olan hərbi müqavilə imzalandı. Əsas tranzit ərazi kimi Türkiyənin köməyinə ehtiyac olduğu üçün isə yeni üçlü ittifaq yaradıldı. İlin əvvəlində Fransa prezidenti Ollandın əvvəlcə Səudiyyə Ərəbistanına, sonra Türkiyəyə səfəri təsadüfi deyildi. Ardınca isə Obamanın Ollandı Vaşinqtona dəvət etməsi Amerikanın narahatçılığından xəbər verirdi.
Beləliklə, Səudiyyənin maliyyə dəstəyi və artıq Misirdən sıxışdıralaq çıxardılmış Müsəlman Qardaşlarının potensialı hesabına "İŞİD layihəsi" ortalığa atıldı. Səudiyyə Ərəbistanı İŞİD-ın əli ilə Suriya və İraq ərazilərində özünə tabe olan dövlət qurmaqla birincisi İraqın zəngin neft və qaz yataqlarına nəzarəti ələ keçirir, ikincisi əsas tranzit ərazilərə yiyələnməklə Aralıq dənizinə neft və qaz borusu çəkmək istəyən digər ərəb ölkələrini özündən asılı salır və üçüncüsü, İranın Suriya və İraqdan ibarət şiə ittifaqını darmadağın etməklə regional güc olmaq şansının qarşısını alır.
Türkiyə "Yeni Osmanlı" ideyasının müasir formasını həyata keçirmək imkanı əldə edir. Faktiki Yaxın Şərqin əsas hissəsi Ankaranın nəzarətinə keçir. Eyni zamanda, Türkiyə üçün problemə çevrilən kürd separatçıları İŞİD-ın əli ilə məhv edilir. Güman ki, İŞID ilkin olaraq Türkiyə konsulluğuna nümayişkəranə hücumu əvvəlcədən planlaşdırılmışdı və məqsəd Türkiyənin bu planda iştirakı ilə bağlı ehtimalları ortadan qaldırmaq idi.
Fransa isə, silahını satmaqla iqtisadi gəlir əldə edir, eyni zamanda Yaxın Şərqdəki tarixi mövqelərini bərqərar etməyə çalışır.
İkinci versiya isə ondan ibarətdir ki, "İŞİD layihəsi" Amerikanın öz planıdır və bununla əsas məqsəd sanksiyalardan azad olmuş və Avropaya qaz satmaq haqqı qazanmış İranın güclənərək yenidən regional oyunçuya çevrilməsinin qarşısını almaqdır. ABŞ-ın İraqa köməyə tələsməməsi, və Malikini istefaya səsləməsi bunun göstəricisidir. Üstəgəl, İŞID-ın Suriyada bütün digər qüvvələrə qarşı mübarizəyə qalxması Səudiyyə-Fransa-Türkiyə üçlüsünün planlarını pozmaq niyyəti ilə bağlı ola bilər. Çünki bu üçlü Amerikanın iradəsinin ziddinə gedərək Suriya müxalifətinə dəstək verdilər. Türkiyənin konsulluğuna hücum isə xəbərdarlıq xarakteri daşıyır ki, Ankara Yaxın Şərqdə sünni ittifaqı yaratmaq fikrinə düşməsin.
Tofiq Əsgərov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53