Azərbaycanlılar evlərini niyə sığorta etdirmirlər?
13:54 28-06-2014
İQTİSADİYYAT
Azərbaycanlılar evlərini niyə sığorta etdirmirlər?
Ekspert: "İnsanların sığortaya inamsız münasibəti də bu işdə rol oynayır"
Üç il qabaq - 2012-ci ilin may ayında Zaqatalada baş vermiş zəlzələdən sonra Azərbaycanın sığorta tarixində əfsanəyə çevrilmiş bir hadisə yaddaşlarda qaldı. Zəlzələ nəticəsində evi yararsız hala düşmüş Aşağı Tala kəndinin sakini Mətanət Səmədova sığorta şikrətlərindən birindən 42 min manat aldı. Hadisədə heç bir bürokratik süründürməçilik olmadı. Sadəcə, sığorta mütəxəssisləri evə gəldilər və evin dayaq hissələrinin, otaqların daxili tərtibatının xeyli zədələnməsi, köhnə tikilini söküb əvəzinə yenisini tikməyin məqsədəuyğun olması barədə akt bağladılar.
Həmin zəlzələ zamanı Mətanət Səmədova kimi dağılmış evinə görə yetərincə sığorta pulu ala bilən ailələrin sayı bir neçə olub. Halbuki, rayonda həmin zəlzələ zamanı təxminən 3 minə yaxın ev dağılmışdı və ya yararsız hala düşmüşdü. Amma həmin evlərin sahibləri evlərini sığorta etdirmədiyindən yalnız dövlətdən verilən yardıma ümid bağlamalı olmuşdular. Dövlət isə ev başına təxminən 5-7 min pul ayırdı.
Əslində, 2012-ci ildə baş vermiş zəlzələ zamanı dövlətin ayırdığı pullar yalnız məktəblərə, xəstəxanalara, uşaq bağçalarına, yollara və digər infrastrukturların bərpasına yönəldilməli idi. Əhalinin evlərinə dəyən zərər isə sığorta şirkətləri tərəfindən ödənilməli idi. Çünki 1 il qabaq, yəni "İcbari sığortalar haqqında" qanuna 2011-ci ildə edilmiş düzəlişlərə görə, vətəndaşların evlərinin də icbari sığortalanması nəzərdə tutulurdu. Yəni qanuna görə, 2012-ci ilin əvvəlində vətəndaşlar hamısı evlərini icbari qaydada sığorta etdirməli idilər. Amma hadisə ilə yaxından tanış olan şahidlərin dediyinə görə, həmin vaxt rayonda evini sığorta etdirmişlərin sayı bir neçə nəfər olub. Onları da ev alqı-satqısı zamanı notariuslar məcbur edib. Bu da həmin şəxslərin sığorta şikrətlərindən pul almasına imkan yaratmışdı.
Qanunvericiliyə görə, evlərin sığortalanması üçün elə çətin şərtlər qoyulmayıb. Yəni daşınmaz əmlak sahibi evə mülkiyyətini bildirən istənilən sənədi (kupçanı, sərəncamı, şəhadətnaməni, MKT müqaviləsini və s.) sığorta şirkətinə təqdim etməlidir. Sığorta ödənişi isə ildə Bakı üzrə 50 manat, Gəncə, Naxçıvan və Sumqayıt üzrə 40 manat, başqa rayonlar üzrə isə 30 manat təşkil edir. Yəni obrazlı şəkildə desək, bu pula elə sözügedən bölgələr üzrə restoranda bir nəfər bir dəfə yaxşıca yeyib içə bilər. Amma həmin pulu daşınmaz əmlakın icbari sığortalanmasına sığorta haqqı kimi ödədikdə fors-major hallarda, yəni əmlak yanan zaman, partlayışdan, ildırım vurmasından, su, kanalizasiya və istilik xətti borularının sızmasından, təbii fəlakətlərdən, qasırğadan, sel və tufandan zərər görən zaman kifayət qədər böyük pul almaq olar. Özü də evlərin icbari sığortalanması halları üzrə ödənişlər Bakı şəhəri üzrə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat, digər bölgələrdə isə 15 min manatdır. Yəni ayda 30-50 manat ödəmiş vətəndaş evinin başına bir iş gəldikdə 15-25 min manata qədər pul ala bilər. Hər halda, dövlətin uzunmüddətli götür-qoydan sonra ayırdığı 5-7 min manatdan 3-4 dəfə çoxdur.
Amma bütün bunlara baxmayaraq, Zaqatala zəlzələsinin, Kür daşqınlarının acı təcrübəsini yaşamış Azərbaycanda əhali evlərin icbari sığortasına laqeyd yanaşır. Bunu statistika da sübut edir. Statistikaya görə, 2014-cü ilin yanvar-iyun aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 12,8 milyon manta sığorta haqqı yığılıb. Ölkə üzrə ailə təsərrüfatlarının sayı ilə müqayisə etdikdə, bu, çox aşağı bir göstəricidir. Təkcə 800 mindən çox evin mövcud olduğu Bakıdan yığılan sığorta haqları 40 milyon manatı keçməli idi. Ölkə üzrə 2 milyona yaxın ailə təsərrüfatının 1 milyonu kəndlərin və rayon şəhərlərinin payına düşür ki, onlar da təxminən 30 milyon manat sığorta haqqını təmin etməli idilər. Təxminən 5-6 milyon manat sığorta haqqı da Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri təmin edə bilərdi. Göründüyü kimi, fərdi evlərin və mənzillərin icbari sığortasının ölkə üzrə potensialı təxminən 75 milyon manatdır. Sığorta şirkətləri isə bunun yalnız 17 faizini təmin ediblər.
Sığorta üzrə mütəxəssis Mustafa Abbasbəyli Azərbaycan əhalisinin bu qədər yararlı bir sığorta növündən imtina etməsinin 2011-ci ildə qanuna edilmiş bu düzəlişin elə də populyar olmaması izah edir: "Əvvəllər daşınmaz əmlakın sığortası icbari deyildi, könüllü şəkildə idi. Əhalinin bu sığortadan uzaq durmasının səbəblərindən biri qanunun nisbətən yeni olmasıdır. İnsanlar da bu barədə məlumatsızdır. İnsanların sığortaya inamsız münasibəti də bu işdə rol oynayır. Əvvələr olmuş və ya qohumların, tanışların başına gəlmiş təcrübə insanlarda ehtiyat hissi yaradır. Hesab edirlər ki, sığorta onların problemini həll etməyəcək".
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq icra hakimiyyətləri yerlərdə əhalini icbari sığorta bağlamağa yönəldə bilər: "Qanunun tətbiqi ilə bağlı ölkə başçısının sərəncamı var. Orada qeyd edilir ki, qanunun icrasına nəzarəti yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bu, icbari sığortadır, edilmədikdə vətəndaşlar cərimələnməlidir. Prosesə nəzarəti yerli icra hakimiyyəti orqanları eləməlidir. Bu qanunun təbliği və yayılması üçün birinci şərt kimi icra hakimiyyəti orqanları onu tələb etməlidir. Həm də bu istiqamətdə geniş təlbiğat işa aparmaq, insanlara daha çox məlumat vermək lazımdır".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53