7 qat çempionun türmə həyatı
10:23 24-07-2014
KRİMİNAL
7 qat çempionun türmə həyatı
Canpolad hansı şairin ətini özünə yedirdib - Təfərrüat
Canpoladla bağlı o azad olunandan sonra da çox söz-söhbət oldu. Bəziləri onun tibb məntəqəsində qalmasının qorxudan irəli gəldiyini deyirdi, bəziləri isə dünya şöhrətli bir idmançının burjuy kimi yaşamağa haqqı olduğunu deyir və birincilərin ağzından vururdular.
Onun haqqında deyilənlərin heç birinə inanmırdım. Təkcə indi Allahın rəhmətinə qovuşmuş cəlilabadlı kəşfiyyatçı zabit Nizarın bir söhbəti olmuşdu ki, ona inanmışdım. Bu, Canpoladın qardaşı Nərimanın onunla görüşə gələrkən gətirdiyi sovqat bağlamasının içindən narkotik maddənin tapılması idi. Deyirdilər ki, əslində, bu, Canpoladı dolaşığa salmaq imiş. Bir saat müddətinə 3.000 dollar ödənməsə, məşhur idmançının qardaşı haqda cinayət işi açılacaq və Canpolad da "raskrutka"ya salınacaqmış. Nizar deyirdi ki, 25 dəqiqəyə 3.000 dolları gətirib Canpolada verdim. Mənə sağ ol dedi. Qardaşının işi bitdikdən sonra yenə də təşəkkür etdi və səhəri pulu qaytardı.
Onu "lomlamaq" istəyiblər
Bir də Nizar söyləyirdi ki, Canpolad bura təzə gələndə onu sındırmaq üçün "lomlamaq" istəyiblər. Axşam qaranlıqda bir neçə dustaq əllərində ling, armatur ona hücum edib və... təxminən 5 dəqiqəlik çarpışmadan sonra ling götürənlər əzik-üzük, sir-sifəti al qan içində ilk tibbi yardım alırmışlar. Canpolad çox sərrast və məntiqli adam idi. Kifayət qədər mütaliəli və özünə görə savadı vardı. Dediyim kimi, o, Tibb Universitetini bitirmişdi.
Haqqında məqalə dərc olundu
Canpoladla o çıxana qədər söhbətimiz çox oldu. Mənə hekayətini qısaca da olsa danışmışdı. Bir dəfə "olarmı sən mənim haqda geniş bir məqalə yazasan?" demişdi. Razılaşmışdım və onun haqda yazdığım yazını "Azərbaycan gəncliyi" qəzetinin baş redaktoru Azərə göndərmişdim. Yazı qəzetdə dərc olunmuşdu. Təşəkkürünü bildirmişdi:
- Sağ ol, şair, amma səndən bir xahişim də var. Sənə bir dəftər verəcəm. Orada Azərbaycanın son illər qazandığı uğurlar, Bakı-Ceyhan kəməri, idman və sair haqda qeydlərim var, bax, lazım gəlsə, əl gəzdir.
Beləliklə, onun böyük məqaləsini tamamlamaq, bəzi rəqəmləri dəqiqləşdirmək üçün birlikdə həbsxananın kitabxanasına gedir, qəzetləri vərəqləyirdik.
İlham Əliyevin diqqəti
Bir dəfə tibb məntəqəsinin həyətində çay içərkən Canpolad mənə söhbət etdi ki, o, Prezident İlham Əliyevin ən çox güvəndiyi adamlardan olub:
- Onda prezidentimiz Neft Şirkətinin vitse-prezidenti, Olimpiya Komitəsinin prezidenti idi. Mənim idmandakı uğurlarım diqqətini çəkmişdi. Mənə ev verdi, toyumu etdi. Düzdü, özü toyumda ola bilmədi. Həmin ərəfədə prezidentimiz Olimpiya Komitəsinin prezidenti kimi xarici səfərdə idi. Amma ölkənin bütün qaymaqları, nazirləri toyumda iştirak etdi. Hamısı da İlham Əliyevin toy günümü özünün təyin etməsi ilə bağlı idi. Sonradan mən bir qədər yolumu çaşdım. Ona da məruzə edirdilər. Mənə olan diqqət kəsildi. "Dostlarımı" tapdım. Onlar mənim yeməyimə tiryək qatırmışlar. Nə idisə, son vaxtlar dostlarsız darıxırdım. Sən demə, onların mənə verdikləri tiryəkin dəmi gələndə, yaxud ürəyim çırpınanda bu hal olarmış. Mən də elə bilirdim ki, "dostlarsız" darıxırmışam. Sonradan bildim və artıq çox gec idi.
Sonuncu çempionluq
Yarışlara isə qatılırdım. Axırıncı dəfə çempion olmağım isə çox çətin idi. Bədbəxtçilikdən yarımfinalda sol biləyim zədələndi. Sağ ayağım da zədəli idi. Yarımfinalı çətinliklə uddum. Finalda isə uduzacağım məlum idi. Məşqçim imtina etməmi istədi. "Yox", - dedim. Final görüşü başladı. Rəqibim erməni əsilli idmançı idi. Birinci raundda görüş onun az üstünlüyü ilə başa çatdı. İkinci raundda da o irəli idi. Arada köməkçimə işarə etdim ki, keç tualetdə malı hazırla. Elə də etdi. Fasilədə tualetə getmək adı ilə ayaqyoluna apardılar. İçəri keçib iynəni vurdum. Heç bir dəqiqə də çəkmədi geri döndüm. Və yarış başladı.
Zərbələrini saya bilmədik...
- Mən döyüşlərimin 90 faizini 3 raundda udmuşam. Belə ki, rəqiblərimlə həmişə məzələnirdim. Bu dəfə də belə oldu. Bədənimdəki bütün ağrıları unutmuşdum. Rəqibin zərbələri cansız mişenə dəyirmiş kimi mənə dəyirdi... və birdən bütün zal ayağa qalxdı. Rəqibim ayaqlarımın altında çapalayırdı. Sonradan məşqçim dedi ki, mən sənin belə döyüşməni heç görməmişdim. Zərbələrini saya bilmədik... O yazığın heç nədən xəbəri yox idi. Qəzetlər isə yenə də yazırdı: "Azərbaycan döyüşçüsü ənənəsinə sadiq qaldı. 3-cü raundda rəqibini məğlub etdi..."
Mən aldana bilmərəm ta...
Canpolad ötənlərdən danışanda həmişə qayğılanırdı: həm ona yeni bir həyat eşqi gəlirdi, həm də bədxahlarının çox olmasından gileylənirdi:
- Şair, bilmirəm bunları sənə niyə danışıram, amma düşünürəm ki, kiməsə danışmalıyam. İllərdir, buralardayam, amma heç kəsə bunları danışmamışam. Bilirsən, bəlkə də onlar bunu heç soruşmayıblar. Bəziləri yanımda hərləniblər ki, "filankəslə bir yerdə olmuşam", desinlər. Məni aldatmaq olmaz, mən aldana bilmərəm ta... Məni bir dəfə aldatdılar və budur görürsən də...
Yazıçının ətini qopardıb
özünə yedizdirir
Canpolad bir dəfə mənə kifayət qədər tanınan, həmyerlisi olan bir qələm adamının onu aldatmasından da bəhs etdi:
- O mənə yalan danışırdı. Həmişə deyirdi ki, gələcəyəm. 10.000 dollar pul vermişdim, bir kitab vardı, onu yazacaqdı. Yazmırdı, məni də pis vəziyyətə qoyurdu. Xəbər etdim ki, tutsam, ətini qopardıb özünə yedizdirəcəm. Yenə də aldatdı. Onu işlədiyi hərbi məktəbdə tutdum. Kursantların mətbəxində iri qazanın içində gizlənmişdi. Qazandan çıxarıb ətindən barmaqlarımla tutub qopartdım. Dürtdüm ağzına, dedim, ye (o adamın adını yazmıram. - F.B.)
Əldən buraxılan şans..
- Mənə bir dəfə də şans yaranmışdı. Qoşula bilərdim dəstəyə. Yəni köhnələrdə olduğu kimi qayıda bilərdim komandaya. Amma alınmadı. Sözsüz ki, günahkar özüm idim. Zəng gəldi mənə. Dedilər, təzə nömrə al, zəng edəcəyik, deyərsən. Evdən çölə çıxma. Gözlə. Elə də etdim. 2003-cü il prezident seçkilərinin startı verilmişdi. Mən də prezidentin təbliğat kampaniyasında olacaqdım. Zəng olundu. Təbliğat kampaniyasında iştirak da etdim.
Məni əymək olmaz...
Amma hiss edirdim ki, mənə əvvəlki münasibət yoxdur. Vaxtı ilə mənə hörmət göstərən məmurlar indi mənə qıraqda dayanan, sürüdən ayrı düşmüş kimi baxırdılar. Amma mən də mənəm axı, məni hələ-hələ əymək olmaz. Əyilmərəm də... amma dedi-qodu öz işini görmüşdü. Mən təzəcə isinirdim, təzəcə özümü komandanın tərkibində görürdüm. Ölkədə çox nüfuzlu bir adam rəhmətə getdi. Hüzrə mən də getdim. Prezident də orada idi və ona da başsağlığı verilirdi. Prezidentlə görüşdüm, əlini çiynimə qoydu, gülümsədi".
Canpoladın sonrakı söhbətlərindən onu öyrəndim ki, o, su gələn arxına bir də su gətirə bilmir. Gərgin məşqlər etsə də, artıq yeni dostlarla keçirdiyi xoş günlər onu bataqlığa sürükləyir. Bir neçə "razborka"da iştirak edir və həbs olunur.
Canpolad tanışlığımızın, birgə dustaq həyatımızın 3-cü ayı azadlığa çıxdı. Az keçmişdi ki, onun həmyerlisi, rejim üzrə inspektor, ədliyyə mayoru Rauf dedi ki, Canpoladı evinin qarşısında narkotik ilə tutublar.
Canpoladın sonuncu zərbəsi -
erməni mayorun ölümü
Canpolad yenidən Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə həbs olundu. Cəzasını çəkib azadlığa çıxdıqdan sonra Azərbaycanı tərk etdi. Təxminən il yarım əvvəl Rusiyaya pənah apardı. Rusiya mətbuatının yazdığına görə, Rusiyanın hansı şəhərindəsə restoranda dostları ilə oturarkən qonşu masada bir erməni ailəsi də ad günü keçirirmiş. Məclisdə olan erməni milis qonşu masada olan azərbaycanlılara - Canpoladgilə həqarət edir, onları aşağılayır və həbslə təhdid edir. Mübahisə yaranır. Canpolad erməni mayora səbirli olmağı məsləhət görür. Milis daha da qəzəblənib millətimizi təhqir edir. Rus qəzetlərinin yazdığına görə, Canpolad erməni polisinə bircə zərbə vurur. Milis anındaca dünyasını dəyişir.
Hazırda Canpolad Rusiya həbsxanasında ölüm üstündə yatır(axar.az).
Faiq Balabəyli
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16