Elman Babayev: "ƏƏSMN qarşısında əlillərin aksiyasının olması barədə məlumatların heç bir əsası yoxdur"
10:52 30-09-2014
CƏMİYYƏT
Elman Babayev: "ƏƏSMN qarşısında
əlillərin aksiyasının olması
barədə məlumatların heç bir əsası yoxdur"
"Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağı qarşısında 7 nəfər əlilliyi olan şəxsin digər sosial xidmət müəssisəsində yerləşdirilməsi məsələsi ilə bağlı müraciətlərinin ayrı-ayrı KİV-lər tərəfindən "Əlillər nazirliyin qarşısında aksiya keçirib" kimi təqdim olunması həqiqətdən uzaqdır".
Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
O bildirib ki, əvvəlki illərdə ƏƏSMN-nin tabeliyindəki sosial xidmət müəssisələrində onların təyinat profilinə uyğun olmayan şəxslərin də yerləşdirilməsi hallarına yol verilib: "Xüsusən nazirliyin müharibə və əmək əlilləri üçün pansionatı (Qocalar evi) yaşı 63-dən yuxarı tənha vətəndaşlar üçün nəzərdə tutulduğu halda bu pansionatda əvvəllər daha aşağı yaşda olan insanlar da məskunlaşdırılıb. Bu isə qanunvericiliyə zidd hallar olmaqla, həmin müəssisələrdə yaşayan insanların narazılığına da səbəb olurdu. Son vaxtlarda ƏƏSMN-nin rəhbərliyi tərəfindən sosial xidmət müəssisələrində belə halların aradan qaldırılması və onların təyinat profilinə uyğun fəaliyyətinin təşkili istiqamətində müvafiq işlərə başlanılıb. Həmin müəssisələrin təyinat profilinə uyğun olmadan məskunlaşdırılmış ümumilikdə 41 nəfər şəxs bu ilin əvvəlində ilkin mərhələdə nazirliyin Mərdəkan Müalicə Pansionatında yerləşdirilib. Lakin Mərdəkan Müalicə Pansionatının əsaslı təmirə dayandırılması səbəbindən onların oradan çıxarılması zərurəti yaranıb və onlar aidiyyatı üzrə digər sosial xidmət müəssisələrinə, o cümlədən Gəncə Ərazi Sosial Xidmət Mərkəzinə yerləşdirilməsi işləri görülüb.
Lakin onlardan 7 nəfəri sentyabrın 29-da ƏƏSMN-ə müraciət edərək, nazirliyin Gəncə Ərazi Sosial Xidmət Mərkəzində yerləşmək istəmədiklərini, oranın şəraitini bəyənmədiklərini və yalnız ƏƏSMN-nin Ramana Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası Mərkəzində, yaxud Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) yaşamaq istədiklərini tələb ediblər. Həmin şəxsləri əmək və əhalinin sosial müdafiəsi naziri İlqar Rəhimov qəbul edərək, müraciətlərini dinləyib. Onlara bildirilib ki, ƏƏSMN-nin Ramana Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiyası Mərkəzi əlilliyi olan şəxslərin daimi yaşayış yeri üçün deyil, sağlamlıq imkanları məhdud gənclərin peşə hazırlığının təşkili üçün nəzərdə tutulub. Eyni zamanda, Müharibə və əmək əlilləri üçün pansionat (Qocalar evi) isə yalnız yaşı 63-dən yuxarı şəxslər üçündür".
Elman Babayev bildirib ki, buna görə də əlilliyi olan şəxslərə onların yerləşdirilməsi üçün ƏƏSMN-nin digər sosial xidmət müəssisələri arasında seçim etmələri tövsiyə olunub: "Nazirlik tərəfindən qeyd olunan insanların seçdikləri müvafiq sosial xidmət müəssisəsində qısa müddətdə yerləşdirilməsi təmin olunacaq".
Digər Xəbərlər
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00