"Bu hesabat ABŞ-ın maraqlarına xidmət edir"
12:04 02-10-2014
CƏMİYYƏT
"Bu hesabat ABŞ-ın
maraqlarına xidmət edir"
Müşfiq Ələsgərli: "Azərbaycanda fəaliyyət göstərən, kifayət qədər nüfuzu olan heç bir ciddi QHT bu hesabatı dəstəkləmir"
"Human Rights Watch" təşkilatı bu günlərdə Azərbaycanla bağlı növbəti hesabatını açıqlayıb. Hər zaman qərəzli mövqeyi ilə seçilən bu təşkilat öz ənənəsinə sadiq qalaraq, yenə də ölkəmizdə azad səslərə qarşı davam edən "repressiya"dan, hüquq-müdafiəçilərinə, jurnalist və fəallara qarşı "təzyiqlər"dən narahatlığını dilə gətirib. QHT-lərin işini tənzimləyən qanunlara əlavə və düzəlişləri isə üçüncü sektor təmsilçilərinin fəaliyyətini məhdudlaşdıran məqamlar kimi qələmə verib. Sözügedən hesabatla bağlı fikirlərini "Kaspi"yə bölüşən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Human Rights Watch" təşkilatının Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirməsinin ilk dəfə müşahidə edilmədiyini bildirib.
Qeyd edib ki, Azərbaycan cəmiyyəti, eləcə də media bu tipli təşkilatların qərəzli hesabatlarına öyrəşmiş haldadır. O, uzun illərdir eyni prosesin getdiyini diqqətə çatdıraraq, Azərbaycanda ən yüksək inkişaf olan vaxtlarda, hətta hansısa neytral zamanlarda da onların standart mətndən ibarət bəyanatlarının səsləndirildiyini vurğulayıb: ""Human Rights Watch"ın son hesabatında heç bir qeyri-adi məsələ yoxdur. Ənənəvi qərəzli mövqeni sərgiləyirlər. Azərbaycanda qanunvericiliyində, QHT-lərlə, istərsə də KİV-lə bağlı məsələlərdə zəruri addımlar atılır. Bu zəruri addımlar qanunları sərtləşdirməyə deyil, oradakı boşluqların aradan qaldırılmasına yönəlib. Hər bir müstəqil ölkənin qanunvericiliyində bu tip addımlar obyektiv şəkildə atılır, eləcə də bizdə. Kimlərsə bunu Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə, demokratiyanın inkişafına zidd sayırsa, bu, kökündən yanlış olan fikirdir. Nə Avropa qanunvericiliyində, nə də ümumən Qərb ölkələrinin qanunvericiliyində elə bir maddə yoxdur ki, kimlərinsə qanunları pozmasına haqq qazandırılsın. Qanun qarşısında hər kəs bərabərdir. Tutduğu vəzifədən, statusundan asılı olmayaraq, hər kəs yaşadığı, fəaliyyət göstərdiyi ölkənin qanunlarına hörmətlə yanaşmağa, qanunlara riayət etməyə borcludur. Əgər kimlərsə qanunu pozursa, onlar barəsində ölçü götürülməsi elə qanunun tələbidir".
M.Ələsgərli deyib ki, Azərbaycanda QHT-lərə, jurnalistlərə qarşı repressiyadan, təzyiqdən, antidemokratik əməldən söhbət gedə bilməz: "Müəyyən təşkilatlar var ki, onlar ənənəvi qərəzli bəyanatları daim səsləndirməkdədirlər. əvvəl ehtimal edilirdi ki, bəlkə də həmin təşkilatlar bilgisizlikdən belə addım atırlar. Lakin illər keçdikcə yaşanan proseslər, müasir dövrdə müşahidə edilən məqamlar bunun tamamilə əksini göstərir. Artıq yüzlərlə fakt var ki, "Human Rights Watch" kimi təşkilatlar antiazərbaycan, qərəzli münasibəti özlərinə fəaliyyət seçiblər. Səsləndirdikləri qərəzli bəyanatlara həqiqət donu geyindirməkdən ötrü isə müəyyən bir düstur hazırlayıblar. Azərbaycanda heç kimin tanımadığı, hansısa qeyri-legitim təşkilatlar tapıb, öz bəyanatlarını əvvəlcə onların dilində səsləndirirlər. Sonradan həmin təşkilatlara istinad edərək, eyni bəyanatı özləri verirlər.
Mən qeyri-legitim təşkilatlar deyərkən, bir sədri, bir də yalnız sədrin qovluğundan ibarət olan təşkilatları nəzərdə tuturam. Belə təşkilatların nə seçkili orqanları yoxdur, nə də media qurumları tərəfindən qəbul olunmurlar. "Human Rights Watch" və digər xarici ölkə təşkilatlarının bəyanatlarına baxsaq, onların Azərbaycanda bayaq qeyd etdiyim təşkilatlara istinad etdiyini mütləq sezmək olar. Bu da təsadüfi hadisə deyil. Biz bunu görürük, ona görə də bəyan edirik ki, "Human Rights Watch" kimi təşkilatların hesabatları qeyri-obyektiv, subyektiv mülahizələrə əsaslanan, həqiqəti əks etdirməyən məlumat yığını olmaqla, yalnız ABŞ-ın hansısa maraqlarına xidmət edir. Azərbaycanda fəaliyyət göstərən, kifayət qədər nüfuzu olan heç bir ciddi QHT "Human Rights Watch"ın bu hesabatını dəstəkləmir, ona haqq qazandırmır".
Alı
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33