Mübariz Əhmədoğlu: "Serj Sarkisyanın Vatikana səfəri Ermənistanın din və dövlətçilik prizmasından iflasda olduğunu təsdiq etdi"
12:09 02-10-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "Serj Sarkisyanın Vatikana səfəri Ermənistanın din və dövlətçilik prizmasından iflasda olduğunu təsdiq etdi"
"Ermənistan prezidenti Serj Sarkisyan Vatikana sərgiyə tamaşa etmək adı ilə səfər etdi. Ən azı, səfərin rəsmi formatı belə idi. Vatikan onu rəsmən dəvət etməmişdi. Sərgiyə tamaşa zamanı antiazərbaycan və antitürkiyə fikirlər səsləndirəcəyi bəlli idi. Çünki antiazərbaycanlı və antitürk instinktlə idarə olunan toplumun ən yüksək təmsilçisi məhz S.Sarkisyandır".
Bunu açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq deyib ki, sərgidəki çıxışı zamanı Vatikandakı səfiri, kürəkəni M.Minasyanı təbliğ etməsi də başa düşüləndir: "Hər halda 2018-ci ildə onun kürəkəni Ermənistanın rəhbərliyində birinci sıralarda olacaqdır. Amma səfərin daha təsirli effektləri Roma Papası Fransisklə görüş zamanı baş verdi".
M.Əhmədoğlunun sözlərinə görə, bu görüş barədə Vatikanın mətbuat xidmətinin yaydığı məlumatda ermənilər üçün hədsiz paradoksal mövzu var: "Vatikan xristianlığın erməni xalqının inkişafındakı rolunu ön plana çıxardı. Bu mövzuda üç prinsipial məqam var. Əvvəla, Vatikan bildirir ki, minilliklər boyu Ön Asiya kimi mürəkkəb regionda erməni xalqının mövcud olmağının əsas səbəbi onların xristian olmasıdır. Başqa sözlə, ermənilərlə eyni dövrdə yaşamış xalqların, etnosların böyük əksəriyyəti assimilyasiya olunub və ya məhv edilərək aradan qaldırılıb. Ermənilər isə xristian adını üstünə götürməklə Qərb xristianlığının himayəsini qazanıb və bu da onları assimilyasiyadan və ya məhv olmaqdan xilas edib. Bir az da dəqiq desək, ermənilər xristianlığın inkişafında heç bir rola malik olmayıblar, amma xristianlıq ermənilərin mövcudluğunda həlledici faktordur. İkincisi, Vatikan ermənilərin "Ermənistan xristianlığı ilk qəbul edən dövlətdir" tezisini rədd edir, saxta hesab edir. Heç bir zaman, heç bir Vatikan rəsmisi ermənilərin xristianlığı qəbul edən ilk dövlət olması tezisini işlətməyib, hətta onların iştirakı olan yerdə belə bu tezisinin işlənməsinə icazə verilmir. Ermənistan prezidentinin mətbuat xidmətinin S.Sarkisyanın Roma Papası Fransisklə görüşü barədə yaydığı məlumatda da rəsmi Yerevanın xristianlıqla bağlı standart klişelərindən istifadə edilmir. S.Sarkisyanın mətbuat xidməti başa düşüb ki, Vatikan ermənilərin xristian mövzusunda saxtakarlığına dözməyəcək. Üçüncüsü, Roma Papası Fransisk S.Sarkisyanla görüş zamanı "erməni soyqırımı" terminini işlətmədi. Yaxınlarda Türkiyəyə səfər etməyə hazırlaşan Roma Papası Fransiskin qarşısında böyük və tarixi missiya var: Yaxın Şərqdəki xristian icmasını xilas etmək. Yaxın Şərqdəki xristianlığın xilasında Qərbin, o cümlədən Vatikanın ümid yeri yalnız Türkiyədir. Türkiyə antiişid koalisiyaya nə qədər tez qoşularsa, bu Yaxın Şərqdəki xristianlığın xilası üçün bir o qədər faydalı olacaqdır. İŞİD-lə əlaqəli proseslərin bir ildən çox davam edəcəyini nəzərə alsaq, Roma Papasının "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində Ermənistana səfər etməsi və ya "erməni soyqırımı"nın tanınmasına dəstək verməsi qeyri-mümkündür".
Politoloqun fikrincə, S.Sarkisyanın səfəri zamanı Vatikanın erməni xristianlığına göstərdiyi münasibət indiki həssas dövrdə mühüm əhəmiyyətə malikdir. Ola bilər, Vatikan S.Sarkisyanın xristian şarlatanlığının qarşısının alınmasında maraqlıdır: "Roma Papası Fransisk və Vatikanın digər rəsmiləri S.Sarkisyanla görüşlərdə Dağlıq Qarabağ mövzusunda erməniləri qane edən mövqe nümayiş etdirmədilər. Bu da ermənilərə böyük zərbədir. S.Sarkisyan Vatikanın dövlət katibi Petro Parolinə Dağlıq Qarabağ tənzimlənməsindəki ölçülüb-biçilmiş mövqeyinə görə minnətdarlıq bildirdi.
Bu səfərin Ermənistan üçün ikinci rüsvayçı tərəfi prezident S.Sarkisyanın İtaliya rəsmiləri tərəfindən qəbul edilməməsidir. İtaliyanın prezidenti, baş naziri və xarici işlər naziri S.Sarkisyanın İtaliyada olmasına zərrə qədər diqqət vermədilər. İtaliyanın xarici işlər naziri Federika Moqerininin noyabrın 1-dən Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Vəzifəli şəxsi postunda K.Eştonu əvəzləyəcəyini nəzərə alsaq, bu görüş S.Sarkisyan üçün hədsiz vacib idi. Amma İtaliyanın xarici işlər naziri S.Sarkisyanı rədd etdi. Nəzərə alınmalıdır ki, İtaliyanın xarici işlər naziri və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Vəzifəli şəxsi xanım Federika Moqerini siyasi düşüncəsinə görə antirusiya xarakterli deyil".
M.Qurbanlı hesab edir ki, S.Sarkisyanın özü, ailə üzvləri, Ermənistanın dövlət rəsmiləri və ekspertləri lazimi nəticə çıxarsınlar. Bundan artıq rüsvayçılıq ola bilməz: "Azərbaycan Prezidenti və Azərbaycanın birinci xanımı yaxınlarda İtaliyada, eləcə də Vatikanda oldular. Onlara münasibətlə Ermənistan prezidentinə qədim xristian dövləti olan İtaliyanın münasibətini müqayisə etmələri ermənilər üçün çox faydalıdır. Erməni mətbuatı Azərbaycan Prezidentinin İtaliyaya səfərinə hədsiz çox diqqət ayırmışdı. Özlərindən olmayan şeyləri uydururdular. İndi həmin mətbu orqanları da öz yazdıqları ilə, S.Sarkisyanın səfəri zamanı baş verənləri müqayisə etsinlər.
Azərbaycan Prezidenti İ.Əliyev və Heydər Əliyev Fondunun prezidenti M.Əliyevanın Ermənistan və dünya erməniliyinin saxtakarlıqları əleyhinə fəaliyyətləri, o cümlədən İtaliyaya səfərləri "erməni soyqırımı"na dünya miqyasında münasibətdə yeni keyfiyyət yaratdı. S.Sarkisyanın Vatikana səfəri həm də bunun təsdiqi oldu".
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49