Müsavat parçalanma ərəfəsinə gəlib
12:12 03-10-2014
CƏMİYYƏT
Müsavat parçalanma ərəfəsinə gəlib
Arif Hacılı ilə Qubad İbadoğlunun tərəfdarları arasındakı böhran dərinləşir
Müsavat Partiyasının qurultayından sonra qurum daxilindəki sular durulmaq bilmir. Arif Hacılı ilə Qubad İbadoğlunun tərəfdarları arasındakı dava getdikcə dərinləşir.
Başqanlığa namizəd olmuş Qubad İbadoğlu tərəfdarlarının müzakirələr zamanı münasibətləri şiddətləndirməsinə görə narahat olduğunu bildirib. "Unikal"ın xəbərinə görə, bu barədə özünün facebook səhifəsində yazan İbadoğlu onlara müzakirələrin yönünü dəyişməyi məsləhət bilib: "Son günlər sizlər arasında gedən müzakirələri izləyir və bölüşdüyünüz mövqelərə, səsləndirdiyiniz fikirlərə və eyni zamanda bir-birinizə qarşı olan münasibətlərin şiddətinə görə narahatlıq keçirirəm. Əgər Müsavatın güclənməsini və inkişafını istəyirsinizsə, müzakirələrin yönünü dəyişin, onu elə aparın ki, ondan partiyanın gələcəyinə töhfələr olsun. Siz nədən bu müzakirələrinizi Məclis seçkilərinin nəticələri üzərində qurub növbəti seçki üçün layiqli namizədlərinizi müəyyənləşdirmirsiniz. Məclis Müsavatın vitrinidir, ora ağlı, zəkası və intellekti olanların meydanıdır".
Q.İbadoğlu onu dəstəkləyənləri Məclisdə aktiv olmağa və yeni namizədlər irəli sürməyə çağırıb: "Amma son seçkilər göstərdi ki, sizlər Azərbaycanda konfliktlərin həlli, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert olan ABŞ-ın Duke Universitetinin məzunu Elxan Mehtiyevin, tanınmış iqtisadçı, vergi mütəxəssisi, keçmiş vergi naziri İsa Bağırovun, pedoqogika üzrə fəlsəfə elmlər doktoru, Azad Müəlliflər Birliyinin sərdi Məlahət Mürşüdlünün, tanınmış jurnalist Müsavatın yazarı, Elşad Paşasoyun, insan haqları müdafiəçisi Sədaqət Paşayevanın, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magisr dərəcəsini almış Müsavat Gənclər təşkilatının sədri Əhliman Abbasın, başqanlığa namizəd Tural Abbaslının və digər fədakar gənclərin və ziyalı müsavatçıların Məclisə seçilməsinə nail ola bilmədiniz. Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar ordan kənarda qalır. Bu sizi düşündürürmü? Düşünürsünüzmü Partiyanın İqtisadiyyat, Təhsil, Tibb, Təhlukəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək. Məclisin orta yaşına nəzər salmısınızmı? Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü? Məsləhətim odur ki, bir-birinizi aşağılayan yazılara son qoyasınız, Məclis barədə təhlillər aparasınız, layiqli namizədləri təqdim edəsiniz və onlara yol açasınız".
Qeyd edək ki, Qubad İbadoğlunun bəyanatına cavab gecikməyib. Belə ki, onun bəyanatı partiyadaşları tərəfindən etirazla qarşılanıb. "Unikal"ın məlumatına görə, partiya təmsilçiləri Qubad İbadoğluna cavab veriblər. Digər başqanlığa namizədin tərəfdarlarından olan Alya Yaqublu sosial şəbəkədə "Qubad İbadoglunun "dünyanı alimlər xilas eləyəcək" tezisinə qarşı bir kaç anti-tezis",- başlıqlı status yazıb: "Uzun illərin təcrübəsi göstərdi ki, nəinki bir partiyanın, bütövlükdə Azərbaycanın vitrini sayılan ziyalılar və alimlər ölkədə demokratiyanın bərqərar olması üçün çaba göstərməkdə maraqlı deyillər, əksinə, öz şəxsi maraqlarını təmin eləmək üçün hakimiyyətin yanındakı yerlərini qorumaq uğrunda özlərini şəhid eləyirlər - bu, bir. Hakimiyyətin və demokratiyanın "açarı" alimlərin əlində olsaydı, tərəqqipərvər bəşərriyyətə indiyə qədər məlum olan siyasi doktrinaların heç olmasa, yarısında ilk iş kimi Elmlər Akademiyasını və oradakı alimləri ələ keçirib onları hakimiyyətə qarşı savaşın ön cərgəsinə düzmək planı göstərilərdi - bu, iki. Uzun illər Müsavatın iqtisadiyyat komissiyasına hörmətli Qubad bəy özü rəhbərlik eləyib və məlum olduğu kimi, partiyanın hakimiyyətə qarşı mübarizəsində iştirakdan daha çox öz iqtisadi bilikləriylə qırğız xalqına yardım etməklə məşğul olub, il-on iki ay dünyanın müxtəlif ölkələrində müxtəlif seminarlarda iştirak edib. Azərbaycanın adını tanıtmaq adına görüldüyü deyilən bu işlər, əlbəttə ki, təqdirəlayiqdi, amma Müsavat Məclisində komissiya sədrlərinin böyük və məşhur alimlərdən ibarət olmasının vacibliyi tezisinə ziddi - bu, üç. Qubad bəyin Məclisə seçilməyiblər deyə dərin acıyla paylaşdığı siyahıdakı şəxslərdən ikisi - Məlahət Mürşüdlü və Əhliman Abbas Məclisə seçiliblər, Elşad Paşasoy isə ümumiyyətlə namizədliyini verməyib - bu, dörd. Məclis üzvlüyünə yetərli səs almayan digər sayğıdəyər şəxslərin nədən bu nəticəylə qarşılaşmalarının real səbəblərini araşdırmaq böyük elm adamına daha çox yaraşardı, nəinki öz məğlubiyyət acısına onları da ortaq eləmək üçün illərdi üzvü olduğu partiyanı miskin durumda göstərmək cəhdi - bu, beş. Müsavatın yeni Məclisində professorlar da var, elmlər namizədləri də və hətta vicdan məhbusları da. Üstəlik, orta savadlı adam da yoxdu o Məclisdə. Hərçənd olsaydı da, bu, eyib sayılmazdı və insanları bu şəkildə sortlara bölmək sadəcə rasizimdi - bu da altı".
Göründüyü kimi, Müsavatdakı dava hələ davam etməkdədir. Necə deyərlər, bu xəmir hələ çox su aparacaq. Ancaq bəribaşdan demək olar ki, bu mübarizə bir tərəfin məğlubiyyəti ilə nəticələnəcək. Bu da həmin tərəfin səs-küylə partiyadan getməsi olacaq. Yəni, Müsavatın parçalanması hər an mümkündür. Yaxın günlərdə belə bir hadisənin baş verməsi gözləniləndir.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22