"Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin"

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Şeyxin təbrikində deyilir:
"Bismillahir-rəhmanir-rəhim!
Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim!
Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını diləyirəm.
İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha--Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.
İslami dəyərlərə sahib duran dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı 2 gün bayram etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə həm müqqədəs Məkkeyi-mükərrəmədə, həm də ölkəmizin məscidlərində dualar edən Azərbaycan müsəlmanları ulu öndər Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac verməsini Uca Allahdan arzulayırlar.
Bu münəvvər gündə Şeyxülislam olaraq bütün dualarım Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız doğma Qarabağ torpaqlarımızın azadlığıdır. Bu əziz gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik.
Valideynlər, doğmalarla yanaşı qaçqın, köçkün, kimsəziz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.
Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala qurbanlarımızı və dualarımızı qəbul etsin! Amin!
Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!".