Bəzi oliqarxların Rəqabət Məcəlləsini "dəfn etməsi" ilə bağlı ilginc təfərrüatlar
12:18 03-10-2014
CƏMİYYƏT
Bəzi oliqarxların Rəqabət Məcəlləsini "dəfn etməsi" ilə bağlı ilginc təfərrüatlar
İlk oxunuşda qəbul olunan qanun layihəsi niyə Şahin Mustafayevin nazirliyinə geri qaytarılıb?
Azərbaycanda Rəqabət Məcəlləsinin qəbul edilməsi illərdir dalana dirənib. Qanun layihəsi ilk oxunuşda qəbul edilsə də, hələ ki, onun qüvvəyə minməsi yubanır.
Dünən isə bununla bağlı maraqlı təfərrüatlar ortaya çıxıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, baş nazirin keçmiş birinci müavini Vahid Əhmədov deputat həmkarı Əli Məsimli ilə birgə hazırladıqları qanun layihələrinin müzakirəyə çıxarılmaması ilə bağlı danışarkən bildirib ki, komitənin iclaslarında bu məsələlərə toxunulub: "Reklam haqqında" qanuna xüsusi diqqət ayırdıq. Bu layihəni Əli Məsimli ilə birgə hazırlamışıq. "Reklam haqqında" ilk qanun 1997-ci ildə qəbul olunub. Üstündən 17 il keçib. Bu müddətdə Azərbaycanın iqtisadiyyatında və siyasi həyatında çox ciddi proseslər baş verib. Bundan başqa, indi Azərbaycanda reklamın hansı vəziyyətdə olduğunu hamınız görürük. Dil və reklam mədəniyyəti baxımından çox ciddi problemlər var. Ona görə biz yeni qanun layihəsi hazırlayıb parlamentə təqdim etmişik. Keçən sessiyada bu qanun layihəsi qanunvericilik planına daxil edildi. Amma bizə qaranlıq qalan səbəblər üzündən plenar iclasın müzakirəsinə çıxarılmadı. Payız sessiyasının ilk iclasında gündəliyə salınmadığına görə Əli Məsimli bir daha bu məsələni qabartdı. İclas gedə-gedə komitənin sədri Ziyad Səmədzadə mənə yaxınlaşıb dedi ki, sizi təbrik edirəm. Onun dediyinə görə, "Reklam haqqında" qanun layihəsi gündəliyə salınıb. "Rəqabət Məcəlləsi"nə gəldikdə, biz artıq 10 ildən çoxdur belə bir qanunun qəbulunu tələb edirik. Əlbəttə, biz bunun qəbuluna israr etməklə heç də o qənaətdə deyilik ki, Azərbaycanda hər şey düzələcək, inhisarçılıq tamamilə aradan qalxacaq. Amma bu qanun qəbul olunsa, sözsüz ki, müəyyən irəliləyişlər baş verə bilər. Ən azından nisbətən aşağı səviyyələrdə sahibkarlar üçün normal rəqabət mühiti formalaşdırmaq mümkün olacaq. Eyni zamanda, bazara nəzarət mexanizmini həyata keçirə biləcək xüsusi orqan da yaradılacaq. Bu səbəbdən düşünürük ki, bu məcəllənin qəbul edilməsi Azərbaycan üçün çox vacibdir. Amma çox təəccüblüdür ki, "Rəqabət Məcəlləsi" iki oxunuşda qəbul olunsa da, təzədən geriyə, yenidən baxılması üçün İqtisadiyyat və Sənaye Nazirliyinə göndərilib. Parlamentdə iki oxunuşdan keçən qanun layihəsi hansı əsasla yenidən nazirliyə qaytarılmalıdır? Bəllidir ki, qanunu qəbul etmək istəmirlər və buna mane olan insanlar var. Bir sözlə, bu adamlar Azərbaycanda sahibkarların normal fəaliyyəti üçün şəraitin yaradılmasında maraqlı deyillər".
Deputatın fikrincə, bu fakt bəzi məmurların bizneslə məşğul olduğunun göstəricisidir: "Bizim qənaətimiz belədir ki, bu qanunun qəbuluna əngəl yaradanların əli çox uzundur. Yeri gəlmişkən, bu qanunu qəbul olunmaq üçün parlamentə cənab prezidentin təşəbbüsü ilə göndərilib. İlham Əliyevin sahibkarlığın inkişafı üçün maraqlı olması, bu məqsədlə ciddi tapşırıqlar verdiyini hamı bilir. Məhz prezidentin istəyi sayəsində Sahibkarlığa Kömək Milli Fondu yaradılıb və hər il sahibkarlara 300-400 milyon manatdan artıq vəsait verilir. Bu isə o deməkdir ki, prezidentin siyasi iradəsi və dəstəyi olsa da, müəyyən qüvvələr mane olurlar".
Komitə üzvü təhsil kreditləri ilə bağlı uzun müddətdən bəri davam edən problemə də toxunub. Qeyd edək ki, bununla bağlı qanun layihəsini də Əli Məsimli ilə birgə hazırlayıblar: "Üstündən neçə müddət keçir, ancaq bu günə kimi layihəni Milli Məclisin plenar iclaslarının gündəliyinə salmırlar. Ancaq hamı bu layihənin qəbulunun tərəfdarıdır".
Deputatın fikrincə, Təhsil Nazirliyi də onların təşəbbüsünü dəstəkləyir: "Problem yalnız banklarla bağlıdır. Banklar heç nədən çəkinmədən müqavimət göstərirlər. Düşünürlər ki, bu qanun qəbul olunsa, sonradan kreditlərin geri qaytarılmasında bir sıra problemlər ortaya çıxacaq. Banklar həm də aşağı faizlə kredit vermək istəmirlər. Amma nə zamansa bu layihə qəbul olunacaq. Mən bir neçə rektorla da bu məsələ ilə bağlı söhbət etmişəm. Onlar qanunun qəbul olunmasına razıdırlar. Hətta etiraf edirlər ki, bir çox istedadlı və potensiallı tələbələr təhsil haqqını ödəyə bilmədiklərinə görə təhsili yarımçıq qoyub getmək məcburiyyətində qalırlar".
Millət vəkilinin açıqlamaları kifayət qədər ilginc məqamlarla doludur. Aydın görünür ki, bir çox oliqarxlar özlərinin hakimiyyət daxilindəki nüfuz dairələrini və təsir imkanlarını şəxsi biznes maraqlarının qorunmasına yönəldir, bir çox önəmli qanun layihələrinin qəbul edilməsini hər vəchlə əngəlləyirlər.
Bu mənada xüsusilə Rəqabət Məcəlləsinin taleyinin 10 ilə yaxındır düyünə düşməsi heyrətamizdir. İlk oxunuşda qəbul edilən qanun layihəsinin sonradan Şahin Mustafayevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye Nazirliyinə qaytarılması, indiyədək isə hələ də nazirlikdən bu məcəllə ilə bağlı heç bir səs-səda çıxmaması aydın göstərir ki, müəyyən iri məmurlar ölkə rəhbərliyinin iradəsinə qarşı çıxaraq öz bizneslərinin təhlükəsizliyi naminə qanun layihəsini "it-bata salmaqdadırlar".
Bu vəziyyətin aradan qaldırılması zəruridir. Əks halda hətta parlament üzərində belə öz hegemoniyalarını göstərməyə başlayan bəzi oliqarxlar ucbatından Azərbaycanda iqtisadi baxımdan önəmli qanun layihələrinin qəbulunu hələ uzun müddət gözləməli olacağıq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24