Türkiyə müharibəyə qoşulur?
13:03 04-10-2014
CƏMİYYƏT
Türkiyə müharibəyə qoşulur?
Türkiyə parlamentinin oktyabrın 2-də keçirilən iclasında ölkənin silahlı qüvvələrinin 1 il müddətinə xarici ölkələrdə - Suriya və İraq istifadə olunması barədə qanun layihəsi qəbul edib. Rəcəb Tayyib Ərdoğan hökumətinin təklifi ilə irəli sürülən qanun hökumətə Türkiyə ordusunu xarici ölkələrə qarşı hərbi əməliyyatlarda istifadə etmək hüququ verir. Lakin rəsmi Ankaranın bu qərarında müəyyən qeyri-müəyyənlik sezilir. Aydındır ki, Ərdoğan Bəşər Əsədin hakimiyyətdən getməsini münaqişənin alovlandığı ilk vaxtlardan arzulayıb.
Hətta onları şəxsi düşmən kimi xarakterizə etmək olar. Bu mənada Böyük Millət Məclisinin qəbul etdiyi qanun Suriya rejimini açıq xarici müdaxilə ilə üz-üzə qoya bilər. Lakin bu müdaxiləni gerçəkləşdirmək üçün tutarlı bəhanə lazımdır. Suriya-Türkiyə münasibətlərinin xüsusilə gərgin olduğu 2012-ci ildə iki belə bəhanə Türkiyənin əlində olmuşdu.
Həmin vaxt 2012-ci il iyunun 22-də Aralıq dənizi hövzəsində Türkiyəyə məxsus RF-4E təyyarəsi vurulmuşdu. 2 pilotun həlak olduğu hadisə tərəflərin qarşılıqlı ittihamı ilə yadda qalmışdı. Həmin ilin oktyabrında isə Suriya hökumət qüvvələrinin buraxdığı səhv nəticəsində mərmilərdən biri Türkiyə ərazisinə düşmüşdü. İnsident zamanı 5 nəfər həlak olmuş, 13 nəfər isə xəsarət almışdı. Həmin vaxt Türkiyə rəhbərliyi qonşularının ünvanına sərt mesajlar səsləndirmişdilər. Hətta ölkə parlamenti o zaman da türk ordusunun 1 il müddətinə Suriyada hərbi əməliyyatlara iştirak etməsi hüququnu verən qanun qəbul etmişdilər. Lakin nüfuzlu qonşusu ilə müharibəyə girərək özünə ikinci cəbhə açmaq istəməyən Əsəd hakimiyyəti bir neçə güzəştə, o cümlədən Türkiyə ilə sərhəd 10 kilometrlik zolaqda hərbi təyyarələrinin uçuşunu qadağan etmişdi. Həmin vaxt müharibənin reallaşma perspektivlərini uzaqlaşdırmaq mümkün olsa da, bu gün Türkiyə-Suriya və Türkiyə-İraq sərhədindəki situasiya xeyli fərqlidir.
İŞİD terror təşkilatının hərbi uğurları fonunda köhnə düşmənlərin yaxınlaşması müşahidə olunmağa başlandı. Türkiyə Böyük Millət Məclisinin ötən gün qəbul etdiyi qanun ilk növbədə Əsədə qarşı deyil, İŞİD qruplaşmasına qarşı yönəlib. Prezident Ərdoğan qanunun qəbul olunmasından danışarkən, regionda terrorçu qruplaşmalara qarşı mübarizənin önəmindən danışıb. Bununla belə, Suriya hakimiyyətinin dəyişməsini də ölkəsinin prioritetlərindən biri olduğunu deyib. Lakin İŞİD qruplaşması ilə mübarizədə Türkiyə ardıcıl prinsipiallıq nümayiş etdirmir. Belə ki, İraq və Suriyada geniş ərazilər nəzarətə götürən İŞİD-ə qarşı ABŞ-ın yaratdığı beynəlxalq koalisiyaya Türkiyə qoşulmayıb. Necə ki, 2003-cü ildə Səddam Hüseynə qarşı beynəlxalq koalisiyaya yaradılan zaman Türkiyə öz quru sərhədlərindən İraqa müdaxilə etməyə icazə verməmişdi. Onda ABŞ Şimali İraq kürdlərinə bel bağlamışdı.
Məhz kürdlər Səddam Hüseyn rejiminin son günlərində Mosul, Kərkük kimi iri şəhərləri ameriklı əsgərlərin gəlişindən öncə zəbt etmişdilər. İndi də Amerika regionda İraq, Suriyada vətəndaş müharibə başlandıqdan sonra isə Suriya kürdlərinə müttəfiq kimi baxır. İŞİD təhlükəsinə qarşı istər İraq, istərsə də Suriya kürdləri əsas cəbhə rolunu oynayır. Xüsusən, son günlər dünya ictimaiyyətinin diqqəti Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Kobani şəhərinə yönəlib. Əhalisinin əksəriyyətini kürdlərin təşkil etdiyi şəhər ələ keçirilərsə, İŞİD-çilərin heç kəsə aman verməyəcəyi güman olunur. ABŞ-ın, Almaniyanın, Britaniyanın Fransanın terrorçuların mövqeyinə endirdiyi hava zərbələri belə kürdlərə yardım edə bilmir. Türkiyə kürdləri isə ölkənin Suriya ilə sərhədlərinə axışaraq könüllü kimi suriyalı soydaşlarını müdafiə etməyə cəhd edirlər. Onlar Türkiyə təhlükəsizlik qüvvələrinin onları sərhəddən buraxmamasına narazılıq edirlər. Ola bilsin ki. rəsmi Ankara Kobanidə kürd yaraqlılarının tərəfindən vuruşan PKK döyüşçülərinin mövcudluğundan narazıdır. Axı, uzun illərdir ki, Türkiyə bu hərbiləşdirilmiş təşkilatın Şimali İraqı tərk etməsinə və silahlı mübarizədən əl çəkməsinə çalışır. Lakin digər tərəfdən onlar İŞİD-in PKK-dan daha təhlükəli olduğunu da anlayırlar. Türkiyənin sərhədində radikal dini ideologiyanın hakim olduğu dövlətin yaranması gələcəkdə qeyri-stabilliyin bura da daşıya bilər. Bu mənada Türkiyə və region kürdləri müttəfiq ola bilər.
Təsadüfi deyil ki, ölkəyə sığınan 800 min suriyalı qaçqının 600 minə qədəri kürdür. Kürdlərin 130 mini son iki gündə Kobanidə gedən döyüşlərdən qaçaraq rəsmi Ankara sığınıblar. Buna görə də Türkiyənin Suriya və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlara başlaması həm bu terrorçu şəbəkənin çökməsinə, həm də regionda yeni türk-kürd birliyinin yaranması gətirib çıxardacaq. Bu ittifaq Yaxın Şərq ərəblərinin təsirinin qarşısını alacaq və Qərb üçün regionun ən etibarlı dayağı olacaq. Əsas sual Rəcəb Ərdoğan hökumətinin buna hazır olub-olmaması ilə bağlıdır.
Vüqar İsmayılov
Digər Xəbərlər
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00