Prezident İlham Əliyev Xırdalan və Masazırda olub
13:06 04-10-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev Xırdalan və Masazırda olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində inşa olunan stadionun açılışında iştirak edib.
İdmançılarımızın beynəlxalq yarışlarda fəal iştirakının təmin olunması Prezident İlham Əliyevin Azərbaycan idmanına verdiyi töhfələrin təməl prinsipini təşkil edir. Ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Bu işə Azərbaycanın bütün regionları cəlb olunub. Ölkəmizin hər yerində Olimpiya idman kompleksləri, sağlamlıq mərkəzləri tikilib istifadəyə verilir. Bu idman obyektləri dünya standartlarına cavab verməklə, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir. Bir sözlə, Azərbaycan dünya idman aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olub. Bu məsələdə Prezident İlham Əliyevin göstərdiyi səylər ölkəmizin idman aləmində də yetərincə nüfuz qazanması ilə nəticələnib.
Dövlətimizin başçısına məlumat verildi ki, Masazır qəsəbəsindəki stadion beynəlxalq standartlar nəzərə alınaraq inşa olunub və tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib. 13 min tamaşaçı yeri olan bu idman qurğusunda mətbuat, məşqçi, tibb və dopinq-test otaqları var.
Bütün bunlar bir daha təsdiqləyir ki, nəinki paytaxt Bakıda, regionlarda da müasir görkəmi ilə seçilən Olimpiya idman kompleksləri və digər idman qurğularının inşası həm də bölgələrdə beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır.
İlham Əliyev Xırdalan şəhərində musiqi məktəbinin açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev musiqi məktəbi ilə tanış oldu.
Son illərdə ölkədə mədəniyyətin inkişafına göstərilən diqqət və qayğı artıq öz bəhrəsini verməkdədir. Bu da ondan irəli gəlir ki, mədəniyyətin inkişafına göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həm Prezident İlham Əliyev, həm də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu məsələyə xüsusi diqqət və qayğı göstərirlər. Ölkəmizdə mədəniyyət xadimlərinə diqqət getdikcə artır, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Bundan əlavə, zəngin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği ilə bağlı layihələr icra olunur və bu prosesin önündə Heydər Əliyev Fondu gedir.
Son illərdə paytaxtla yanaşı, bölgələrdə yaradılan mədəniyyət ocaqları da bu sırada xüsusi yer tutur.
Yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə mədəniyyətin inkişafı istiqamətində xidmətlərinin əks olunduğu fotolar nümayiş etdirilir. Geniş sinif otaqlarının yaradıldığı məktəbdə şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait var. Bütün siniflər musiqi alətləri ilə təchiz olunub.
Müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin, konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar var. Bir sözlə, son illərdə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən irimiqyaslı işlərin tərkib hissəsi olan bu musiqi məktəbi gənclərdə musiqi zövqünün formalaşmasında xüsusi rol oynayacaq.
Prezidenti İlham Əliyev Xırdalan şəhərində yaradılan "Park Abşeron" əyləncə mərkəzinin açılışında iştirak edib.
Artıq ölkəmizin regionlarında da əhalinin istirahətinin təşkili istiqamətində mühüm layihələr həyata keçirilir. Xırdalanda yaradılan yeni "Park Abşeron" əyləncə mərkəzi də öz dizaynına, memarlıq quruluşuna görə şəhərin simasına xüsusi yaraşıq verir. İndi Xırdalan şəhərinin mənzərəsinin maraqlı elementinə çevrilən bu modern əyləncə mərkəzində yaradılan şəraitdən məqsəd ilk növbədə insanların mənalı istirahətini təşkil etmək, onlara mənəvi zövq yaşatmaqdır. Beləliklə, Xırdalan şəhərində daha bir maraqlı ticarət və istirahət məkanı bundan sonra sakinlərin istifadəsində olacaq.
Dövlətimizin başçısına məlumat verildi ki, 1400 kvadratmetr ərazisi olan əyləncə mərkəzində buz meydançası yaradılıb. Bu da həm uşaqlar, həm də gənclər üçün maraqlı istirahət imkanı yaradır. Bundan əlavə, mərkəzdə 3D sinema, kafe, 3D tir otağı, boulinq zalı fəaliyyət göstərir. Yay kafesinin də olduğu mərkəzdə yerli əhalinin və qonaqların istirahətinin təşkili üçün bütün imkanlar var.
İlham Əliyev daha sonra Xırdalan şəhərindəki Bayraq Meydanında olub.
Dövlətimizin başçısına məlumat verildi ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə 200 kvadratmetr təşkil edir. Burada müxtəlif video görüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb.
Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu gün müstəqil ölkəmizin başı üzərində dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza dövlət səviyyəsində olan ehtiramın göstəricisidir. Təsadüfi deyil ki, indi hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Dövlət atributlarına xüsusi ehtiramla yanaşan Prezident İlham Əliyev də bu məsələdə hər zaman həssas münasibətilə ilə seçilib. Odur ki, paytaxtla yanaşı, bölgələrimizdə də Bayraq meydanları salınıb. Abşeron rayonundakı Bayraq Meydanı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.
İlham Əliyev həmçinin Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
Abşeron rayonunda həyata keçirilən abadlıq işləri sırasında Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidən qurulması mühüm əhəmiyyət daşıyır. Bu da ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla bölgələrimizin daha da gözəlləşməsinə xidmət edir. Bu, bir daha təsdiqləyir ki, şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanlarının isə yenidən qurulması diqqətdən kənarda qalmır. Xırdalan şəhərinin mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkında yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub.
Dövlətimizin başçısına məlumat verildi ki, ərazisi 12 hektar olan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.
Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda aparılan yenidənqurma işləri ölkədə əhalinin istirahətinin yüksək səviyyədə təşkil olunmasının davamlı və kompleks xarakter daşıdığını təsdiqləyir.
Digər Xəbərlər
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44