Fransanın Qarabağ marağı
12:10 09-10-2014
CƏMİYYƏT
Fransanın Qarabağ marağı
Ermənistan tam siyasi blokadaya düşüb
Artıq Azərbaycan və Ermənistan prezidentlərinin Fransa görüşü dəqiqləşib və ekspertlər bu görüşdən ciddi nəticələr gözləyirlər. Ən azından ona görə ki, Fransa prezidenti regiona səfər edən zaman maraqlı açıqlama vermişdi və bu mövqe Azərbaycanın maraqlarına cavab verirdi. Belə ki, Fransa prezidenti Olland bəyan etmişdi ki, Ermənistanın Dağlıq Qarabağ probleminə yanaşması düz deyil və yeni baxış lazımdır.
Amma prezidentlərin görüşü baş tutmamışdan öncə Fransanın prosesdəki səmimiyyəti şübhə altına salındı. Səbəb isə Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi oldu. Bununla bağlı Azərbaycan XİN rəsmi bəyanatla çıxış edərək merin Dağlıq Qarabağa getməsini və Şuşa şəhəri ilə Burq Le Valans arasında "dostluq haqqında bəyanat"ın imzalanmasını pisləyib. XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsinin icraçısı Hikmət Hacıyev bəyan edib ki, M. Muryenin Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş Azərbaycan ərazilərinə səfəri qeyri-qanunidir:
"Onun bu əməli "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının qanununun pozulmasıdır. Burq Le Valans şəhərinin merinin işğal və təcavüz əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejimlə hər hansı bir sənəd imzalaması Fransanın qanunvericiliyinə və ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə də ziddir. Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin Parisdə görüşünün keçirilməsi ərəfəsində Burq Le Valans şəhərinin merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır".
H. Hacıyev deyib ki, bu səfər və xüsusilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə qeyri-leqal olaraq "dostluq haqqında bəyanat"ın imzalanması öz doğma torpaqlarından, o cümlədən Şuşa şəhərindən Ermənistanın işğal, təcavüz və etnik təmizləmə əməlləri nəticəsində didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə hörmətsizlikdir: "Marlen Murye qondarma Dağlıq Qarabağ rejimi ilə təmaslarına görə separatizm, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin təşviqində rol oynayaraq, Burq Le Valans şəhərinin sakinləri qarşısında daşıdığı məsuliyyətini dərk etməlidir. Ermənistan isə ənənələrinə sadiq qalaraq, bu kimi cılız və təxribatçı əməlləri ilə məqsədyönlü şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər vəchlə xələl gətirməyə çalışır". Ekspertlər hesab edir ki, hazırkı durumda rəsmi Paris məsələyə müdaxilə etməsə görüş baş tutmayada bilər. Bundan başqa ekspertlər hesab edir ki, Fransanın aktivləşməsinin tamam başqa səbəbi də var. Söhbət ondan gedir ki, artıq Ermənistan tam olaraq regionda təklənib və sürətlə Rusiyanın bir əyalətinə çevrilməkdədir. Düzdür öncələr Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində fəaliyyətini genişləndirmişdi və bu təşkilat vasitəsi ilə ünsiyyət problemini həll edə bilirdi. Ancaq hazırda adı çəkilən təşkilat üzvləridə Ermənistandan imtina etməkdədir. Hətta bunu Ermənistan prezidentinin özüdə etiraf edib. Belə ki, Serj Sarksyan İrəvanda KTMT-in baş katibi Nikolay Bordyuja ilə görüşündə blokun "bəzi üzvlərinin" Azərbaycanın tərəfini saxlamasından narazılığını bildirib.Sərkisyanın sözlərinə görə, KTMT daxilində həmrəyliyin olmaması Azərbaycanı cəsarətləndirir. Ermənistan prezidentinin "bəzi üzvlər" deyərkən Qazaxıstanı və Belarusu nəzərdə tutduğuna şübhə yoxdur. Başqa sözlə, Sərkisyan etiraf etmiş olur ki, Azərbaycan Ermənistanın özünə təhlükəsizlik çətiri hesab etdiyi KTMT-də də qərarların qəbuluna təsir edəcək qədər güclüdür.Bunu da yada salaq ki, Ermənistanın Gömrük Komitəsinə üzv olmasının qarşısını məhz Qazağıstanla Belorusiya almışdı. Hər iki ölkə prezidenti açıq şəkildə İlham Əliyevin mövqeyini müdafiə edərək Ermənistan prezidentini gülünc vəziyyətə salmışdılar. Bütün bunları görən Fransa isə çalışır ki, Dağlıq Qarabağ probleminin həllində müəyyən irəliləyişlər edərək Ermənistanı düşdüyü siyasi və iqtisadi blokadadan azad etsinlər. Fransa bununla həm də Rusiyanın Ermənistanda mövqelərinin zəifləməsinə çalışır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44