Müsavatda şok istefalar olacaq
11:50 11-10-2014
CƏMİYYƏT
Müsavatda şok istefalar olacaq
Arif Hacılının əleyhdarlarının kütləvi şəkildə istefa verəcəkləri planlaşdırılır
Arif Hacılının Müsavat Partiyasının başqanı seçilməsindən sonra partiya daxilində yaranan gərginlik səngimək bilmir. Əksinə, Hacılı qardaşlarının qalibiyyətdən doğan özündənrazı açıqlamalar verməsi narazılığı daha da artırıb.
Elə bu səbəbdən də Müsavat Partiyasından qurultayın nəticələrinə etiraz əlaməti olaraq, istefa verənlər baş qaldırıb. İstefa ərizələrini yazanların da əksəriyyəti Arif Hacılının əleyhdarı, Qubad İbadoğlunun tərəfdarlarıdır. Dünən Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun daha bir tərəfdarı partiyadan istefa verib.
"Unikal"ın məlumatına görə partiyanın Nəsimi Rayon Təşkilatının sədr müavini, MGT sədrliyinə keçmiş namizəd Rauf Məmmədli Müsavatdan istefa verdiyini açıqlayıb. R.Məmmədli istefasını Müsavatda ikiüzlü insanların olması ilə əlaqələndirib. "Mən Məmmədli Rauf Aydın oğlu partiyaya 2011-ci ildən qoşulmuşam. Üzv olduğum dövrdən partiyanın təşkil etdiyi bütün razılaşdırılmış və razılaşdırılmamış mitinqlərində iştirak etmişəm. İstər partiyaya gənc üzvlərin cəlb edilməsində, istərsə də partiya ideologiyasının təbliğində bacardığım qədər yaxından iştirak etmişəm. Düşünürəm ki, partiya mənə tapşırılan işlərin icra edilməsini də vaxtında həyata keçirmişəm. Hal-hazırda Nəsimi rayon təşkilatında təşkilatı məsələlər üzrə sədr müaviniyəm. Bundan öncə gənclər təşkilatında sədr müavini və gənclər təşkilatında keçirilən seçkilər zamanı sədrliyə namizəd olmuşam. Qeyd etmək istəyirəm ki, mən partiyaya şəxslərə görə gəlməmişəm. Mənim partiyaya üzv olmağımın başlıca səbəbi müsavatçılıq ideologiyasıdır. Mənim düşüncəmə əsasən biz bu ideologiyanı yaşatmalı və Rəsulzadə irsini qoruyub saxlamaqla gələcək nəsillərə ötürməliyik. Partiya üzvü olduğum illərdə mənə aydın oldu ki, müsavatçı olmaq partiyaya üzv olmaq demək deyildir. Burada üzv olduğum dönəmlərdə əqidəli əsl müsavatçılar da tanıdım, əqidəsi olmayan, özünü müsavatçı hesab edən ikiüzlü insanlar da. Bu gün mənim partiya sıralarından ayrılmama səbəb olan başlıca amil ikinci kateqoriyaya aid olan insanlardır. Bu vaxta qədər mənə etimad göstərən, dəstək olan dostlarıma öz təşəkkürümü bildirirəm və əqidəli müsavatçılara haqq yolunda uğurlar arzu edirəm", -deyə o qeyd edib. R.Məmmədli nizamnaməyə uyğun olaraq partiyanın özəyinə və rayon təşkilatının katibliyinə yazılı olaraq istefası ilə bağlı məlumat verəcəyini bildirib. İstefa verən gənc bundan sonra heç bir partiyaya üzv olmaq niyyətində olmadığını deyib.
Q.İbadoğlu publika,az-a açıqlamasında Ramil Məmmədlinin istefasına münasibət bildirib: "Rauf Məmmədli müasir dünyagörüşlü, fədakar və dəyərli gəncdir. O, bütünlüklə Müsavat partiyasına və müsavatçılıq ideyalarına bağlı idi. Müsavatçı ailəsində böyümüşdü. Onun azad fikirli olması partiyada bir çoxlarını narahat edirdi, o gənc olmasına baxmayaraq həm partiyada və həm də cəmiyyətdə müsbət dəyişikliklər üçün uzun müddət idi ki,mübarizə aparırdı. İctimai tədbirlərdə fədəkarlıq edirdi, dəfələrlə təzyiqlərə məruz qalmışdı. Onun dəyəri həm də iqtisadçı kimi peşəkar olmasındadır. Onun istefasını partiya üçün əhəmiyyətli itki kimi dəyərləndirirəm. Ramin Məmmədlini qurultaydan sonra yaranmış mühit sıxıb. Qurultayda Məclisə namizədliyini verdi, keçməyə qoymadılar. Bu gün partiyada ən acınacaqlı durumda olan və bu mühitdə özünü daha çox narahat hiss edən Rauf bəy kimi istedadlı, müasir dünyagörüşlü və azad fikirli gənclərdir. Onlar demək olar ki, bir güncə sıxılıblar".
Qeyd edək ki, bundan əvvəl Q. İbadoğlunun tərəfdarı, hüquq müdafiəçisi Samir Kazımlı Müsavatdan istefa vermişdi.
"Unikal"ın əldə etdiyi məlumata görə, Müsavatın parçalanmasının qarşısının alınması mümkün deyil. Bu barədə bizimlə söhbətində müsavatçı fəallardan biri deyib ki, İsa Qəmbərin proseslərdə izləyici mövqe tutması vəziyyəti daha da kritikləşdiri. "İsa Qəmbərin Arif Hacılını dəstəkləməsi heç kimə sirr deyil. Amma hər halda İsa Qəmbər bu partiyanın lideridir, üstəlik, növbəti prezident seçkiləri üçün namizədidir. Elə buna görə onun mövqeyini açıq şəkildə bildirməsi, narazıları sakitləşdirəcək açıqlama verməsi zəruridir. Amma haqsız mövqe olduğundan İsa Qəmbər də susmağa üstünlük verir", - deyən müsahibimizin sözlərinə görə, bütün bu səbəblərə görə də Müsavatda şok istefaların olacağı gözlənilir.
Yəqin ki, ilkin istefalar selin gətirdiyi çör-çöplərdir, iri kötüklər selin gur vaxtında ortaya çıxacaq. Proseslər də onu göstərir ki, Müsavatda Arif Hacılı və qardaşları, bir də İsa Qəmbər qalacaq.
Qərib Gyrayzadə
Digər Xəbərlər
2024-12-25 17:53:02
2024-12-25 17:34:23
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06
2024-12-25 15:10:55
2024-12-25 14:55:04
2024-12-25 14:52:45
2024-12-25 14:52:00
2024-12-25 14:43:22