
Mübariz Qurbanlının deputat səlahiyyətlərinə xitam verildi
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının deputat mandatı Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib.
Bununla bağlı məsələ MSK-nın keçirilən iclasının gündəliyinə daxil edilib.
İclasda qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunmuş M.Qurbanlı deputat mandatının ləğv edilməsi üçün ərizə ilə MSK-ya müraciət edib.
M.Qurbanlının müraciəti müzakirə edilərək onun deputat mandatının ləğv edilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə dair qərar verməlidir.