Müsavat rəsmən iki yerə bölünür
Qubad İbadoğlunun tərəfdarı anons verdi, yeni partiya yaradıla bilər
Müsavat Partiyasında kütləvi istefaların olacağını ilk olaraq, "Unikal" qəzeti məlumat vermişdi. Qəzetimizin xəbərindən bir gün sonra partiyadan kütləvi istefalar başladı.
9 nəfər birdən istefa verdi. Dünən isə Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əhliman Abbas da istefa verdi. Qeyd edək ki, Ə.Abbas Qubad İbadoğluna yaxın şəxslərdəndir. Bu barədə məbuata açıqlama verən müsavat fəalı istefasında heç kimin rolunun olmadığını inandırmağa çalışıb: "Mən kiməsə görə siyasi fəaliyyətə başlamamışam ki, kiməsə görə də istefa verəm". O, bildirib ki, Qubad İbadoğlu başqan seçilsəydi, vəziyyət bu qədər acınacaqlı olmayacaqdı və Müsavat Partiyasından ayrılmağa da səbəb qalmayacaqdı: "Əslində, bu qərarım qurultaydan bir necə gün sonra formalaşmışdı. Sadəcə tələsik addım atmamaq, vəziyyəti analiz etmək üçün bu məsələ uzandı. Vəziyyətin dəyişəcəyi ilə bağlı ümidlərin heç biri doğrulmadı və mən belə qərarı verəsi oldum".
O, Müsavatdan ayrılsa da, siyasi fəaliyyətini davam etdirəcəyini bildirib: "Siyasi fəaliyyətimi davam etdirəcəyəm. Biz siyasətə hələ yeni gəlmişik. Ölkəmizlə bağlı qarşımıza qoyduğumuz məqsədlərə çatanacan da siyasətin içində olacağam. Bunu hansı şəkildə edəcəyimiz barədə- fəaliyyətimizin forması ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq". Əhliman Abbas yeni bir partiyanın yaradılması və Ona Qubad İbadoğlunun rəhbərlik etməsi ehtimalına da toxunub: "Hal-hazırda bizim gündəmimizdə belə məsələlər yoxdur. Yeni partiyanın yaradılması ilə bağlı qərar yoxdur. Ancaq hiss etdiyim qədərilə cəmiyyətdə yeni siyasi alternativə ehtiyac var. Bu tələb cəmiyyətin həm siyasiləşmis və həm də siyasətdən kənar təbəqəsindən gəlir. Mənim şəxsi fikrimdir ki, Azərbaycan cəmiyyətinin tələblərinə cavab verəcək bir partiyaya Qubad bəy uğurla rəhbərlik edə bilər".
Məsələ ondadır ki, Müsavatda Qubad İbadoğluna xanımlar da dəstək verməyə başlayıblar. Müsavat Partiyası Qadınlar Birliyinin sədri, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarı Ellada Məmmədli qurultaydan sonra partiyada yaranmış böhranlı vəziyyətə və istefalara münasibət bildirərkən yeni rəhbərliyə sitəm edib. O bildirib ki, onlara qarşı bir komanda qurulub. E.Məmmədli partiyanın Gənclər Təşkilatının sədri Əhliman Abbasın və digər gənclərin istefasından təəssüfləndiyini söyləyib. O bildirib ki, gənclərin istefası hazırkı başqan Arif Hacılı tərəfdarlarının "Facebook" sosial şəbəkəsində yaratdıqları gizli qrupdakı yazışmalarının ortaya çıxması ilə bağlıdır: "Bu istefalardan əvvəlcədən xəbərimiz yoxdur. Onların istefaları Arif Hacılı tərəfdarlarının "Facebook"dakı gizli qrupları ilə əlaqədar olub. Həmin gizli qrupdakı yazılar gənclərə pis təsir edib".
Göründüyü kimi, vəziyyət kritikdir. Əgər bu şəkildə davam eləsə, Müsavatın rəsmən iki yerə bölünməsi uzun çəkməyəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 14:26:00

2025-02-27 14:14:54

2025-02-27 14:09:42

2025-02-27 14:06:09

2025-02-27 13:13:00

2025-02-27 12:55:52

2025-02-27 12:50:39

2025-02-27 12:50:00

2025-02-27 12:34:53

2025-02-27 12:31:21

2025-02-27 12:23:00

2025-02-27 12:18:51

2025-02-27 12:18:03
