AXCP-dən İsa Qəmbərə sərt ittiham

AXCP-dən İsa Qəmbərə sərt ittiham
Həsən Kərimov: "Milli Şuranı Rusiyanın proyekti
adlandıran adamların indi gəlib Milli Şuranın mitinqində səsləndirilən şüarları dəstəkləmələri absurddur"

"Milli Şurayanın mitinqində bu qurumda təmsil olunmayan, lakin iştirak edən hər hansı partiyanın aksiyada iştirakları ilə bağlı bəyanatları, açıqlamaları olmamışdı".
Bu fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov oktyabrın 12-də Milli Şuranın keçirdiyi mitinqinə Müsavat rəhbərliyinin qatılmasına münasibətini bildirərkən deyib.
"Milli Şuranın rəhbərliyi haradan biləydi ki, İsa Qəmbər, Arif Hacılı, yaxud da Pəhan Hüseyn mitinq iştirakçılarının arasındadır. Camaatın içində onları necə görə bilərdik ki?", - deyə qeyd edən AXCP rəsmisi həmçinin deyib ki, ümumiyyətlə, onların Milli Şuranın mitinq tribunasına dəvət edilməmələri doğru addımdır: "Digər tərəfdən, biz hesab edirik ki, hər hansı müsavatçı funksionerin, yaxud da onlara dəstək verən digər partiya rəhbərinin Milli Şuranın keçirdiyi mitinqindəki tribunaya qalxmaları qəbuledilməzdir. Yəni onların mitinq keçirən Milli Şura rəhbərliyinin yanlarına dəvət edilməmələri, salamlanmamaları doğru addımdır".
Həsən Kərimov son olaraq onu da bildirib ki, Milli Şuranı ittiham edən adamların bu kimi ittihamlarla çıxış etmələri səmimi təsir bağışlamır: "Xüsusilə, Milli Şuranı Rusiyanın proyekti adlandıran adamların indi gəlib Milli Şuranın mitinqində səsləndirilən şüarları dəstəkləmələri absurddur".
Xatırladaq ki, Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər, hazırkı başqan Arif Hacılı, başqan müavini Gülağa Aslanlı, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn oktyabrın 12-də Milli Şuranın keçirdiyi mitinqə qatılsalar da, Milli Şura rəhbərliyi onları salamlamayıb, o cümlədən, tribunaya dəvət etməyiblər. Bu olay isə Müsavat tərəfdarlarının Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimliyə ittihamları ilə nəticələnib.