Dağlıq Qarabağın Fransa üzü
12:41 16-10-2014
CƏMİYYƏT
Dağlıq Qarabağın Fransa üzü
Nəhayət ki, Qarabağ problemi münaqişəli bölgələrin müzakirəsinə salındı
Ukrayna –Rusiya qarşıdurmasından sonra hesab edilirdi ki, digər münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi tamam unudulacaq. Amma baş verənlər göstərir ki, hazırda hadisələr tam fərqli inkişaf edir. Ukrayna problemi nə qədər qabardılırsa, Dağlıq Qarabağ məsələsi ətrafında o qədər də aktivlik artır.
Bəzi ekspertlər hesab edir ki, hətta bu təhlükəli məqamdır. Çünki Dağlıq Qarabağ danışıqları ilə bağlı nəticə olmazsa siyasi gərginlik daha da artacaq və bu müharibənin başlanması ilə nəticələnəcək. Bu isə o deməkdir ki, Rusiya münaqişəyə müdaxilə etməli olacaq və bu səbəbdən də Rusiya iki cəbhədə savaşmalı olacaq. Belə hal isə Rusiyanın sadəcə məhvidir. Ekspertlər hesab edir ki, məhz buna görə də Avropa və ABŞ Dağlıq Qarabağla bağlı belə aktivlik göstərir. Amma bir məqam da var ki, Rusiya da Dağlıq Qarabağla bağlı aktivləşib və Azərbaycan –Ermənistan prezidentlərinin görüşü təşkil edildi. Rusiyanın bu təşəbbüsündən sonra isə növbə yenə Avropadadır. "Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün lazımi mühitin hazırlanmasına çalışacaq".Bu sözləri Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Erik Furnye (Eric Fournier) Ermənistanda səfərdə olarkən deyib.E. Furnye bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı Paris görüşü oktyabrın ən prioritet mövzularından biridir: "Fransa prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşdə biz tərəflər arasında qarşılıqlı inam atmosferinin yaranmasına çalışacağıq ki, danışıqlarda irəliləyiş əldə etmək mümkün olsun". Amma bir məsələdə var ki, Dağlıq Qarabağ münaqişəsi yaranandan Avropada Azərbaycana yanaşmada ikilik olub. Elə Ukrayna məsələsi ortaya çıxanda da bunun şahidi olduq. 20 ildir Dağlıq Qarabağ problemi olsa da Avropa Şurası bir dəfə də olsa Ermənistana nə xəbərdarlıq edib, nə də hansısa sanksiya tətbiq edib. Amma Ukrayna məsələsi yaranan kimi Avropa Şurası Rusiyaya embarqo tətbiq etdi. Hazırda bu proses yenə də davam edir. Belə ki, Azərbaycan diplomatları çətinliklə də olsa Dağlıq Qarabağ münaqişəsinin Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 27-ci sessiyasının plenar iclasında müzakirə olunmasına nail oldular. Strasburqda öz işinə başlamış Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin 27-ci sessiyasının plenar iclasında "Ukraynada və qonşu ölkələrdə baş verən separatçı gərginliklər" adlı məruzə dinlənəcək və mövzu ətrafında müzakirələr aparılacaq.Əvvəlcədən Konqres bu hesabatda separatçılıqdan əziyyət çəkən ölkələr kimi yalnız Ukrayna, Gürcüstan və Moldovanı göstərsə də, bu gün qurumun bürosu uzun müzakirələrdən sonra Azərbaycanın da bu sənədə daxil edilməsi haqda qərar çıxarıb. Bu haqda məlumat verən Konqresin yeni sədri Jan-Klod Frekon bildirib ki, müzakirələrə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov da dəvət olunub: "Azərbaycanın Dağlıq Qarabağ problemi var və belə bir problem varsa, biz Azərbaycan üçün bu müzakirələrin qapısını bağlamaq istəməzdik. Buna görə azərbaycanlı naziri bu müzakirələrə dəvət etmişik".
Separatçılıq meylləri haqqında danışan J. Frekon hər hansı parçalanma, regionçuluq və separatçılığın Avropa məkanı üçün müsbət hal olmadığını vurğulayıb: "Bu həm Konqresin, həm də ümumilikdə Avropa Şurasının mövqeyidir".
Qeyd edək ki, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində F. Məmmədovun Konqresin yalnız sabahkı plenar iclasında çıxışı nəzərdə tutulmuşdu. Amma büronun bu qərarından sonra F. Məmmədovun qurumun oktyabrın 16-da keçiriləcək dinləmələrdə də iştirak edəcəyi gözlənilir. Həmin müzakirələrdə Ukraynanın regional inkişaf, quruculuq, mənzil və bələdiyyə xidmətləri nazirinin müavini Vyaçeslav Nexoda, Moldova xarici işlər və Avropa quruculuğu naziri Valeriu Çiveri, Kiyev şəhər Bələdiyyələr şurasının sədri və şəhər merinin müavini Oleksi Reznikov və Gürcüstanın regional inkişaf və infrastruktur naziri Tengiz Şergelaşvili iştirak edəcəklər. Amma ekspertlər hesab edir ki, bu müzakirələrin nəticəsindən nəsə gözləmək doğru deyil. Buna görə də diqqət yalnız və yalnız Azərbaycan və Ermənistan prezidentlərinin Fransa görüşünə qalıb.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00