Daha bir məmur oğlunun güdazına gedə bilər
12:43 16-10-2014
CƏMİYYƏT
Daha bir məmur oğlunun güdazına gedə bilər
İcra başçısı müavininin övladı yol qəzası törətdi
Bəzi yüksək çinli məmurların təkcə özləri ilə bağlı deyil, onların övladları, ailələri haqda məlumatlar hər zaman ictimai kəsimin diqqət mərkəzindədir. Onlar ictimai əhəmiyyətli fiqurlar hesab olunurlar, bu baxımdan onları əhatə edən xəbərlər, qeyri-rəsmi söhbətləri, görüntüləri mətbuat səhifələrində diqqətçəkən başlıqlarla tirajlanır, geniş müzakirələrə yol açır.
Məmur övladları heç də həmişə cəmiyyət üçün nümunəvi olmurlar. Bir çoxları valideynlərinin tutduğu posta güvənərək qanun pozuntularına yol verir, xoşagəlməz hadisələrlə gündəmə gəlirlər.
Dünən də bu istiqamətdə yeni xəbər yayıldı. Xəbərdən belə anlaşılır ki, Bərdə rayon icra hakimiyyəti başçısının müavini İlham Məmmədov çətin situasiya ilə üzləşib. Buna səbəb isə Bərdə rayonunda baş verən yol qəzasıdır.
Belə ki, sürətlə hərəkət edən Nicat Məmmədovun idarə etdiyi "Mercedes" markalı maşın şəhərin mərkəzi küçələrindən birində-6 saylı məktəbin qarşısında hərəkətdə olan "VAZ 21 015" markalı avtomobili arxadan vurub. Qəza zamanı hər iki avtomobil tamamilə yararsız vəziyyətə düşüb. "VAZ 21 015"in sürücüsünün yüngül xəsarət aldığı bildirilir. Yerli polis hadisə yerində araşdırma aparır.
Qeyd edək ki, Nicat Məmmədov Bərdə rayon icra baçısının müavini İlham Məmmədovun oğludur.
Məmur oğlu rayonda "avtoş" kimi tanınır (qafqazinfo.az).
"Unikal" olaraq xatırladaq ki, son vaxtlar bir çox məmurların övladları yol qəzaları törətdiklərinə görə gündəmə gəliblər. Nəticədə həmin məmurlar vəzifələrini itiriblər.
Məsələn, xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olmuş məmur övladının törətdiyi qəzadan çox yazılıb. Belə ki, xalq artistinin ailəsinə ölüm gətirən bahalı "Mercedes-Benz G-55"in sürücüsü Xalid Mədətov və onun məmur atası Mübariz Mədətov cəzasız qalmadı. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edildi.
Yaxud, avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən polis əməkdaşının məmur atası da işdən çıxarılıb. Bir neçə ay öncə Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib. Belə ki, onun övladı T. Həsənov Zığ şossesində dostu ilə avtomobillə sürətlə yarışa çıxaraq dəfələrlə qəza vəziyyəti və bakılıların həyatı üçün real təhlükə yaradıb. Bundan sonra Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub. Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.
Övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardan biri də Tərtərin icra başcısının keçmiş birinci müavini Vidadi Bəylərov olub. Ötən il V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomabil qəzası nəticəsində bir nəfər ölüb. Bu fakta görə Tərtər rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub. Hadisəyə gəlincə, məmur oğlu başqa bir gənclə "qonkaya" çıxıb və "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib. Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.
İndi istisna deyil ki, oğlunun törətdiyi yol qəzasına görə Bərdə rayon icra hakimiyyəti başçısının müavini İlham Məmmədov da vəzifəsini itirmək təhlükəsi ilə üzləşsin.
Eyni zamanda belə görünür ki, bir çox məmurların övladlarına görə ciddi başağrısı yaşaması hələ də vəzifəli şəxslərdə və onların uşaqlarında daha diqqətli və ehtiyatlı davranmaq vərdişi yaratmayıb. Belədə isə oxşar hadisələri hələ çox yaşamalı olacağımızı demək mümkündür.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24