Müsavat Partiyasında şok istefa
12:44 17-10-2014
CƏMİYYƏT
Müsavat Partiyasında şok istefa
Taliyyət Əliyev: "Bundan sonra bu iki qüvvənin bir arada olması çətin görünür"
Müsavatda kütləvi istefaların olacağı ilə bağlı ilk məlumatı "Unikal" qəzeti vermişdi. Artıq ikinci kütləvi istefa tranşı baş verdi və qəzetimizin xəbəri növbəti dəfə təsdiqləndi.
Belə ki, Müsavat Partiyasının Tovuz rayon təşkilatı tam tərkibdə partiyadan istefa verib. Təşkilat üzvləri partiyanın mərkəzi aparatından zaman-zaman etinasızlıqlar görmələrinə baxmayaq, fəal rayon təşkilatlarından biri olduqlarını qeyd ediblər: "Amma qurultay ərəfəsində və qurultay sonra təşkilat daxilində baş verənlər, təşkilat rəhbərliyinin demokratik prinsipləri tapdalaması, həmin kəsimlərlə eyni çatı altında mübarizə aparmaq imkanlarını sıfıra endirir". Bölgə təşkilatı buna görə də bütün müsavatçılardan üzr istəyərək, Tovuz rayon təşkilatının tam tərkibdə partiya üzvlüyündən istefa verdiyini bəyan edib.
Müsavat Partiyasının Tovuz rayon təşkilatının sədri Miryaqub Ağamirli faktı təsdiqləyib. Onun sözlərinə görə, onları bu addımı atmağa Müsavat Partiyasının qurultayı ərəfəsində yaşananlar, qurultayda baş verənlər və qurultaydan sonrakı proseslə vadar edib: "Şura üzvləri ilə məsləhətləşdik və belə qərara gəldik ki, bu partiyada qalmağımız mümkün deyil. Mən artıq partiya üzvü deyiləm. Amma Müsavat ideyalarının daşıyıcısı kimi bu addımı təəssüflə atıram".
Amma partiyadan məsələnin ictimailəşməsini istəmirlər. Bu barədə "Unikal"a açıqlama verən Müsavat başqanının müavini Gülağa Aslanlı deyib ki, Tovuz Rayon təşkilatının üzvlərinin istefası ilə bağlı partiyaya heç bir sənəd daxil olmayıb. O bildirib ki, təşkilat şöbəsi məsələni dəqiqləşdirəndən sonra ona münasibət bildiriləcək: "Əgər istefa məsələsi dəqiqləşsə, buna təəssüflənməkdən başqa yolumuz yoxdur. Onlar şikayət ərizəsi təqdim ediblər. Baxılmasını gözləyirlər. Şikayətin nəticəsini gözləmədən belə bəyanat verilməsi təbii ki, bizi təəccübləndirir. Onlar bəyanatlarında qurultayda saxtakarlıqların olması barədə ittihamlar irəli sürüblər. Qubad İbadoğlunu dəstəklədiyini bildirirlər. Q. İbadoğlu da bildirib ki, baş verən hadisələrlə bağlı şikayət ərizəsi verib. Həmin ərizə də partiyanın Nəzarət Təftiş Komissiyası tərəfindən qəbul olunub və onun araşdırılmasına başlanılıb. Araşdırmanın nəticəsini gözləmədən belə bir bəyanatın verilməsi təəssüfləndiricidir".
Məsələylə bağlı "Unikal"a açıqlama verən ADP sədrinin müavini Taliyyət Əliyev deyib ki, bir partiyanın daxilində bu cür olayların baş verməsi mənfi haldır: "Müsavat Partiyasında Qurultaydan sonrakı prosesləri təbii qəbul edirəm. Çünki Müsavatda köklü dəyişikliklər baş verib. Bu dəyişiklikləri də hamının qəbul etməsi çətin məsələdir. Qubad bəyin və tərəfdarlarının ittihamlarının nə qədər həqiqət olduğunu deyə bilmərəm. Amma birmənalı şəkildə deyə bilərəm ki, əgər Qubad bəy başqan seçilmiş olsaydı, Müsavatdakı anoloji proseslərin baş verməsi müşahidə olunacaqdı. Müsavatda faktiki iki alternativ qüvvə formalaşmışdı. Bu qüvvələr bir-birini qəbul etməyən qüvvələrdir. Bu qüvvələri Müsavatda İsa bəyin başqanlığı birləşdirirdi. Bundan sonra bu iki qüvvənin bir arada olması çətin görünür".
Narazıların İsa Qəmbəri ittiham etməsinə gəlincə, ADP yetkilisi "İsa Qənbərin Qurultaya hazırlıq prosesində və Qurultay zamanı hansısa namizədi dəstəklədiyi barədə heç bir açıqlamaya rast gəlməmişəm. Ona görə də bu ittihamda nə qədər həqiqət olduğunu deyə bilmərəm. Səsvermədə İsa Qənbərin kiməsə səs verməsi isə onun hüququ və haqqıdır. İnsanın öz hüquq və azadlığından istifadə etməsinə görə ittiham olunması isə yolverilməzdir", - deyə fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50