Jan Klod Frekon: "Bir neçə dəfə Minsk Qrupunun fransalı həmsədri ilə danışmışam və onun məyusluğunu görmüşəm"
12:46 17-10-2014
CƏMİYYƏT
Jan Klod Frekon: "Bir neçə dəfə Minsk Qrupunun fransalı həmsədri ilə danışmışam və onun məyusluğunu görmüşəm"
"İstər Krım olsun, istər Dağlıq Qarabağ və digər oxşar məsələlər, bunlara yanaşmada eyni prinsiplər var"
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin yeni seçilmiş sədri Jan-Klod Frekon Azərbaycanda yerli və regional demokratiyanın inkişafına münasibət bildirərək deyib ki, 1999-cu ildən 2011-ci ilədək 4 dəfə Azərbaycanda olmuşam və burada keçirilmiş bələdiyyə seçkilərində müşahidəçi qismində də fəaliyyət göstərmişəm. Sonuncu dəfə 2011-ci ilin dekabr ayında, bələdiyyə seçkiləri zamanı Azərbaycanda olmuşam. Hazırda deməzdim ki, vəziyyət arzuladığım kimi qənaətbəxşdir.
Azərbaycan hakimiyyəti uzun zamandır Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasının bütün prinsiplərini ölkə qanunvericiliyinə, Konstitusiyasına daxil etməyi qəbul edib. Əlbəttə ki, bu, çox yaxşıdır. Lakin qanunvericiliyi yazmaq, hazırlamaq kifayət etmir, əsas olan onun müddəalarının həyata keçirilməsidir. Bu, Avropa Şurasının da, demokratiyanın da dəyəri və mütləq tələbidir. 2011-ci ildə Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərindən dərhal sonra rəsmlərlə, ölkənin həm Strasburqda, həm də Parisdəki səfirləri ilə görüşümdə vəziyyətin daha da yaxşılaşdırılmasını arzuladım. Dediyim kimi, ilk olaraq seçkilərin daha demokratik keçirilməsinə nail olmaq lazımdır. Demirəm ki, heç bir nailiyyət yoxdur, sadəcə, bundan daha da artığına nail olmaq lazımdır. Başqa məsələ isə, Yerli Özünüidarəetmə Xartiyasına əməl olunması sahəsində vəziyyətlə bağlıdır. Yenə də yerli hakimiyyət orqanlarının mövcud səlahiyyətləri qalır:" Bildiyiniz kimi, qarşıdan bələdiyyə seçkiləri gəlir və biz seçki kampaniyası zamanı hesabat hazırlamaq istəməzdik. Konqres seçki kampaniyası ərəfəsində ölkədəki siyasi qüvvələr arasındakı müzakirələrə müdaxilə etməməlidir. Əlbəttə ki, Azərbaycanda bu seçki kampaniyası zamanı bütün siyasi partiyalar, qüvvələr özlərini sərbəst şəkildə ifadə edə bilərlərsə, bu, çox yaxşı olardı.
Dağlıq Qarabağ münaqişəsi 20 ildən çoxdur davam edir və bu məsələdə ümumilikdə Avropa Şurasının mövqeyi var. Avropa Şurası həmişə deyib ki, bu münaqişənin həlli məsələsində ATƏT-in Minsk Qrupunun fəaliyyətinə etimad göstərmək lazımdır. Biz bu vəziyyətin üzərində belə qeyri-müəyyən şəkildə həmişəlik dayana bilmərik və bunun əlbəttə ki, həllinə çalışmaq lazımdır. Bir ölkə ordusu digər ölkənin ordusuna qalib gəlib və əvvəlcədən ona aid olmayan əraziləri işğal edib. İstər Krım olsun, istər Dağlıq Qarabağ və digər oxşar məsələlər, burada eyni prinsiplər var. Biz arzu edirik ki, danışıqlarda irəliləyişlər əldə olunsun. Mən hər ölkəyə əzmkarlıq nümayiş etdirməyi arzulayıram. Təbii ki, bu, heç vaxt asan bir iş olmayıb. Mən Ermənistanda da, Azərbaycanda da olduğumda hər dəfə "onlar bizim düşmənimizdir" kəlməsini eşidirdim. Amma iki dost arasında sülhə nə ehtiyac var ki, onlar onsuz da elə dostdurlar. Sülh məhz elə iki düşmən arasında, münaqişə edən tərəflər arasında bağlanmalıdır. Bunun üçün bir yerə yığışmaq, birgə danışmaq, dialoq aparmaq lazımdır və xüsusilə də birgə hansı işlər görə biləcəkləri haqda fikirləşmək lazımdır. Dialoqsuz heç vaxt sülhə nail olmaq olmaz - nə Krım, nə də ki Dağlıq Qarabağ məsələsində". O, daha sonra bildirib ki, Rusiyanın Krımı ilhaq etməsi fonunda müzakirə edirik. Biz ilk növbədə yerli özünüidarəetmə və regional orqanların assambleyasıyıq. Krım da bir region kimi mövcud idi, amma qurama referendum vasitəsilə bu, Rusiyanın xeyrinə rəsmiləşdirildi. Yəni Krım region olub və biz bunu sırf region olaraq qəbul edib, bu məsələdə iştirak edirik. Amma mənim yadıma gəlmir ki, 1992-ci ilə qədər Dağlıq Qarabağın region statusu olsun. Bundan başqa, Dağlıq Qarabağ məsələsində işğal olunmuş əraziyə yalnız Dağlıq Qarabağ deyil, onun ətrafındakı digər ərazilər də daxildir. Yəni burada eyni xüsusiyyətlər yoxdur, bir də ki, bu münaqişənin başlanmasından 20 ildən çox vaxt keçib. İndi tərəflərdə ruhdan düşmə də var, bu da Minsk Qrupunun bu qədər vaxt ərzində nəyəsə nail ola bilməməsi ilə bağlıdır. Mən bir neçə dəfə Minsk Qrupunun fransalı həmsədri ilə də görüşmüşəm və onun da məyusluğunu görmüşəm, vəziyyətin irəliyə doğru getməməsindən, bu ərazilərin dağılmış vəziyyətdə qalmasından təəssüflənirdi. Bu, siyasi məsələdən çox artıq humanitar bir məsələyə çevrilib. Konqres də məhz bu humanitar tərəf haqda danışa bilər. Bunun siyasi aspekti isə bizim ifadə formamız deyil.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54