Dövlətin gənclər siyasəti nəticə verir
08:11 17-12-2014
SİYASƏT
Dövlətin gənclər siyasəti nəticə verir
Məzahir Heydərli: "Dövlətin həyata keçirdiyi gənclər siyasəti bu nəslin nümayəndələrinin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirir"
Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.
Müsbət haldır ki, dövlətin gənclərlə bağlı siyasəti davam edir. Belə ki, 2016-2020-ci illər üçün gənclərlə bağlı yeni dövlət proqramının hazırlanmasına başlanılacaq. Bu barədə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev açıqlamasında deyib ki, gənclərlə bağlı olan 2011-2015-ci illəri əhatə edən "Dövlət Proqramı"nın icra müddəti 2015-ci ildə başa çatacaq: "Gələn il nazirlik tərəfindən gənclər üçün yeni dövlət proqramının hazırlanması ilə bağlı çağırışlar ediləcək. Həmçinin, mesajlarımızı göndərəcəyik ki, hansı sahədə problemlər görürlərsə, bununla bağlı təkliflərini bizə versinlər".
Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. 6 aprel 2011-ci il tarixində prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanmışdır ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaqdır.
Bu barədə fikirlərini "Unikal"la bölüşən Yeni Azərbaycan Partiyasının gənc fəalı Məzahir Heydərli dövlətin gənclərə olan diqqət və qayğısının yüksək səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, bu gün gənc nəslin müasir tələblərə uyğun inkişafı, onun intellektual potensialının daim zənginləşdirilməsi, beynəlxalq aləmdə ölkəni layiqincə təmsil etməsi dövlətin diqqət yetirdiyi prioritet sahələr sırasında yer alır. Gənc fəal bildirib ki, sürətli tərəqqiyə can atan cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biri gənclərlə bağlı dəqiq və hərtərəfli düşünülmüş siyasətin həyata keçirilməsidir: "Belə bir siyasətin mövcudluğu gəncliyin özünüifadəsi üçün geniş imkanlar yaradır, onun milli inkişaf prosesində aparıcı rol oynamasını şərtləndirir. Dövlətin həyata keçirdiyi gənclər siyasəti bu nəslin nümayəndələrinin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də müasir Azərbaycanın dinamik tərəqqisi naminə gənclərin öz potensialının sərbəst, səmərəli şəkildə reallaşdırmasına yol açır. Buna paralel olaraq gənclərin müasir biliklərə, dünyagörüşünə yiyələnməsi istiqamətində məqsədyönlü addımlar atılır, müvafiq tədbirlər görülür. Nəticə etibarilə gənclərin təhsili, sağlamlığı, intellektual inkişafı üçün ölkəmizdə hərtərəfli şərait yaradılır. Azərbaycan gənclərinin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ölkə rəhbərliyi tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilmişdir. Ümummilli liderin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti xüsusi yer tuturdu. Heydər Əliyev Azərbaycan gəncliyini aydın inkişaf yoluna çıxarmış, cəmiyyətin bu əhəmiyyətli təbəqəsinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atmışdır. 1994-2003-cü illərdə gənclər siyasətinin hüquqi bazası yaradılmış, bu sahədə əsas vəzifələr və istiqamətlər müəyyənləşdirilmişdir. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin I forumu keçirilmişdir. Gənclərin həyatında çox önəmli və yaddaqalan bir hadisəyə çevrilmiş forumdan sonra ölkədə bu nəslə yeni münasibət açıq-aydın hiss olundu. Hər il fevral ayının 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayan böyük öndər bəyan etmişdi ki, "biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onun imkanlarından maksimum istifadə edəcəyik". Bu ideya ölkə gəncləri qarşısında geniş imkanlar açdı və onlar dövlət hakimiyyəti orqanlarında məsul vəzifələrə irəli çəkildilər. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də respublika Prezidenti seçilməsi ilə ümummilli liderin başladığı işi davam etdirmək üçün zəmin yarandı. Son səkkiz ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti böyüməkdə olan nəslin hərtərəfli inkişafını, onun cəmiyyətin həyatında fəallığını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir".
Müsahibimiz onu da nəzərə çatdırıb ki, hazırda İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı sosial-iqtisadi inkişaf strategiyası uğurla gerçəkləşdirilir. Onun fikrincə, gəncləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək, onları sağlam, nikbin, xoşbəxt görmək üçün ölkəmizdə sosial-iqtisadi vəziyyət ildən-ilə daha da yaxşılaşır: "Bu gün Azərbaycan dövləti demokratik inkişaf yolu tutaraq gənclərin bu istiqamətdə, bu şəraitdə tərbiyə olunmasına, intellektual inkişafına çalışır. İlham Əliyevin ölkədə aparılan kadr islahatları zamanı gənclərə göstərdiyi etimad diqqəti cəlb edir. Ölkə başçısı bununla bağlı demişdir: "Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar". Bütün bunların nəticəsi olaraq son illər ölkədə gedən hüquqi, demokratik dövlət quruculuğu prosesində gənclərin fəallığı xeyli artmışdır. Bu gün gənclər fəal sosial təbəqə kimi cəmiyyətin inkişafında yaxından iştirak edirlər. Onlar ən mötəbər kürsülərdən sözlərini demək imkanı qazanmışlar. Yüksək intellekti və bacarığı ilə seçilən gənclər dövlət idarəetmə orqanlarında məsul vəzifələr tutur, biliklərini cəmiyyətin tərəqqisi naminə sərf edirlər. Gənclər dövlətin diqqət və qayğısını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, Azərbaycanın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfə verməyə çalışırlar".
Onu da nəzərə çatdıraq ki, dövlətlə yanaşı, ictimai təşkilatlar da gənc nəslin inkişafı üçün mühüm tədbirlər həyata keçirir. "İRƏLİ" İctimai Birliyi, dekabrın 15-dən etibarən gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "SAY: Support of Azerbaijan Youth" hərəkatı adı altında - Könüllülük Akademiyası layihəsinə start verib. Layihə 15 dekabr - 20 dekabr 2014-cü il tarixləri aralığında davam edəcək. "SAY: Support of Azerbaijan Youth" - Könüllülük Akademiyası keçirilən beynəlxalq və yerli səviyyəli tədbirlərdə gənclərin aktiv iştirakına stimul vermək və Azərbaycanda könüllü fəaliyyətinin təbliğ olunması ilə könüllülərin peşəkarlığının artırılması, onların təlimləndirilməsi və ixtisaslaşdırılması layihəsidir. Ümumilikdə layihədə 100 gənc iştirak edir. Layihə müddətində yeni təlim modulu yaradılacaq. "SAY: Support of Azerbaijani Youth" - Könüllülük Akademiyası 2014-cü ildə "Gənclər Paytaxtı" seçilmiş Quba şəhərində həyata keçirilir.
Qeyd edək ki, layihənin ilkin mərhələsində gənclərin seçimi aparılıb. Seçim zamanı könüllülük təcrübəsi olan, könüllülərlə işləmək bacarığına sahib olan aktiv gənclərə üstünlük verilib. Düşərgə formatında keçiriləcək olan layihə iki mərhələdən ibarətdir. Layihənin ilkin mərhələsində könüllüyün nə olduğu haqqında, kriteriyaları barədə suallara ətraflı cavablar çatdırılacaq. Layihə iki hissədən ibarət olacaq, "Nəzəri biliklər"-in ötürülməsi və "Biliklərin tətbiq edilməsi" hissəsi. Həmçinin məlumat üçün bildirmək istərdik ki, "Nəzəri biliklər"-in ötürülməsi hissəsində gənclər yeni təlim modulu - "SAY: Könüllü" təlim modulu vasitəsi ilə təlimləndiriləcəklər. Həmçinin layihə nəzdində www.volunteer.az saytı yaradılacaq. Bu sayt vasitəsi ilə Azərbaycanda ümumi könüllülük bazasının yaradılması planlaşdırılıb.
Digər Xəbərlər
2024-12-25 22:10:12
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00