Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
08:29 19-12-2014
SİYASƏT
Qaradağ rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Ötən il mavi gözlü Xəzər dənizi boyunca yerləşən Qaradağ rayonunun inzibati ərazi vahidi kimi yaradılmasından 90 il ötdü. Bu mənada onu "90 yaşlı gənc" də adlandırmaq olar. Bəli, Qaradağ rayonu hazırda əsl gənclik şövqü ilə günbəgün yeniləşir, inkişaf edir, ölkə miqyasında aparılan abadlıq və quruculuq işlərinə öz layiqli töhvəsini verir.
Elə bu ilin ilk doqquz ayının nəticələri də Qaradağ rayonunun simasının nə qədər sürətlə dəyişdiyinin, gözəlləşdiyinin sübutudur. Belə ki, rayon ərazisində qəsəbələrarası və məhəllədaxili küçə və yollar yenidən qurulur. Müasir işıqlandırma sistemi quraşdırılır. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə parklar, nümunəvi məhəllələr salınır.
Qaradağ rayonunun Qurd qapısı tərəfindən olan girəcəyi və Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayonun inzibati ərazisindən keçən hissəsində 3 hektar ərazinin abadlaşdırılması işləri başa çatdırılmış və Qobustan qoruğuna gedən yol yaşıllıq zolaqlarının salınması üçün tam hazır vəziyyətə gətirilmişdir. Ötən doqquz ay ərzində rayon ərazisində ümumilikdə 42 min 621 kv.metr ot və yaşıllıq sahələri salınmış, 10 mindən artıq gül, 12 mindən artıq müxtəlif növ ağac və bəzək kolları əkilmişdir. Həmin ərazilərə 6 min 280 maşın və ya 163 min 280 kub.metr torpaq daşınaraq yayılmışdır. Salınmış yaşıllıq zolaqlarına və əkilmiş ağaclara aqrotexniki qulluğun təmin edilməsi üçün müasir suvarma sistemi qurulmuşdur.
Bundan başqa rayonun bütün qəsəbələrində iməciliklər təşkil edilmişdir. Ərazilər təmizlənmiş, müxtəlif növlü ağac və bəzək kollarına aqrotexniki qulluq göstərilmişdir. Məişət və istehsalat tullantılarının yığılması və daşınması sahəsində də bir çox işlər görülmüşdür.
Təbii ki, sosial-iqtisadi inkişafın başlıca faktoru insandır, onun firavan və asudə həyatının təmin edilməsidir. Sevindirici haldır ki, Qaradağ rayonunda həyata keçirilən işlərin mərkəzində məhz bu amil dayanır: vətəndaşların rifah halının yüksəldilməsi! Bu sırada xüsusilə yerli əhali arasında məşğulluq probleminin aradan qaldırılması, işsiz insanların öz ixtisaslarına uyğun işlə təmin edilməsi istiqamətində aparılan uğurlu fəaliyyəti qeyd etmək yerinə düşər. Belə ki, təkcə 2014-cü ilin əvvəlindən Rayon Məşğulluq Mərkəzi ilə birgə əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirilmişdir. Bundan əlavə BP-Azərbaycan Şirkətinin təşkilatçılığı ilə Səngəçal qəsəbəsində həyata keçiriləcək yeni layihələrlə bağlı "Azfen", "Tekfen" şirkətləri ilə birlikdə Sahil qəsəbəsində işə qəbulla əlaqədar mütəmadi tədbir keçirilir. Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası uğurla davam etdirilir.
Bundan başqa, rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün 1875 hektar yer ayrılmışdır (Ümumi sahəsi 3850 hektar). Bu kompleksdə təqribən 2000 nəfər işlə təmin olunacaqdır. Bu ərazidə yeni yaşayış massivləri salınacaq, parklar, otellər, idman meydançaları, mədəni istirahət yerləri və digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin yaşayışı üçün yüksək səviyyəli müasir standartlara uyğun şərait yaradılacaqdır.
Bir maraqlı faktı da diqqətə çatdıraq: təkcə bu ilin ilk doqquz ay ərzində Qaradağ rayonunda 1086 yeni iş yeri açılmışdır. Bu isə rayon rəhbərliyinin yerli əhali arasında məşğulluq probleminin həll edilməsi istiqamətində istək və iradəsinin əyani təcəssümüdür.
Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan çirkab göllərin qurudulması da müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir. Belə ki, Lökbatan qəsəbəsinin inzibati ərazisində yer ayrılmış və "Hidrolotos" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təmizləyici gücü sutkada 200 min kub.metr olan qurğunun tikinti işləri davam etdirilir.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə rayonun qəsəbələrində sel sularının qarşısının alınması məqsədi ilə kanalların çəkilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə baş verə biləcək fövqəladə halların qarşısının alınması zamanı operativ tədbirlərin həyata keçirilməsi məqsədi ilə Səngəçal qəsəbəsində yanğına qarşı yeni su hovuzunun tikintisi, Lökbatan, Sahil və Qobustan qəsəbələrinin ərazisində mövcud olan yanğına qarşı su hovuzunun təmiri, Qaradağ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölməsinin tikintisi də Tədbirlər Planına salınmışdır.
Digər tərəfdən, rayon əhalisinin asudə vaxtının səmərəli təşkili də daim diqqət mərkəzində saxlanılır. Mədəni maarif müəssisələri tərəfindən müxtəlif maraqlı tədbirlər həyata keçirilir, musiqi məktəbləri və mədəniyyət işçilərinin, yaradıcı kollektivlərin iştirakı ilə əlamətdar günlərdə və bayramlarda maraqlı tədbirlər təşkil olunur. Sevindirici haldır ki, Qaradağ rayonunda yeni mədəniyyət evlərinin inşası və təmirinə xüsusi diqqət ayrılır.
Bakının ən böyük rayonu olan Qaradağda əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlərin üzərindən sükutla keçmək doğru olmazdı. Rayon ərazisində yeni müasir xəstəxanaların tikilib istifadəyə verilməsi bu baxımdan əhəmiyyətli hadisədir. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi respublikamızın bütün bölgələrində olduğu kimi Qaradağ rayonunda da 18 yaşından yuxarı əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla başa çatdırılmışdır.
Belə bir məşhur kəlam var: "Sağlam bədəndə sağlam ruh olar". Bu hikmətli sözləri Qaradağ rayonunda heç vaxt unudulmur, xüsusilə gənclərin həm fiziki, həm də mənəvi baxımdan sağlam böyüməsinə diqqətlə yanaşılır. "2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" Ələt, Puta və Səngəçal qəsəbələrində mini futbol meydançalarının və idman zallarının, Qobustan qəsəbəsində isə idman zalının tikintisi elə bu diqqət və həssaslığın nəticəsidir. İlin əvvəlindən bəri Sahil qəsəbəsində "Gənclər" evinin tikintisi başa çatmışdır. Rayonun bir çox qəsəbələrində idmanın kütləviliyinin təmin olunması üçün "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında rayon ərazisində idman meydançalarının yaradılması və atıcılıq tirinin inşa olunması nəzərdə tutulmuşdur.
Qaradağ rayonunda xüsusi diqqət mərkəzində olan məsələlərdən biri də təhsilin səviyyəsinin yüksəldilməsidir. Bu il ərzində rayonda təhsil sahəsi üzrə 8 körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri başa çatmış, 2 uşaq bağçası üçün yeni bina və 2 məktəb üçün isə əlavə tədris korpusu tikilmişdir. Eyni zamanda 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binanın tikintisi başa çatdırılmışdır. Heydər Əliyev Fondunun xətti ilə Qaradağ rayonunda yeni uşaq bağçalarının inşası uğurla davam etdirilir.
Ümumiyyətlə, təqdirəlayiq haldır ki, rayonda aparılan yenidənqurma işləri demək olar ki, bütün sahələri əhatə edir. Bu sırada əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində görülən işləri qeyd etməmək doğru olmazdı. Elə həmin işlərin məntiqi nəticəsidir ki, bu ilin ilk doqquz ayı ərzində əhali tərəfindən istehlak olunan elektrik enerjisinin dəyəri 104 faiz, təbii qazın dəyəri 101 faiz, su və kanalizasiya xidmətinin dəyəri 96.8, istilik enerjisinin dəyəri isə 104 faiz ödənilmişdir. Gəlin razılaşaq ki, bu göstəricilər respublika miqyasında götürdükdə kifayət qədər yüksəkdir, bu isə ondan irəli gəlir ki, istər əhali, istərsə də sosial obyektlər görülən uğurlu işlər qarşısında məsuliyyətlərini çox yaxşı dərk edirlər.
Qaradağ rayonunda yolların və məhəllədaxili həyətlərin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir. Təkcə bu ilin ilk doqquz ayı ərzində yollara və məhəllədaxili həyətlərə 51 min kv.m. asfalt döşənmişdir. Eyni zamanda yararsız vəziyyətdə olan küçələrə 42 min kub.metr çınqıl və daş qırıntıları tökülərək yayılmış, 11 min 224 p/metr beton bordür qoyulmuş, 4200 p/m səki mişar daşı ilə hörülmüş, 15 min 500 kv.metr tamet döşənmişdir. İşlərin davamı olaraq Qobustan qəsəbəsində yerüstü keçid inşa edilmiş və əhalinin istifadəsinə verilmişdir.
Şübhəsiz ki, bir yazıda Qaradağ rayonunun sosial-iqtisadi inkişafının tam mənzərəsini yaratmaq çətindir. Bu istiqamətdə görülən işlərin miqyası o qədər genişdir ki, yalnız rayonu başdan-başa gəzməklə ötən illər ərzində Qaradağın bütün istiqamətlər üzrə hansı sürətlə dəyişdiyini, yeniləşdiyini, abadlaşdığını öz gözlərinlə görəsən.
Eyni zamanda o da vurğulanmalıdır ki, rayon rəhbərliyi indiyədək həyata keçirilən uğurlu tədbirlərlə öz işini bitmiş hesab etmir. Qarşıda görüləcək hələ çox iş var. Rayonun iqtisadi potensialı, təbii imkanları ən əsası - insan resursları onun yaxın gələcəkdə sosial-iqtisadi inkişaf sahəsində daha böyük nailiyyətlər qazanacağından xəbər verir.
Xüsusilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində növbəti illərdə Qaradağ rayonunun sosial-iqtisadi mənzərəsinin daha da cəzbedici olacağına heç bir şübhə yoxdur.
Axı indiyədək görülən işlər bundan sonra görüləcək işlərin təminatıdır!
Hüseyn İsgəndərov
Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35