Bu dəfəki bələdiyyə seçkiləri necə keçdi?
12:31 25-12-2014
SİYASƏT
Bu dəfəki bələdiyyə seçkiləri necə keçdi?
Ekspertlər bələdiyyə seçkilərində yüksək seçici fəallığının olduğunu bildirdilər
Dünən Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı keçirilən səsvermə prosesi başa çatdı. Bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilib. Bələdiyyə seçkilərində 15 min 35 bələdiyyə üzvü seçiləcək.
Bələdiyyə seçkilərində 37 min 77 nəfər bələdiyyə üzvlüyünə namizəd qeydə alınıb. Seçkilərdə 8 siyasi partiya – Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası və Ana Vətən Partiyası bələdiyyə seçkilərində partiya kimi namizədləri ilə iştirak ediblər. Partiya mənsubiyyəti nəzərə alınsa, ümumiyyətlə isə 30 partiyanın üzvləri seçkilərdə namizəd qismində iştirak ediblər. Azərbaycanda dünən keçirilən bələdiyyə seçkilərində seçici aktivliyi ilə bağlı yekun göstərici açıqlanıb. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, dünən keçirilən bələdiyyə seçkiləri ilə bağlı ölkə üzrə seçici fəallığı saat 19:00-a 38,93 faiz təşkil edib. Saat 19:00-a qədər 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14 nəfər səs verib. Respublika üzrə ən çox seçici fəallığı 44,64 faizlə 53 saylı Quba-Qusar seçki dairəsində, ən aşağı seçici fəallığı isə 22,64 faizlə 21 saylı Nəsimi birinci seçki dairəsində qeydə alınıb.
Builki bələdiyyə seçkisini 50 mindən çox müşahidəçi izləyib. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir. Bəs görəsən ötən bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərdə seçici fəallığı, seçkilərin azad və demokratik keçirilməsi baxımından şəraiti necə qiymətləndirilə bilər? MSK-dan "Unikal"a verilən məlumata görə, 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 32,04 faiz təşkil edib. Yəni 4 milyon 612 min 727 seçicidən 1 milyon 478 min 186 nəfər səs verib. Statistik rəqəmlər də təsdiqləyir ki, bu ilki bələdiyyə seçkilərində nisbətən də olsa seçici fəallığı hiss olunub. MSK-dan onu da bildirdilər ki, Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermə ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət daxil olmayıb. Bu müddət ərzində MSK-ya 138 müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır: " Bu müraciətlər operativ cavablandırılıb. Bunlar arasında şikayət xarakterli məlumatlar yoxdur".
"Unikal" qəzetinin əməkdaşı da dünən bir neçə seçki məntəqəsində olaraq seçki prosesini izləyib. Baş çəkdiyimiz 16 saylı seçki məntəqəsində seçkilər öz axarı ilə gedirdi. 1392 seçicinin qeydiyyatda olduğu bu məntəqəyə səsvermək üçün gələnlər arasında daha çox yaşlı nəslin nümayəndələrinə rast gəlmək mümkün idi. Vergilər Departamentində yerləşən 14 saylı seçki məntəqəsindən isə bizə bildirdilər ki, 1212 seçicinin qeydiyyatda olduğu məntəqədə günün sonuna qədər 30-35 faiz seçicinin səs verməsi gözlənilir: "Prezident, Parlament seçkilərində aktivlik 70-80 faiz olur. Bələdiyyə seçkilərində isə əvvəlki təcrübələr onu deməyə əsas verir ki, indiki seçkidə bizim məntəqədə təxminən 400-450 seçici səs verəcək". Müşahidələrimiz zamanı ən çox seçici aktivliyini 18 saylı məntəqədə izlədik. 1338 seçicinin qeydiyyatda olduğu bu məntəqədə səhər saatları olmasına baxmayaraq, artıq 20 faizə yaxın seçici səs vermişdi. Binəqədi 3-cü seçki dairəsinin 31-ci seçki məntəqəsindən isə bizə bildirdilər ki, saat 10:00-a olan məlumata görə, ötən bələdiyyə seçkisində seçici fəallığı 8 faiz idisə, indi müvafiq saatda bu göstərici 10 faiz təşkil edib. Saat 13:00-a olan məlumata görə isə, seçici fəallığı artıq 23-24 faiz olub. Səsvermə məntəqələrində söhbətləşdiyimiz müşahidəçilərdən seçki prosesində qanun pozuntusu ilə rastlaşmadıqlarını bildirdilər. Qeyd edək ki, dünən baş çəkdiyimiz seçki məntəqələrinin hər birində müşahidəçilər seçki prosesini izləyirdi. Məntəqələrin çıxışında isə "Ekzit-poll"keçirilirdi. "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova isə "Unikal" qəzetinə bildirib ki, Mərkəz dekabrın 23-də səhər saat 08.00-da bələdiyyə seçkilərində 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində apardığı "Ekzit-poll" tədqiqatına start verib: "Təşkilatın "İrşad" otelindəki seçki gərargahında işləyən telefon operatorları artıq bölgələrdən "ekzit-poll" tədqiqatının başlanması haqqında intervüyerlərdən məlumatı qəbul ediblər. Gün ərzində seçicilərin "ekzit-poll"da iştirakı ilə bağlı məlumatlar birbaşa "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin els.az ünvanındakı internet səhifəsində yerləşdirilib və ictimailəşdirilib. "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2014-cü il bələdiyyə seçkilərində həyata keçirdiyi "Ekzit-poll" tədqiqatının yekun nəticələrinə görə, 285 bələdiyyəni əhatə edən 400 seçki məntəqəsində aparılan "Ekzit-poll"da seçici fəallığı 38,30% olub. Seçkidə namizədlərin dəyərləndirilməsinə gəlincə, seçicilər Yeni Azərbaycan Partiyasına (YAP) – 67,90%, digər siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərə 5,47%, digər namizədlərə – 26,63% səs veriblər".
İ. Yaqubova onlara seçkilərdə hər hansı qanun pozuntusu barədə məlumatın daxil olmadığını da söyləyib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) seçki məntəqələrində seçki prosesini izləyib. AVCİYA-nın qərargahının sədri dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin müşahidəsinə dair ilkin rəyini açıqlayıb. Məhərrəm Zülfüqarlı bildirib ki, seçki günü 5 dəfə məntəqələrdəki səsvermənin vəziyyəti, müşahidə olunan qanun pozuntuları, seçici fəallığının vəziyyəti və s. barədə məlumatlar AVCİYA-nın Seçki Qərargahında toplanaraq ümumiləşdirilib. M. Zülfüqarlı bildirib ki, AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış 400 məntəqədə seçici fəallığı 39,7 % təşkil edib: "Seçki günü ölkə üzrə bir neçə məntəqədə bəzi çatışmazlıqlar müşahidəçilərimiz tərəfindən qeydə alınıb. Məsələn, ailə başçısının ailə üzvlərinin əvəzinə səs vermək cəhdi, müşahidəçilər üçün yerlərin əlverişli seçilməməsi, səsvermənin nəticələrinə dair protokolun surətinin müşahidəçilərə verilməsinin yubadılması və s. Bu faktlar barədə seçki administrasiyası nümayəndələrinə dərhal məlumat verilib və operativ müdaxilə nəticəsində qeyd olunan nöqsanlar aradan qaldırılıb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir. Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib".
İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalov da seçkilərin stabil şəraitdə keçdiyini söyləyir. Onun sözlərinə görə, əvvəlki illərdə bələdiyyə seçkilərində iştiraka o qədər də maraq yox idi: "Bu seçkilərdə isə seçicilər arasında fəallıq hiss olunurdu. Hər kəs istəyirdi ki, öz namizədi bələdiyyədə təmsil olunsun. Bu bələdiyyələrə xalq arasında inamın artmasından irəli gəlir. Seçicilərin fəallıq nümayiş etdirməsi göstərir ki, onların bələdiyyələrdən gözləntiləri böyükdür. Bu seçkilərdə mən elə yaş qruplarının seçkilərə qatıldığının şahidi oldum ki, əvvəlki illərdə gənclər seçkilərdə bu cür fəallıq nümayiş etdirmirdilər".
Ş. Camalov deyir ki, bu bələdiyyə seçkiləri kiçik pozuntuları çıxmaq şərtilə baş tutmuş hesab oluna bilər: "Bütün seçki məntəqələrində müşahidə kameraları quraşdırılmışdı, müşahidəçilər seçki prosesini izləyirdi. Mən də bir vətəndaş kimi, bu prosesdə qanun pozuntusu ilə rastlaşmadım. Seçicilər tam demokratik şəkildə məntəqələrə gələrək səs verib öz seçimlərini edirdilər. Heç kəs onları kiməsə səs verməyə təhrik etmir, istiqamətləndirmirdi. Bu Azərbaycanda demokratik seçkilərin keçirilməsini bir da daha təsdiqlədi".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50