İnsan hüquqlarının inkişaf tarixi
12:41 26-12-2014
SİYASƏT
İnsan hüquqlarının inkişaf tarixi
Müasir dövrümüzdə insan hüquqlarının təminatı səviyyəsi ölkələrdəki siyasi rejimlərin xarakterini müəyyən edən başlıca amillərdən biri kimi qəbul olunmuşdur.Hələ XIX əsrdə Kant deyirdi ki,insan müəyyən məqsədlərin əldə edilməsi üçün vasitə olmalı deyildir.Onun fikrincə, cəmiyyətdə baş verən bütün dəyişikliklərin və islahatların məqsədi insan olmalıdır.Yəni insan hüquqlarının təmin olunması və insanların xöşbəxtliyi dövlətin və cəmiyyətin məqsədi olmalıdır.Məhz elə bu ideya BMT-nin Nizamnaməsində öz əksini tapmışdır.Orada göstərilir ki, insan hüquqlarının təmin olunması BMT-nin əsas vəzifəsidir.Bu fikir 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında da təsbit olunmuşdur və konstitusiyanın 12-ci maddəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azdlıqlarının təmin olunması dövlətin ali məqsədidir.
İnsan hüquqları dedikdə, elə hüquqlar başa düşülür ki, bu hüquqlar dövlətlə qarşılıqlı münasibətdə hər bir insanın fərdi azadlığa nail olmaqdan, cəmiyyətin təşkil olunmasında iştirak etməkdən ibarət olan əxlaqi və hüquqi aktlardır.İnsan hüquqlarından danışarkən, qeyd etmək lazımdır ki, insan hüquqları, əsasən dövlət hakimiyyətinin məhdudlaşdırılması hesabına təmin olunur.Lakin dövlətlər heç də öz hakimiyyətlərini fərdin hüquqlarının xeyrinə məhdudlaşdırmaq istəmir.
İnsan hüquqlarının təbiəti haqqında danışarkən, ilk növbədə, bəzi xarakterik xüsusiyyətləri qetd etmək lazımdır.Bu xüsusiyyətlər, əsasən aşağıdakılardan ibarətdir.
1. İnsan hüquqları universal normalardır.Yəni insan hüquqları irqindən, cinsindən, sosial və əmlak vəziyyətindən, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsə aiddir.Bu müddəa Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsində öz əksini tapmışdır.Bundan başqa, orada göstərilir ki, insanın mənsub olduğu ölkənin və ya ərazinin siyasi, hüquqi və beynəlxalq statusuna bu ərazinin müstəqil və ya asılı, özünü idarə etməyən və ya suverenliyi hər hansı digər şəkildə məhdudlaşdırılan ərazi olub-olmamasından asılı olmayaraq, heç bir fərq qoyulmamalıdır.Hər bir kəs anadan olduğu gündən bu hüquqlara malikdir və bu hüquqlar özgəninkiləşdirilə bilməz.Yəni heç kəs bu hüquqlardan məhrum edilə bilməz.
2. İnsan hüquqları yalnız dövlətlə insanlar arasında olan münasibətlərə aid məsələdir.Yəni insan hüquqlarına dair normalar yalnız dövlət və insan arasında yaranan münasibətləri nizama salır ki, bu da onu digər hüquq sahələrinin normalarından fərqləndirir.Əgər hər hansı bir insan öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər insanın hüquqlarını pozursa, artıq bu insan hüquqları dövlətlə fərd arasında olan məsələ olduğuna görə burada dövlət fərdin hüquqları naminə öz hakimiyyətini məhdudlaşdırmalıdır.Bu ideya hələ 1789-cu ildə Fransada qəbul olunmuş İnsan və vətəndaşların hüquqları haqqında bəyannamənin 5-ci maddəsində öz əksini tapmışdır.Burada göstərilir ki, qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz.
3.İnsan hüquqlarının 3-cü xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlar kollektiv deyil, fərdi xarakter daşıyır.Yəni insan hüquqları dedikdə,hər hansı bir sosial qrupun deyil,həmin qrupa daxil olan konkret fərdin hüquqları başa düşülür.Məhz insan hüquqlarının bu xarakterik xüsusiyyəti çoxluğun hakimiyyəti olan demokratiyanı məhdudlaşdırır.Belə ki, müasir dövrdə hər hansı bir dövlətin bütün əhalisi belə, hansısa bir şəxsi hüquqlarından məhrum edə bilməz.Məhz elə bu xüsusiyyət müasir demokratiyanı qədim demokratiyadan fərqləndirir.
İnsan hüquq və azadlıqlarının təsbiti, təmini və müdafiəsi konstitusiyaçılığın əsasıdır.Təsadüfi deyildir ki, konstitusiya kimi mühüm siyasi-hüquqi sənədin hazırlanmasında başlıca məqsəd insanın hüquq və azadlıqlarının bütün özbaşınalıqlarından və qəsdlərdən müdafiəsini təmin etmək olmuşdur.Yalnız sərbəst və azad insan cəmiyyəti üçün zəruri olan maddi və mənəvi nemətlərin yaradıcısı kimi çıxış edə bilər.
Müasir dövrün təbii hüquq nəzəriyyəsi insanın doğulduğu andan azad və bərabərhüquqlu olması ideyasını irəli sürür.Tarixi təcrübə göstərir ki, dövlətlərin inkişaf dövrlərində qəbul edilmiş konstitusiya aktlarının əsasını məhz bu ideya təşkil etmişdir.Məsələn, XVII-XVIII yüzilliklərdə, istər Qərbi Avropada (xüsusilə də Fransa və İngiltərədə), istərsə də Amerika qitəsində baş vemiş burjua-demokratik inqilablarının gedişində irəli sürülmüş şüarlar içərisində mərkəzi yeri insan hüquqları və azdlıqları tuturdu.
İnsan hüquqları mənəvi-siyasi imperativdir.Bu hüquqlar uğrunda aparılan mübarizə gedişində o, hüquqi forma almış və ictimai inkişafın sonrakı gedişində konstitusiya hüququnun ən mühüm institutlarından birinə çevrilmişdir.Müasir dövrdə isə, insan hüquq və azadlıqları, onların müdafiəsi və təminatı beynəlxalq hüququn da müstəqil instituna çevrilmişdir.Deməli, insan hüquq və azadlıqları, bu hüquqların müxtəlif vasitələrlə təmini və müdafiəsi ümümbəşəri bir problem kimi formalaşmışdır.
Ölkənin sənayeləşməsi vətəndaş cəmiyyətinin və siyasi cəmiyyətin dualizmi ilə xarakterizə olunur.İnsan vətəndaş cəmiyyətin bərabərhüququ üzvü kimi, bütün digər fərdlərlə eyni hüquqlara malikdir.İnsanın bərabərhüquqluğu, hüquq və azadlıqları özgəninkiləşdirilə bilməyən dəyərlərdir.Buna misal olaraq Fransa burjua inqilabı gedişində 1789-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş hüquqları Bəyannaməsi" nin bəzi maddələrini göstərmək olar.
1.İnsanlar azad doğulurlar.Onar hüquqca azad və bərabərdirlər.Bəzi ictimai fərqlər yalnız ümümi fayda ilə əlaqədar mülahizələrə əsaslana bilər.
2.Hər hansı bir dövlət ittifaqının məqsədini insanın təbii və özgəninkiləşdirilə bilməyən hüquqlarını təmin etmək təşkil edir.Azadlıqların,mülkiyyətin, təhlükəszliyin və əsarətə, zülmə qarşı müqavimətin də təminatı belədir.
3.Azadlıq, hər şeydən əvvəl, başqasına, onun hüquqlarına ziyan vurulmamasından ibarətdir.Hər bir insanın təbii hüquqlarının həyata keçirilməsi yalnız cəmiyyətdə fayda verməsi çərçivəsində və başqalarının hüquqlarını məhdudlaşdırmamaq həddində ola bilər.Belə çərçivə və hədlər isə yalnız qanunla müəyyən edilə bilər.
Bir çox konstitusiyalarda insan hüquqları ilə vətəndaş hüquqları arasında fərqlərin mövcudluğu nəzərə çarpır.İnsan hüquqları subyektin adlandırılması üçün adətən, "hər kəs", "hamı", "hər bir insan", "heç kəs", "heç bir insan" ifadələrindən istifadə edilir, yaxud şəxssiz ifadə kimi "hüquqlar tanınır", "azadlıqlara təminat verilir" ifadələri işlədilir.Bəzi konstitusiyaların maddələrində isə, vətəndaş hüquqlarına aid olan "vətəndaşlar hüquqa malikdir" və s. kimi ifadələrdən istifadə olunur.
Bəzi ölkələrin konstitusiyalarında "vətəndaşlar" yaxud "vətəndaş" sözü əvəzinə, hər hansı millətə mənsubiyyət göstərilir.Məsələn,"bütün almanlar", "hər bir insan" və s.Nəzərə almaq lazımdır ki,Qərbi Avropa ölkələrində "millət" termini etnik mənsubiyyəti deyil. Dövlətin insan substratının siyasi ümumiliyini (və ya dövlət birliyini) əks etdirir.Buna əyani misal kimi "Birləşmiş Millətlər Təşkilatı" terminini göstərmək olar.Burada "millətlər" sözü altında, hər şeydən əvvəl, dövlətlər başa düşülür.İspaniyanın konstitusiya hüququna görə, ispan milləti dedikdə, nəinki etnik ispanlar, həm də irqindən və milliyətindən asılı olmayaraq, bütün qalan ispan vətəndaşları başa düşülür.Almaniya Federativ Respublikası Konstitusiyasının (1949-cu ildə qəbul edilmişdir) 116-cı maddəsinin birinci abzasında yuxarıda qeyd edilənlər barədə birbaşa danışılır.Həmin maddədə deyilir: "Qanunla başqa hal müəyyən edilməmişdirsə, alman vətəndaşlığına malik olanlar, qaçqın və ya sürgün edilmişlər,yaxud onların arvad və ya övlad qismində 31 dekabr 1937-ci il tarixdəki vəziyyətə görə Almaniya imperiyası ərazisində sığınacaq tapanlar bu Konstitusiyadakı anlamda alman hesab olunurlar".
Yaponiya Konstitusiyasının xüsusiyyəti ondan ibarətdir ki, həmin Əsas Qanun vətəndaş hüquqları kimi təsbit edir. Məsələn, həmin Konstitusiyanın 15-ci hissəsində deyilir: "xalq ümumi vəzifəli şəxsləri seçməkdə və onları vəzifədən azad etməkdə ayrılmaz hüquqa malikdir".İnsan hüquqlarını vətəndaş hüquqlarından fərqləndirən konstitusiya müddəalarına dair misallar son dərəcə çoxdur.Məsələn,İspaniyanın 1978-ci il Konstitusiyasının 15-ci maddəsində göstərilir: "hamı yaşamaq, fiziki və əxlaqi bütövlük hüququna malikdir və bu hüquq heç bir halda işgəncələrə və qeyri-humanist, alçaldıcı cəzalara məruz qala bilməz". Yaxud həmin Konstitusiyanın 16-cı maddəsinin 1-ci abzasında deyilir ki, "heç kəs özünün ideologiyası, dini və ya etiqadı haqqında bəyan etməyə borclu deyildir".Bütün bu ifadələr insan hüquqlarını əks etdirir.Lakin İspaniya Konstitusiyasının 19-cu maddəsinin məzmunu isə,bir qədər başqadır.Orada deyilir: "İspanlar öz yaşayış yerlərini seçməkdə və milli ərazilərində yerdəyişməkdə azad hüquqa malikdirlər". Göründüyü kimi, bu maddədə söhbət insan hüquqlarından deyil, ispan vətəndaşlarının hüquqları barəsində gedir.
Qeyd etmək lazımdır ki, insan hüquqları ilə vətəndaş hüquqları arasındakı qarşılıqlı əlaqə, hətta ən demokratik dövlətlərdə müxtəlif mənalarda interpretasiya olunur.Bu isə, bəzi hallarda, bu və ya digər konstitusiya quruluşunun tərtibçilərinin subyektiv seçimdən asılıdır.Lakin eyni hüquq (insan hüquqları, yaxud vətəndaş hüquqları) bir konstitusiyada insan hüquqları, digərində isə vətəndaş hüquqları kimi ifadə edilə bilər.Məsələn, İspaniya Konstitusiyasından gətirilən yuxarıdakı misallarda, praktiki olaraq, insan hüquqlarından söhbət gedir.19-cu maddədə isə, vətəndaş hüquqlarına toxunulur.
İnsan, vətəndaş hüquq və azadlıqlarının təminatı iki böyük kateqoriyalara əsaslanır.Həmin kateqoriyalar bir-biri ilə üzvi sürətdə bağlıdır və biri digərini qarşılıqlı şəkildə tamamlayır.Onlar aşağıdakılardan ibarətdir:
1.insan, vətəndaş hüquq və azadlıqlarının konstitusiya təminatının dövlətdaxili kateqoriyası
2.insan, vətəndaş hüquq və azadlıqlarının təminatının beynəlxalq-hüquqi kateqoriyası:
Hüquq və azadlıqların təminatının dövlətdaxili kateqoriyası da, öz növbəsində, aşağıdakı iki növə ayrılır:
a.insan, vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı
b.insan, vətəndaş hüqq və azadlıqlarının qeyri-məhkəmə təminatı
Dövlətdaxili təminatlara, hər şeydən əvvəl, bəzi həm maddi, həm də xüsusilə prosessual xarakterli konstitusiya hüquqları xidmət edir.Petisiya, şikayət vermək, habelə məhkəmə prosesində və ya inzibati prosesdə vəsatətlər vermək və i.a.həmin hüquqlara aid edilə bilər.
Demokratik dövlətlərdə insan vətəndaş hüquq və azadlıqlarının başlıca təminatçısı məhkəmədir.Çünki məhkəmə heç bir başqa dövlət orqanından asılı olmayan və yalnız qanuna tabe olan müstəqil hakimiyyətdir.İtaliya Konstitusiyasının 24-cü maddəsinə əsasən, "hər kəs öz hüquqlarının və qanuni mənafelərinin qorunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir". "Prosesin hər bir hal və və mərhələsində müdafiə toxunulmaz bir hüquqdur" "Qanun, məhkəmə səhvlərinin hansı üsul və şərtlərlə düzəldiləcəyini müəyyən edir"
Ümumi beynəlxalq hüquq elmində müstəqil bir institut olsa da, insan, vətəndaş hüquq və azadlıqlarının təminatının beynəlxalq-hüquqi kateqoriyası barəsində qeyd etmək lazımdlır.
İnsan hüquq və azadlıqlarının beynəlxalq müdafiəsi müasir dövrdə Birləşmiş Millətlər Təşkilatı və onun ixtisaslaşdırılmış təşkilatları çərçivəsində həyata keçirilir.Bu baxımdan "İnsan hüquqlarının Ümumi Bəyannaməsi" (1948-ci ildə qəbul edilmişdir) mühüm siyasi və hüquqi sənəd kimi böyük əhəmiyyət kəsb edir.
İnsan hüquq və azadlıqlarının konstitusiya təminatı institutları içərisində, hazırda, dünya birliyi ölkələrində geniş tətbiqini tapmış ombudsman mühüm yer tutur.Ombudsman parlament tərəfindən insan hüquqlarının müdafiəsi üzrə səlahiyyətləndirilmiş, müvəkkil edilmiş şəxsdir (fiziki şəxs).Bu şəxsə bəzi ölkələrdə komissar, elçi, xalq müdafiəçisi və i.a. da deyilir.Məsələn, Skandinaviya ölkələrində, o, ombudsman, İspaniyada xalq müdafiəçisi (o cümlədən də Kolumbiyada), Fransa Respublikasında elçi, Rumıniya Respublikasında xalqın vəkili adlandırılır.Azərbaycan Respublikasında müvəkkil edilmiş həmin şəxs ombudsman adlandırılır.
Məhkəmə və prokurorluq orqanlarından fərqli olaraq, ombudsman, insan hüquqlarının müdafiəsi istiqamətində apardığı təhqiqatı qanunçuluqla yanaşı, həm də səmərəlilik, məqsədəuyğunluq, vicdanlılıq və ədalətlilik nöqteyi nəzərindən həyata keçirilir.
Nəhayət, belə bir nəticəyə gəlirik ki, bu gün artıq bütün bəşəriyyət başa düşmüşdür ki, insan hüquqları qorunmadıqca, təmin olunmadıqca və hər gün dünyanın müxtəlif yerlərində minlərlə insanın hüququ pozulduqca yer üzərində nə hüquqi, nə də demokratik dövlətlərin qurulmasından danışmaq olmaz.Buna görə də, bütün bəşəriyyət insan hüquqlarının təmin olunması üçün daha sıx birləşməlidir.
Digər Xəbərlər
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48