Dini etiqad azadlığı və insan haqlarına media həssaslığı
10:48 15-01-2015
SİYASƏT
Dini etiqad azadlığı və insan haqlarına media həssaslığı
Azərbaycan mediası ölkədə yaşayan müxtəlif dinə mənsub insanların heysiyyatına həssas yanaşır
Fransada "Charlie Hebdo" satirik jurnalının redaksiyasında baş verən hadisə, bütün dünya mediasında dini mövzuların necə işıqlandırılması məsələsini gündəmə gətirib. Dünyanın ünlü media ekspertləri azad mətbuata istənilən formada təyziqi pisləsə də, medianın dini mövzulara toxunarkən həssaslıq nümayiş etdirməklərinin dini etiqad azadlığının qorunması baxımından vacib olduğu fikrindədirlər. Türkiyənin ünlü yazarları da mediada yer alan məlumatların müxtəlif dinə sitayiş edən insanların heysiyyatına toxunması halını pisləyib.
Azərbaycanda da müxtəlif dinlərə etiqad edən, fərqli inanclara sahib olan insanlar yaşayır. Ölkəmiz dini tolerantlıq modelinə görə bir çox ölkələrə örnək sayılsa da, Azərbaycan mediasında da dini mövzuların işıqlandırılması məsələsi kifayət qədər aktualdır. Ölkəmizdə dini etiqad azadlığının qorunması məsələsi diqqətdə olduğundan, mediadan da dinlə bağlı məsələlərdə həssaslıq nümayiş etdirmək tələb olunur. Qeyd edək ki, zaman-zaman hicaba,dövlət qurumlarında namaza qadağa, başqa dinlərin nümayəndələrinin radikal dini quruplaşmalar yaratmaq cəhdləri və sair adlar altında mövzular medianın ana xəbərinə çevrilsə də, mediamız dinlə bağlı mövzularda "etidal" adlanan "qırmızı xətti" keçməyib. Buna səbəb ölkəmizdə müxtəlif dini inanclara sitayiş edən insanlara dövlətin təmin etdiyi dini etiqad azadlığına və insan hüquq və azadlıqlarına qoyulan hörmət olub. Ölkəmizdə fərqli dinlərin daşıyıcılarına yaradılan demokratik mühit Azərbaycanda dinlərarası münasibətlərdə də özünü biruzə verir. Ölkəmizdə etnik xalqların nümayəndələri bizdən olmadıqlarına görə fərqləndirilmir, islam dininə etiqad etmədiklərinə görə təyziqə məruz qalmırlar. Ölkəmizdə müxtəlif dinə sitayiş edən insanların ibadət etdiyi məkanlara nəinki toxunulmur, kilsə və sinaqoqlar ölkə başçısının tapşırığı ilə təmir edilərək qorunur. Bəzi siyasətçilərin Fransada "Charlie Hebdo" satirik jurnalının Məhəmməd Peyğəmbərin karikaturasını yaydığına görə terrora məruz qalmasını müsəlmanların əməli kimi qələmə verərək müsəlman dünyasına qarşı arzuolunmaz kampaniyanın aparılmasına çalışması, qətiyyətlə pislənir. Məsələyə reaksiya verən Azərbaycan Qafqaz Müsəlmanları İdarəsi Fransada baş verən son terror hadisəsini "ciddi" qınadığını bildirib. "Hər hansı təcavüz və ya qətlin din adından, guya dinin maraqlarının qorunması pərdəsi altında törədilməsi, din adından sui-istifadə edilməsi yolverilməz haldır. Heç bir səmavi din, o cümlədən İslam buna haqq qazandırmır. Terror İslamın istəyi deyil", bəyanatda deyilir.
Hakim Yeni Azərbaycan Partiyasının saytında yayılan bəyanatda deyilir ki, "səbəblərindən və harada törədilməsindən asılı olmayaraq, terrorizmi insana, insan haqlarına və insan ləyaqətinə qarşı çevrilmiş ən ağır cinayət hesab edirik".
Bəyanatda o da qeyd edilir ki, "müsəlmanların Peyğəmbərinin təhqir olunması, yüz milyonlarla inanclı insanın hisslərinin aşağılanması yolverilməzdir", lakin "bu, heç bir halda insan qanının tökülməsinə haqq qazandıra bilməz".
Bu cür bəyanatlar bir sıra müsəlman ölkələri tərəfindən verilsə də, xarici mətbuatda islam dininə,onun əsas daşıyıcıları olan müsəlmanlara qarşı "qara piar maşını" işləməkdə davam edir. Hətta "Charlie Hebdo" satirik jurnalının Məhəmməd Peyğəmbərin karikaturasını təkrar yayacağı barədə məlumatlar yayılıb. Bəs görəsən Azərbaycanda media dini məslələrdə hansı nüasları diqqətdə saxlamalı, müxtəlif dini inanclara sitayiş edən insanların yaşadığı cəmiyyətimizdə nələri nəzərə almalıdır?
"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyir ki, tolerantlıq Azərbaycan xalqının yüksək dəyərlərindən biridir. Ona görə də, media müxtəlif dini mövzulara toxunduqda bunu nəzərə almalı, həssa yanaşmalıdır: "Azərbaycanda islam dini ilə bərabər, digər dinlərə də hamı hörmətlə yanaşır. Ölkədə dini məbədlər tikilir, bərpa olunur. Mətbuat bəzən sensasiya yaratmaq naminə, yaxud bilməyərəkdən müəyyən məsələlərə yanaşmaqda səhvlərə yol verir. Hər bir mətbu orqan din-dövlət, din-cəmiyyət mövzularında yazanda həssaslıq göstərməlidir. Yazılan yazı ölkəmizdə yaşayan müxtəlif dini inanclara sitayiş edən insanların heysiyyatına toxunmamalıdır. Əgər hansısa səmavi dinlə bağlı mövzuya toxunulursa, həmin dinin daşıyıcılarına yönəlmiş təhqiramiz ifadələr onun bir insan kimi hüquqlarına vurulan zərbədir. Çünki, Azərbaycanda dini etiqad azadlığı var. Heç bir insan hansısa dini baxışına görə təhqir edilə, aşağılana, müxtəlif təyziqlərə məruz qala bilməz.
Millət vəkili Çingiz Qənizadə deyir ki, ölkədə qanunvericilik bazası belə müxtəlif dinlərə inanan, itaət edən insanların hüquqlarını tam mənada qoruyur: " Azərbaycan Respublikasının Əsas Qanunu - Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə "Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabərdir. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir. Bununla yanaşı 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan "Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir". Millət vəkili ona görə də, ölkəmizdə medianın da müxtəlif dini azlıqlardan yazarkən qanunun tələbinə əməl etməsinin vacib olduğunu söyləyir. İçərişəhər "Cümə" məscidinin imam-camaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlu deyir ki, baş verən terror aktı müqəddəs İslam dini ilə daban-dabana zidd olan bir cinayətdir: ""Biz bunu təkfirçi İŞİD-çilərin son dövrlərdə həyata keçirdiyi ant-İslami davranışın bir halqası kimi də dəyərləndiririk".
Onun sözlərinə görə, söz azadlığı və özünüifadə kimi mühüm bəşəri dəyərlər, bir sıra hallarda müqəddəs dəyərlərə təhqir kimi rəzil əməllərlə deformasiyaya uğradılır və gözdən salınır. İ. İbrahimoğlu, bunu müsəlman dünyasına qarşı "mənəvi terror" adlandırır.
525-ci qəzetin baş redaktoru Rəşad Məcid isə hazırda Azərbaycan mediasında dini mövzuların elə də geniş yer almadığını, medianın həmişə insanların dini inanclarına hörmətlə yanaşdığını bildirdi. R. Məcid deyir ki, əvvəllər ayrı-ayrı jurnalistlər tərəfindən aqressiv münasibət sərgilənsə də, buna ictimai qınaq olub: "Bu gün Azərbaycanda "Charlie Hebdo" kimi aqressiv mətbu orqan da fəaliyyət göstərmir. Media dini mövzularda ölkəmizdə yaşayan müxtəlif xalqların dünya görüşünə, dini inancına deyərdim ki, sayqı göstərir. Yəni bizim mediada belə bir qabarıq formada problem yoxdur. Qeyd edim ki, ümumiyyətlə Azərbaycan xalqı tolerant xalqdır. Əgər belə olmasaydı əsrlərlə başqa xalqların nümayəndələri bizim ölkəmizdə yaşayaraq özlərinə məskən salmazdılar. Xalqımız onlara dünya görüşünə, dilinə, dini inancına görə heç vaxt fərq qoymayıb, aşağılamayıb. Bu gün Azərbaycan tolerant ölkə kimi nümunə göstərilir. Bunun kökündə də məhz dini baxışlara görə insanların fərqləndirilməməsi, medianın dini mövzulara həssaslıq nümayiş etdirməsi durur".
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53