Xalq elə buna görə sizdən üz döndərib
10:34 27-02-2015
İQTİSADİYYAT
Xalq elə buna görə sizdən üz döndərib
Demokratiya korun gözəllik müsabiqəsinin münsiflər heyətində yer almaq hüququdur, deyilmi? Belə nəql edirlər ki, Azərbaycan rayonlarından birində ahıl nənə futbol aşiqi olan nəvəsinin dünya çempionatındakı matçlardan birini seyr etdiyi zaman otaqda imiş.
Matçı Qətərin "Əl Cəzirə" telekanalı göstərirmiş və təbii ki, şərhçi də ərəbcə danışırmış.
Həmin o bədəməl şərhçi hər "Maşallah! İnşallah! Yalla, yalla ya həbibi mən!" bağıranda qoca nənə "Amin Allah! İnşallah Amin!" deyirmiş.
Nənə sidq-ürəkdən düşünürmüş ki, şərhçi ərəbcə danışırsa, deməli, Quran oxuyur.
Azərbaycanda bir partiyanın üzvləri arasında da rəhbərliyin hər sözünə "Bəli! Eynən" deyənlər, əfsuslar, hələ də var.
...AXCP rəhbərliyinin qrammatika sevgisi var, deyəsən. Vaxtilə "Xalq Cəbhəsi" adlanan, sonra məqsədləri kiçilib məramları ucuzlaşan və hərəkətlərində xaos yaranan bu siyasi təşkilatın rəhbərliyi qurumu qrammatika qaydalarına uyğun idarə edir.
AXCP rəhbərliyinin yürütdüyü siyasətdə səhv nə varsa, sıravi üzvlər üçün qayda qismində təsdiqlənir.
Qrammatikada da belədir: hamının etdiyi səhv sonradan qaydaya çevrilir.
AXCP sədri Əli Kərimli də son illərdə nə etməyi yox, nə danışmağı düşündüyündən təşkilatın sıralarındakı axın səngimir.
Danışmaq əvəzinə iş görmək, söz yerinə əmələ üstünlük verənlərlə yanaşı, yaşananları təhlil etməyi bacaranlar qurumdan uzaqlaşırlar.
Onların istisnasız olaraq hamısı - aralarında müxalifətdəki başqa partiyalara qatılanlar və hətta daha da radikallaşanlar az deyil - "Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatda keçirdiyim illərə heyfim gəlir" söyləyirlər.
"Mən ona yanıram" ruhlu açıqlamalar seriyasını AXCP sədrinin artıq sabiq müavini Razi Nurullayev davam etdirib.
Eks-sədr müavini Facebook-dakı profilində yazıb: "Saxta profillər fəlsəfəsini Azərbaycan siyasətinə bir partiya gətirib və buna təəssüf edirəm. Sədr müavinlərindən də bir-ikisi istisna olmaqla hər biri onlarla saxta profil istifadə edir. Bu çox utancverici hərəkətdir. Saxtakarlıqlara qarşı mübarizəni əlində bayraq edən partiya bunu özünə necə uyğun görə bilər?
Utanıram. Həm də yanıram. Yanıram o istismar etdiyiniz cəbhəçilər üçün. Çünki saxta profillər real adamların görünsün deyə, ömründə bir dəfə internetə girməyən cəbhəçilərin adından belə profilləri yaradıb sizdən fərqli düşünənləri söyür və dışlayırsınız.
Bilirəm ki, bu həm də AXCP sədrinin göstərişi ilə yerinə yetirilir. Bəs harada qaldı azad söz, fərqli fikir və digərlərinin düşüncəsinə hörmət? Siz necə özünüzə digər cəbhəçilərin iradəsini zorlamağı rəva görürsünüz?
Saxtakarlıq etməyin. Xalq elə buna görə müxalifətdən üz döndərib. Çünki yalan və saxtadır hər şey… Allah, məni və dostlarımı saxtalıqdan, yalandan və böhtandan qoru!"
Partiya sıralarını tərk edəndən sonra Allaha həmd edən, saxtakarlıqdan şikayətlənərək yanıb qovrulduğunu vurğulayan Razi Nurullayev yaşamının illərini verdiyi təşkilatın rəhbərliyinin kim olduğunu, hansı xislətə yiyəlik etdiyini indi anlayıb?!
Düşünmürəm, çünki R.Nurullayev sadəlövhlüyü maksimum həddə çatan, baş verənləri görməyən, görsə də fərqinə varmayan insan təsiri bağışlamayıb və yəqin ki, son vaxtlarda onun davranışında, xüsusilə də psixotipində köklü dəyişikliklər yaşanmayıb.
Sadəcə, Razi Nurullayev qərinələr əvvəl Şarl de Qollun dediyi "Bütün siyasətçilər iki yerə bölünür: onlardan bəziləri Xeyirlə pərdələnərək Şərlə məşğul olur, digərləri isə heç nə ilə pərdələnməyərək Şər törədirlər" sözlərin gerçəkliyinə indi əmin olub.
AXCP rəhbərliyinin yarıtmaz siyasəti, daha doğrusu, siyasətdən çox uzaq əməllərindən təşkilatın siravi üzvləri dəfələrlə, sürəkli və fasiləsiz şikayətlənirlər.
Bir zamanlar Azərbaycan müxalifətinin lider təşkilatını indi əyalət teatrlarındakı operetta süjetindəki obraza çevirmiş adamların Facebook-da saxta profillər yaratdıqları və ətrafındakılara da belə işlə məşğul olmalarını əmr etdikləri, statuslarına "Like" toplamaq üçün əllaməçilik etdiklərini söyləyir Razi Nurullayev.
Ola bilər.
Fəqət, gecikmiş etirafdır - ona görə ki, real siyasətdə dayanıqlı, ciddi statusa malik olmayanların sosial şəbəkələrdə fəallıqla özlərinə status aramaları, siyasətə parodiya olan fəaliyyətlərinin xalq tərəfindən bəyənilmədiyi halda Facebook-da sözlərinə "bəyənmə"lərin sayını artırmağa çalışmaları qaçılmaz, normal və hətta adidən adi məsələdir.
Razi Nurullayev buna niyə təəccüblənir ki?!
Bəyəm sosial şəbəkələrdə qadın adı ilə yazan kişilər və ya virtual qaydada "kişiləşən" xanımlar azdır? Əsla.
Onların arasında AXCP rəhbərliyinin bilavasitə göstərişi ilə davranaraq "sosial partizanlıq" edənlər də ola bilər və bu da istisna deyil.
Amma bivec taktikadır: partizan fəaliyyəti yerli sakinlərin aşkar və ya gizli dəstəyinə əsaslanan məsələ olduğundan, virtual "söz meşəliyi"ndə hədəf axtaranlar kolluqda azaraq özlərini hədəfə çevirənləri xatırladırlar.
O da aydın olur ki, hərəkətlərinə nəzarət edən, fikirlərini səlis söyləməmyi bacaranlar AXCP sədri Əli Kərimlinin marionetkası olmaq istəmirlər.
Cənab Kərimli bunu sərt tənqid kimi anlayaraq bizdən inciyə bilər, amma nə edəsən ki, həqiqət acıdır və yalnız hind filmlərində kənddə özünü "xilaskar" kimi göstərən adam uzun müddət insanları aldada bilir.
Məsələn, o, heç bir yerdən maliyyələşmədiyini, pulunun olmadığını və qanını qaşığa yığıb əfkari-umumiyyəni demokratiyanın işıqlı yoluna döndərməyə çalışdığını deyə bilər.
Onu da söyləyər ki, övladlarının Londondakı təhsil haqqını Britaniya kraliçası 2-ci Yelizavetanın göstərişindən sonra Kornuoll hersoqu ödəyir.
Hər şey ola bilər bu fani dünyada. Eynən tunelin sonunda işığı görəndə AXCP sədri başqa tunel qazmağa da başlaya bilər.
Bir məqamdan savayı: insanları həmişə və hər yerdə aldatmaq mümkün deyil.
Görünənsə budur ki, Azərbaycanda, deyəsən, kustar sexlərdə kolbasa istehsalı ilə AXCP rəhbərliyinin siyasət mətbəxində qərarların hazırlanması təfərrüatlarını görməyə dəyməz.
Səhhətə ziyandır - sonradan yanğı hissi yaratdığı üçün.
Orxan Hun
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53