Onminlərlə ailə Əkbər Hacıyevə qarşı

"Azəriqaz"dan narazılıqlar getdikcə güclənir

Qış yaxınlaşdıqca "Azəriqaz" İstehsalat Birliyindən şikayətlər də artmaqdadır. Şikayətlər isə həm Bakıdan, həm də bölgələrdən gəlir.
Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1/A ünvanındakı binanın sakinləri 6 ildir ki, yaşadıqları binaya qaz verilməməsindən şikayətlənir.
Adıçəkilən binanın komendantı Elnur Hüseynov deyib ki, 4 ilə yaxındır bir çox aidiyyəti qurumlara müraciət etsələr də bunların hamısı cavabsız qalıb: "Bizim yaşadığımız binanı tikən şirkətdən başlayaraq bir çox qurumlara müraciət etmişik. Amma hər dəfə nəticəsiz qalıb. Abşeron Rayon İcra Hakimiyyətinə, Xırdalan icra nümayəndəliyinə, "Azəriqaz"a müraciət etmişik. Neçə ildir bizə deyirlər ki, texniki şərt hazırlanır, iş gedir. Amma ortada heç bir iş, heç bir nəticə yoxdur".
E.Hüseynovun sözlərinə görə, binaya qaz boruları çəkilsə də mənzillərə çəkilməyib: "Balkonlara qədər qaz boruları çəkilib, amma mənzillərə daxil olmayıb. Mənzillərin içində heç nə yoxdur. Ona görə də qış aylarında sakinlər məcbur olub qaz balonlarından istifadə edir. Bu da təhlükəlidir".
Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, MTK tərəfindən tikilən binalara qazın verilməsi məsuliyyətini həmin şirkət daşıyır: "Şirkətlər bina tikəndə "Azəriqaz" İstehsalat Birliyi ilə müqavilə imzalayır və texniki şərt alır, sayğaclar qoyulur. Fövqəladə Hallar Nazirliyi də təsdiqləyəndən sonra binaya qaz verilir. Yəni burada icra hakimiyyətinə aid heç bir iş yoxdur".
"Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticəsiz qalıb.
Binanı tikən "R+R" MTK-nın nümayəndəsi Vaqif Hüseynov isə yalnız sənədlərin hazırlandığını deməklə kifayətləndi: "Sənədlər hazırlanıb, işlər yekunlaşandan sonra binaya qaz veriləcək".
Analoji vəziyyətlə Abşeron "Gənclər şəhərciyi"ndə məskunlaşan sakinlər də üzləşiblər. Onlar illərdir hər havalar soyumağa başlayanda onlara verilən vədlərdən boğaza yığılıblar.
Rayonlarda isə Əkbər Hacıyevin rəhbərlik etdiyi qurumun qazlaşdırmanı sürətli apara bilməməsi ilə bağlı şikayətlərin ardı-arası demək olar, kəsilmir.
Elə bu yaxınlarda məlum oldu ki, Gədəbəyin Ermənistanla sərhəd Şınıx bölgəsinin kəndlərinin qazlaşdırılması problemi "Azəriqaz" rəhbərliyinin bu bölgəyə qarşı ayrı-seçkiliyi və anlaşılmaz münasibəti üzündən düyünə düşüb. Bölgənin cəmi 3-4 kəndinə qaz verilsə də 20-yə yaxın kənd qazsızdır. Və meşələr qırılıb tükənmək üzrədir, əhali yanacaq problemi üzündən evlərini tərk edir.
Təzəlikcə "Azəriqaz" rəhbəri Əkbər Hacıyev keçirdiyi mətbuat konfransıda elan edib ki, Şınıx bölgəsinin qalan kəndləri qazlaşdırılmayacaq və əhali onlardan qaz gözləməsin. Ə.Hacıyev bunu "bölgənin kəndlərinin keçilməz olması və texnikanın işləməsinin çətinliyi" ilə izah edib. Hərçənd ki, bu arqumentin tamamilə əsassız olduğunu bölgənin coğrafi şəraitinə bələd olanlar yaxşı bilir.
O vaxt Əkbər Hacıyevin bu bəyanatı Gədəbəy rayon rəhbərliyində də narahatlıq yaratmışdı və onun rəhbərlik etdiyi İstehsalat Birliyinin tabe olduğu SOCAR-ın prezidenti Rövnəq Abdullayevə rəsmi məktub göndərilərək məsələyə izahat verilməsi istənilmişdi. Amma sonradan məlum olmadı ki, SOCAR rəhbərliyi həmin müraciəti necə cavablandırıb.
Yeri gəlmişkən, xatırlatmaq istərdik ki, hələ bu ilin ortalarında ölkə mətbuatı "Azəriqaz"ın ən çox giley-güzar edilən dövlət qurumlarından biri, bəlkə də birincisidir. Bu İstehsalat Birliyinin rəhbərliyi vətəndaşların şikayət və narazılıqlarını quru vədlərlə ötüşdürməkdə demək olar, peşəkarlaşıb.
Halbuki ölkə başçısı son vaxtlarkı çıxışlarında məmurları vətəndaşların problemlərinə qarşı diqqətli və həssas olmağa dəvət edir, əhalini incidən vəzifəli şəxslərə qarşı sərt cəza tədbirlərinin görüləcəyini bildirir. Amma təəssüf ki, "Azəriqaz" da daxil olmaqla, bəzi dövlət qurumları dövlət rəhbərinin xəbərdarlıqlarından, tövsiyə və göstərişlərindən lazımi nəticə çıxarmaqda yubanırlar.
Məqamı düşüb, onu da qeyd edək ki, prezident İlham Əliyev Azərbaycanın tamamilə qazlaşdırılması məsələsini ciddi şəkildə qaldırıb və bu prosesin sürətlə həyata keçirilməsini tələb edib. Təəssüf ki, müşahidələr və rəsmi göstəricilər "Azəriqaz"ın ölkə ərazisinin tamamilə qazlaşdırılması istiqamətində üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirdiyini söyləmək üçün əsas vermir.
Hesab etmək olar ki, adıçəkilən İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı haqqında danışdığımız neqativ məqamlar, xüsusilə vətəndaşların bu qurumdan şikayətlərinin azalmaq əvəzinə, daha da artması, Azərbaycanın tamamilə qazlaşdırılması istiqamətində prosesin ləng getməsi islahatlar dalğasının "Azəriqaz"a da çatmasına, onun da önəmli kadr və struktur dəyişiklikləri yaşamasına gətirib çıxaracaq.
Sənan Mirzə