Fazil

Fazil Məmmədovla Cahangir Əsgərov üçün də yolun sonu göründü

Daha iki oliqarxın vəzifədən uzaqlaşdırılması gündəmdədir

Azərbaycanda ölkə qanunlarına hörmətsizlik nümayiş etdirən iri çaplı məmurların cəzalandırılması prosesi davam edir. Milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyinin daha bir neçə yüksək çinli əməkdaşının vəzifəsindən uzaqlaşdırılmasından, bəzilərinin isə həbs edilməsinin ardından srağagün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da postundan kənarlaşdırıldı.

Hazırda bu nazirliyin də bir neçə məsul əməkdaşı nəzarət altındadır, onların qanunsuz əməlləri ilə bağlı araşdırmalar aparılır.
Ölkə KİV-i, o cümlədən, "Unikal" qəzeti ötən saylarında bir sıra yüksək vəzifə sahiblərinin "vurulmasının" davam edəcəyi barədə yazıb. Əldə etdiyimiz məlumata görə, Əli Abbasov postunu itirən sonuncu nazir olmayacaq. Xüsusilə ölkə başçısının bu il keçirilən iki müşavirədə fəaliyyətlərini kəskin tənqid etdiyi digər iri məmurların da qarşıdakı günlərdə görəvlərinə xitam verilməsi şübhə doğurmur.
Hələliksə əsasən iki oliqarxın da Eldar Mahmudov və Əli Abbasovun aqibətini yaşayacağına dair ehtimallar yüksəkdir. Bunlardan biri vergilər naziri Fazil Məmmədovdur.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vergi sistemi ilə bağlı sərt tənqidi fikirlər söyləyib. Dövlət rəhbəri bildirib ki, ölkədə vergivermə mədəniyyəti tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Prezident əlavə edib ki, Vergilər Nazirliyi Bakıda və rayonlarda haqq qoyur, pay istəyir, "krışalıq" edir: "Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlərsə ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar".
Bundan sonra Fazil Məmmədov ciddi şəkildə hərəkətə keçib. Öncə kollegiya iclası keçirən F. Məmmədov iclasdakı çıxışında prezidentin ayrı-ayrı vergi orqanlarının ünvanına səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması istiqamətində artıq ciddi addımlar atıldığını bildirən nazir neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib. Bundan sonra isə Məmmədov nazirlikdəki bir sıra kadrların "təmizlənməsinə" start verib. Aydın məsələdir ki, həmin addımlar vergilər nazirinin düşdüyü durumun ağırlığının fərqində olması ilə əlaqəlidir. O, Vergilər Nazirliyi barədə cəmiyyətdə formalaşmış mənfi təəssüratları əhəmiyyətli şəkildə azaltmaqla özünü sığortalamağa çalışır.
Amma çətin ki, həmin səylər bir nəticə versin. Çünki "MTN işi"nin bir qolu da Fazil Məmmədovun nazirliyinə doğru uzanmaqdadır və sonda vergilər nazirinin də Əli Abbasov kimi yola salınacağı ehtimalı kifayət qədər yüksəkdir.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov da "topun ağzındakı" oliqarxlardandır. Onun işdən azad ediləcəyinə dair xəbərlər bir neçə aydır gündəmdədir, son günlər isə belə iddialar daha da intensivləşib.
Qeyd edək ki, "AZAL"la bağlı da ölkə başçısı bir neçə ay əvvəl kəskin narazılığını ifadə edib. Ona görə də gözləmək olar ki, qarşıdakı qısa zaman kəsiyində daha da sürətlənəcək islahat dalğasının "qurbanlarından" biri də məhz AZAL "şef"i Cahangir Əsgərov olacaq.
Xatırladaq ki, prezident Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı məsələ ilə bağlı sərt iradlarını və xəbərdarlıqlarını çatdırıb. "Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?" - dövlət rəhbəri deyib.
Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: "Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır".
Ölkə başçısının məsələyə müdaxiləsindən sonra Cahangir Əsgərov bahalı aviareyslərlə bağlı müəyyən addımlar atsa, ən azı AZAL-dan verilə açıqlamalarda aviabiletlərin ucuzlaşdırılması yönündə işlər görüldüyü bildirilsə də, bu mövzu aktuallığını qorumağa, bahalı uçuş biletləri ilə bağlı narazılıqlar, şikayətlər eşidilməyə davam edir.
Bu günlərdə isə AZAL-ın 99 avroluq bilet vədinin əslində blefdən başqa bir şey olmadığı aydınlaşıb. Belə ki, Bakının mərkəzi küçələrində 99 avroya bəzi ölkələrə səyahət etməklə bağlı elan və reklamlar yerləşdirilib.Ölkənin tanınmış turizm şirkətləri isə 99 avroya biletlərin ümumiyyətlə satılmadığını bəyan ediblər.
Bir sözlə, Cahangir Əsgərovun ölkə başçısının məlum çıxışından yetərincə nəticə çıxardığını söyləmək çətindir.
Bundan başqa "MTN işi"nin bir ucunun da AZAL-a gedib çıxa biləcəyi yönündə iddiaların ardı-arası kəsilmir.
Bütün bu deyilənlər fonunda isə Cahangir Əsgərovun yaxın vaxtlarda postu ilə vidalaşacağına dair iddiada həqiqət payının kifayət qədər yüksək ola biləcəyinə inanmamaq mümkün deyil.
Sənan Mirzə