Uzun müddətdir ABŞ-də mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalıya hücum edən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, Obalı bu barədə özünün sosial media hesabında paylaşım edib.

Əhməd Obalı deyib ki, baş verənlər haqqında çoxsaylı şayiələr yayılıb və bu şayiələr həqiqəti əks etdirmir. Onu vəhşicəsinə döyən şəxs isə ABŞ polisi tərəfindən saxlanılıb: "Cinayəti törədən adam tutulub. Polisin istəyi budur ki, biz kimsəylə bu barədə danışmayaq və şayiələrin yayılmasına şərait yaratmayaq. Araşdırma gedir və hər şey bəlli olacaq. Bu məsələnin arxasında daha kimlər ola bilər axtarılır".

Güneyli milli fəal səhətinin normal olduğunu və ölüm təhlükəsini atlatdığını deyib: "Vəziyyətim yaxşıdır, ancaq hələ ki əlim və ayağım iflic vəziyyətdədir. Ona da ümid var ki, düzələcək".

Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, ABŞ-də mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı mayın 21-də səhər saatlarında Kaliforniya ştatında naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb.