İyulun 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (ŞİH) Taleh Qaraşov Mamusta kənd inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar görüş-qəbulunu keçirib.

"Unikal" xəbər verir ki, Mamusta və Daşdalıqcar kəndlərini əhatə edən görüşdə şəhər İcra hakimiyyəti aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, eləcə də yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

İcra başçısı əvvəlki qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə sakinlərə ətraflı məlumat verib. Səyyar qəbulların əhəmiyyətindən danışan Taleh Qaraşov qeyd edib ki, bu cür görüşlərin əsas məqsədi vətəndaş müraciətlərinə həssaslıqla yanaşmaq, məmur-vətəndaş münasibətlərini inkişaf etdirmək və vətəndaş məmnunluğunu təmin etməkdir. Eyni zamanda, yerlərdəki çatışmazlıqların ümumiləşdirilərək yuxarı qurumlara çatdırılması və problemlərin həlli üçün effektiv mexanizmlərin hazırlanması qarşıda duran əsas hədəflərdəndir. Onun sözlərinə görə, dövlət başçısının göstərişinə uyğun olaraq keçirilən bu görüşlər əhalini narahat edən məsələlərin yerindəcə obyektiv və ədalətli şəkildə həll olunmasına xidmət edir.

Daha sonra sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti üzrə lazımi tapşırıq və tövsiyələr verilib. Kənd sakinləri öz fikir və istəklərini rayon rəhbərliyinə sərbəst şəkildə çatdırmaq imkanı əldə ediblər. 

Sonda Mamusta və Daşdalıqcar kəndlərinin sakinləri sosial-iqtisadi şəraitlərinin yaxşılaşdırılmasına göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.