"Unikal" "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasovun müsahibəsini təqdim edir.
- Azərbaycanda internetin vəziyyətini necə qiymətləndirirsiniz?
Bizim yerli internet provayderlər özlərini dünya təcrübəsindən xəbərsiz kimi aparırlar. Qonşu bazarlarda minimum internet tarifləri artıq 200–300 Mbit/s diapazonuna yüksəlib, hətta bəzi bazarlarda minimal standart 500 Mbit/s olaraq qəbul edilir.
Ölkədə 1 Gbit/s sürəti dəstəkləyən infrastruktur qurulub. Bu o deməkdir ki, istehlakçıların 1 Gbit/s sürətində olan paketlərdən istifadə etmək imkanları var. Buna baxmayaraq ölkədə fəaliyyət göstərən təxminən 200 internet provayderindən yalnız üçünün istifadəçilərinə təqdim etdiyi orta sürət 150 Mbit/s-nin üzərindədir. GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tam tətbiq edildiyi ölkədə provayderlərin əksəriyyətinin 50–100 Mbit/s sürət verməsi heç bir məntiqə sığmır. Provayderlərin bu - yanaşmasının nəticəsini isə Azərbaycan internet istifadəçisi çəkir.
Sualınıza qısa belə cavab verə bilərəm: infrastruktur baxımından müasir, provayderlərin yanaşması baxımından isə geridə qalmış. Düzgün qiymətləndirilməlidir.
- Provayderlər nə etməlidirlər?
Məsələ infrastruktur, istifadəçi təcrübəsi və qiymət kontekstində düzgün dəyərləndirilməlidir. Provayderlərimiz artıq neçə ildir ki, dünyada təcrübədən keçmiş və postulat halını almış yanaşmanı tətbiq etmirlər, israrla yayınırlar. Burada təkcə istehlakçılara deyil, həm də rəqəmsal iqtisadiyyata dəyən zərər heç bir məntiqə sığmır.
Mənim hesablamalarıma görə, ölkədə iki il bundan əvvəl dövlət layihəsindən əlavə, özəl provayderlər tərəfindən də yaradılmış GPON infrastrukturunun ümumi əhatə dairəsi 4 milyon təsərrüfatdan çoxdur. Yenə təkrar edirəm: ölkədə 1 Gbit/s sürəti dəstəkləyən infrastruktur qurulub. Başqa sözlə, həm özəl, həm də dövlət provayderləri 1 Gbit/s-yə qədər sürət paketləri təqdim etmək iqtidarındadır. Onlar istehlakçılara yüksəksürətli paketləri daha sərfəli şərtlərlə təklif etməlidir. Düşünürəm ki, başlanğıc sürətli 200–300 Mbit/s aralığına yüksəltmək, tarifləri isə 2 dəfə ucuzlaşdırmaq lazımdır.
- Bəlkə problem istifadəçilərin alıcılıq qabiliyyətinin aşağı olmasıdır?
Bu təklifi irəli sürərkən istehlakçıların alıcılıq qabiliyyətini də nəzərə alıram. Hazırda Azərbaycanda hər 3 abunəçidən 2-si (65%, 1,5 milyon nəfər) artıq 100 Mbit/s-1 Gbit/s sürət diapazonunda internetdən istifadə edir, 1 Gbit/s-dən yuxarı paketə keçənlərin sayı isə son iki ildə 22 dəfə artıb. Bu proses bazarda 50–100 Mbit/s sürət paketlərinin təklif edildiyi şəraitdə baş verir. Rəqəmlər açıq şəkildə göstərir ki, bazarda yüksəksürətli paketlərə tələb var. Digər tərəfdən isə 1 Gbit/s çərçivəsində paketlərin verilməsi üçün provayderlərin əlavə investisiya qoymasına da ehtiyac yoxdur. Provayderlər bunun üçün yetərli infrastrukturu artıq 2 ildir qurublar.
Hesab edirəm ki, əsas problem qiymət siyasətinin düzgün qurulmamasındadır. Mənim təklifim əslində çox sadədir:
Başlanğıc tarif paketlərindəki sürətləri 2,5–3 dəfə artırmaq, yəni 100 Mbit/s əvəzinə, 250–300 Mbit/s paketlər təklif etmək.
Bir şərtlə ki, qiymətlər hər Mbit/s üçün ən azı 2 dəfə azaldılacaq, yəni Mbit/s üçün 25 qəpik əvəzinə 11–12 qəpik tətbiq ediləcək.
- Bu, istehlakçı davranışında nəyi dəyişəcək?
Bu halda 25 AZN ödəyib 100 Mbit/s sürət paketindən faydalanan istifadəçi 28–31 AZN ödəyərək 250–300 Mbit/s-lik paketlərə keçməyə üstünlük verəcək. Çünki o, sadə dillə desək, bir neçə manat artıq ödəyərək bir neçə dəfə daha yüksək sürət əldə edəcək.
Yəni əlavə xərc cüzi şəkildə artarkən, əldə edilən fayda (burada sürət) bir neçə dəfə artır. Rasional istehlakçı davranışı nəzəriyyəsinə əsasən, belə bir nisbətsizlik şəraitində istehlakçı yüksək tarifə keçidi “sərfəli gediş” kimi qiymətləndirəcək, çünki hər ödənilən əlavə manatın gətirdiyi marjinal fayda aşağı tarifdə qalmaqdan dəfələrlə yüksək olacaq. Siz özünüz cari internet tarifinizə 2 manat əlavə etməklə üç dəfə daha yüksək sürət əldə etmək istəməzsinizmi?
- Bəs istifadəçinin bu sürətlərə doğrudan da ehtiyacı varmı?
Az əvvəl danışdığımız istifadəçi miqrasiyası bunun ən bariz nümunəsidir. 2005 – 2012-ci illərdə ADSL texnologiyası geniş yayılmışdı və istifadəçilərin böyük hissəsi 512 Kbit/s-1 Mbit/s aralığında sürətlərlə internetə qoşulurdu. Həmin dövrdə internetdən istifadə əsasən saytlara baxış, e-poçt və sadə mesajlaşma ilə məhdudlaşdığı üçün 1 Mbit/s kifayət qədər rahat istifadə təcrübəsi təqdim edirdi.
Müasir istifadəçi üçün məişətdə internetdən istifadə artıq tək bir nəfərin brauzer açması ilə məhdudlaşmır. Bir ailədə eyni vaxtda “smart” TV-də HD/4K format izlənilir, uşaqlar onlayn dərslərə qoşulur, böyüklər uzaqdan işləyir, videozənglər aparır, “ağıllı” ev cihazları (kamera, termostat və s.) daimi şəkildə şəbəkəyə bağlı qalır. Bu yüklərin yaratdığı ümumi trafik 100 Mbit/s və aşağı sürətlərdə artıq gecikmə və keyfiyyət itkisinə səbəb olur. -
Praktika göstərir ki, 250 Mbit/s bu cür çoxistifadəli mühitdə rahat və fasiləsiz əyləncə və iş şəraitini təmin edən real minimum hədd kimi çıxış edir.
Dünya təcrübəsi də göstərir ki, provayderlər qiymət siyasətini müəyyən edərkən yüksəksürətli paketləri digər paketlərlə müqayisədə daha sərfəli təklif edirlər. Bizdə isə tövsiyə və tənqidlərimizə baxmayaraq, yerli provayderlər tərsini etməkdə israrlıdır.
- Qorxmursunuz ki, provayderlər tərsinə edərlər? Yəni həm sürəti, həm də qiyməti 2–3 dəfə artırarlar.
Hesab edirəm ki, provayderlərin rəhbərliyində kifayət qədər rasional düşünən insanlar var. Onlar da şirkətlərinin mənfəətli fəaliyyət göstərməsini istəyirlər. İstifadəçini iki dəfə daha çox məmnun etmək üçün sürəti üç dəfə artırmaq şirkətlərin həm maliyyə dayanıqlığını, həm də ölkənin rəqəmsal iqtisadiyyatına verdiyi töhfəni artıra bilər. Şirkətlərdə bu məqamları başa düşən insanların olduğunu görürəm və əminəm ki, provayderlər ən qısa zamanda qiymət siyasətlərini dəyişəcəklər.



















.jpg)






.jpg)















.jpg)


