Tağı Əhmədov vədini yerinə yetirmədi
12:31 22-05-2012
CƏMİYYƏT
Tağı Əhmədov vədini yerinə yetirmədi
Bakı metrosuna kondisionersiz vaqonların gətirilməsi mümkün olmadı
"Eurovision"la əlaqədar hökumət Azərbaycan paytaxtına gələcək iştirakçı ölkələrin nümayəndələrinin və xarici qonaqların rahatlığını təmin etmək üçün çoxsaylı addımlar atıb. Müvafiq qurumlara tapşırılıb ki, onlar Bakıda bu məqsədlə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirsinlər. Əks halda həmin qurumların rəhbərlərinin müsabiqə başa çatdıqdan sonra qınağa tuş gələcəyinə dair KİV-də davamlı şəkildə informasiyalar özünə yer almaqdadır.
Əgər bu yazılanlar doğrudursa, o zaman Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun belə məmurlar sırasında olacağına şübhə yoxdur. Məsələ burasındadır ki, adətən hər il apreldən başlayaraq Bakı metrosunda sərnişinlər havasızlıq şəraiti ilə üzləşirlər. Havaların azacıq qızması kifayət edir ki, paytaxtın metro qatarlarındakı vaqonlarında nəfəs almaq müşkülə çevrilsin. Bakı metrosunda hava çatışmazlığı və isti ilə əlaqədar sərnişinlər inanılmaz çətinlik, daha doğrusu, əsl işgəncə çəkirlər. Ona görə də hesab olunur ki, isti havalarda metronun içərisində kondisionerin olması mütləq lazımdır. Ən azı vaqonların havalandırma sistemləri ilə təchizatı yoluna qoyulmalıdır ki, hər gün yüzminlərlə insanın istifadə etdiyi bir nəqliyyat vasitəsində sərnişinlərin üzləşdiyi məşəqqət qismən azaldılsın.
Bu məsələ illərdən bəridir ki, Azərbaycan mətbuatının müzakirə mövzularından biridir. Əvvəllər metro rəhbərliyi bu yöndəki iradlara yetərincə laqeyd münasibət bəsləyir, ən yaxşı halda Bakı metropoliteninin maliyyə imkanlarının yaranmış problemin həllinə imkan vermədiyini söyləyirdilər. Amma "Eurovision" mahnı müsabiqəsinə hazırlıq dönümündə sözügedən problemin həlli istiqamətində metro rəhbərliyinin söyləmlərində bir yumşalma hiss olunmağa başladı.
Belə ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bir müddət əvvəl açıqlamasında Yeni Yasamal yaşayış massivindən Bülbülə qəsəbəsinə kimi çəkiləcək 19 kilometrlik metro xəttində işləyəcək vaqonlarda kondisioner olacağını bildirmişdi.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva isə dünənki açıqlamasında bildirib ki, gələcəkdə vaqonlarda kondisionerlər olacaq. Onun sözlərinə görə, hazırda kondisioner olmasa da, yenə ən sərin yer elə metrodur.
Metropoliten rəsmisi deyir ki, metronun bütün stansiyalarında hava təmizləyiciləri işləyir: "Özüm də metrodan istifadə edirəm. Stansiyanın içərisində hava normaldır, vaqonlarda yayda isti olur. Metronun inkişaf proqramında nəzərdə tutulub ki, qatarlarda da kondisioner quraşdırılsın. Dəqiq vaxtı söyləmək mümkün deyil".
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov isə dünən bildirib ki, yeni alınan vaqonlarda kondisioner olacaq. Yeni qatarlar alındıqca metrodakı kondisioner problemi də həll olunacaq. Baş mühəndis kondisionerli qatarların 2013-cü ildə xəttə buraxılacağını vurğulayıb.
Əvvəla, metro rəsmilərinin Bakı metrosunu ən sərin yer adlandırması sadəcə, təəssüf doğurur. Xüsusən pik saatlarda Bakı metrosundakı vaqonlarda hərəkət etməyin necə bir işgəncəyə çevrildiyinə hər kəsin şahidlik etdiyi halda, bunun əksini iddia etmək yumşaq söyləsək, obyektivlikə bir araya sığmır, reallıqla heç cür örtüşmür. Bu mövzuda dəfələrlə yazılı mediada şikayətlər, araşdırmalar, reportajlar dərc olunub, telekanallarda süjetlər nümayiş etdirilib. Belə çıxır ki, ölkə mediasının böyük bir bölümü sözügedən məsələ ilə bağlı sadəcə, yalan danışır.
İkincisi, bu ilin aprelin ikinci yarısından etibarən Bakıda istilər artmağa başlayıb. May ayı isə daha isti keçir, hətta son bir neçə gündə istilər 30 dərəcə və üstündədir. Bu isə o deməkdir ki, artıq metromuzun ənənəvi dözülməzliyi başlayıb. Bundan isə xüsusən "Eurovision" münasibəti ilə paytaxtımıza gələn qonaqların əziyyət çəkəcəyi şübhəsizdir.
Bir sözlə, metro rəhbərliyi bir qədər çevik tələssə, əslində 2013-cü ilə keçirdikləri kondisionerli vaqonları elə nüfuzlu mahnı yarışması ərəfəsində də ölkəyə gətirə və xəttə qoşa bilərdilər. Bu isə "Eurovision" qonaqlarını isti havada metroda çəkdikləri işgəncədən azad edərdi.
Biz isə dözəcəyik, necə olmasa da adətkardayıq, dözümlü xalq olmağımız da öz yerində.
Mehman Əzizli
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10