Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş "Böyük Quruculuq Missiyası: 1969-cu ildən başlayan memarlıq yolu" mövzusunda tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, tədbir 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun RİH başçısı aparatının inzibati binasında təşkil olunub.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini dərin ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Seymur Orucov bildirib ki, xalqı üçün qüdrətli müasir müstəqil Azərbaycan quran böyük memar Ulu Öndər Heydər Əliyevin xatirəsi qəlblərdə daim minnətdarlıqla anılır. Məhz Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə ilk dəfə siyasi hakimiyyətə gəlişindən etibarən ölkəmizdə "Böyük Quruculuq Missiyası" adlandırdığımız bənzərsiz bir intibah dövrü başlamışdır. Ulu Öndər hakimiyyətə gəldiyi ilk günlərdən memarlığı sadəcə binaların tikilməsi kimi deyil, milli qürurun, ideologiyanın və xalqın ruhunun gələcək nəsillərə ötürülməsi, eyni zamanda, dünyaya bəyan edilməsi sənəti kimi müəyyən etmişdir. Dahi rəhbərin qətiyyəti sayəsində sovet ideoloji qadağalarına baxmayaraq, memarlıqda tətbiq olunan milli ornamentlər, xalqımıza məxsus memarlıq ənənələrinin müasir üslublarla sintezi bu gün də şəhərlərimizin əsas naxışlarıdır. Bu gün biz qürurla qeyd edirik ki, əsası 1969-cu ildə qoyulan o böyük memarlıq və quruculuq yolu hazırda yeni bir zirvəyə ucalmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu missiya artıq Azad Qarabağda və Şərqi Zəngəzurda davam edir. Şuşanın, Xankəndin, Ağdamın, Füzulinin, Kəlbəcərin, Laçının bir sözlə suverenliyini tam bərpa etmiş bütov Azərbaycanın  milli üslubda, özünəməxsus konsepsiya ilə yenidən qurulması məhz 1969-cu ildə başlayan böyük memarlıq məktəbinin və sarsılmaz quruculuq ruhunun təzahürüdür.

Daha sonra Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın əməkdaşı Murad Babakişiyev, Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov mövzuya dair geniş məruzələrlə çıxış ediblər.