Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Hava Yolları (AZAL) QSC-nin nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarına həsr olunmuş görüş keçirilib.

"Unikal"ın məlumatına görə, BMU-nun rektoru Yaqub Piriyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, universitetin inkişaf strategiyasının əsas istiqamətlərindən biri əmək bazarının müasir tələblərinə uyğun, yüksəkixtisaslı, innovativ düşüncəyə malik mütəxəssislərin hazırlanmasıdır. Qeyd edib ki, yeni sənaye inqilabının çağırışları, rəqəmsal transformasiya prosesləri və süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda informasiya texnologiyaları istiqaməti BMU-da prioritet sahələrdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə tədris proqramlarının beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, müasir infrastrukturun yaradılması və sənaye ilə inteqrasiyanın gücləndirilməsi ardıcıl şəkildə davam etdirilir. Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə atılan addımları vurğulayan Yaqub Piriyev deyib ki, Çin və Cənubi Koreyanın aparıcı ali təhsil müəssisələri ilə uğurla həyata keçirilən ikili diplom proqramları tələbələrə beynəlxalq səviyyədə rəqabətqabiliyyətli bilik və bacarıqlara yiyələnmək, müasir mühəndislik və texnologiya sahələrində qabaqcıl təcrübəni mənimsəmək imkanı yaradır.

Rektor son illər BMU-da elmi fəaliyyətin keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, təhsil, elm və sənaye əməkdaşlığının dərinləşdirilməsi BMU-nun strateji inkişaf konsepsiyasının mühüm komponentlərindən biridir. Yaqub Piriyev AZAL kimi ölkənin strateji əhəmiyyət daşıyan aparıcı qurumu ilə əməkdaşlığın mühəndis və İT sahələri üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, tələbələrin peşəkar inkişafına və gələcək məşğulluq imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Sonra AZAL-ın İnsan Resursları İdarəsinin rəis müavini Nigar Orucova və aparıcı mütəxəssis Əzizbikə Abdullayeva şirkətin universitetlərlə əməkdaşlıq konsepsiyasını və bu istiqamətdə planlaşdırılan layihələri təqdim ediblər. Təqdimatda əməkdaşlığın əsas məqsədinin aviasiya sahəsi üçün perspektivli texniki kadrların erkən mərhələdə müəyyənləşdirilməsi, təhsil ilə istehsalat arasında əlaqələrin gücləndirilməsi və tələbələr üçün səmərəli karyera keçid mexanizminin yaradılması olduğu vurğulanıb. Əməkdaşlığın əsas istiqamətləri kimi BMU-da aviasiya mövzusunda mühazirələrin, seminar və vorkşopların təşkili, "Açıq qapı" günlərinin keçirilməsi, son kurs layihələrinin AZAL-ın fəaliyyət istiqamətlərinə uyğun mövzular üzrə hazırlanması, universitetdə AZAL-ın "SkyHub" istedad platforması çərçivəsində tələbə səfirlərinin (Ambassador) seçilməsi, eləcə də seçilmiş tələbələrin şirkətdə istehsalat təcrübəsinə cəlb olunması məsələləri müzakirə edilib. Qeyd olunub ki,  "SkyHub" platforması vasitəsilə universitet tələbələrinin erkən mərhələdə aşkar edilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və gələcəkdə şirkətin kadr ehtiyatının formalaşdırılması nəzərdə tutulur. 

Görüşdə birgə fəaliyyətin genişləndirilməsi, tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın konkret fəaliyyət planı əsasında davam etdirilməsi barədə razılıq əldə olunub.