İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov 14 iyul tarixinin ölkəmizin ən əlamətdar hadisələrdən birinə təsadüf etdiyini bildirib. O, qeyd edib ki, 57 il əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev keçmiş Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanın rəhbəri seçilib. Onun rəhbərliyi ilə Azərbaycan qısa zaman ərzində keçmiş SSRİ-nin ən inkişaf etmiş respublikalarından birinə çevrilib. Ölkəmizin iqtisadi potensialı gücləndirilib, bununla yanaşı, mədəniyyət sahəsində böyük nailiyyətlər əldə edilib. Azərbaycan xalqının Heydər Əliyevin dövlətimizin müstəqilliyi və inkişafı naminə göstərdiyi xidmətləri yüksək qiymətləndirdiyi, Ulu Öndərin müəyyən etdiyi yola sadiq olduğu, onun irsinə sədaqət və dərin ehtiram bəslədiyi vurğulanıb.
Sonra birinci vitse-spiker Əli Əhmədov bugünkü iclasın gündəliyinə 26 məsələnin daxil edildiyini bildirib. Qeyd edilib ki, iclasda 19 qanun layihəsi üçüncü oxunuşda, 6 qanun layihəsi bir oxunuşda, 1 qanun layihəsi isə birinci oxunuşda müzakirə olunacaq.
Gündəliyin ilk 2 məsələsinin Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyi və mahiyyətcə bir-birinə yaxın olduğu söylənilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Təqdim olunan məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu komitənin müsbət rəyini açıqladıqdan sonra, qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Bildirilib ki, növbəti 4 məsələ cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Kraudfandinq haqqında”, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini üçüncü oxunuşda təqdim edib.
Təqdim olunan dörd qanun layihəsinin hər biri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Daha sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) açıqlamasında məsələ barədə əvvəlki oxunuşlar zamanı ətraflı məlumat verildiyini və layihədə hər hansı əlavə dəyişikliyin edilmədiyi söyləyib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Nəzərə çatdırılıb ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub.
Sonra Aqrar siyasət komitəsinin üzvü Azər Badamov bu iki məsələni təqdim edib.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq, üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin növbəti iki məsələsinin də ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğu və bir-birinə yaxın olduğu bildirilib.
Sonra Aqrar siyasət komitəsinin üzvü Azər Badamov “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu komitənin müsbət rəyini açıqlayıb.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, üçüncü oxunuşda qəbul edilib.
Aqrar siyasət komitəsinin üzvü Azər Badamov Torpaq Məcəlləsində, Mülki Məcəllədə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (üçüncü oxunuş) məlumat verib.
Məsələ barədə rəylər bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Daha sonra Aqrar siyasət komitəsinin üzvü Azər Badamov Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
İclasda Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də (üçüncü oxunuş) nəzərdən keçirilib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin on beşinci məsələsi olan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, məsələyə dair birinci və ikinci oxunuşda geniş məlumat verilib və sənədin mətnində dəyişiklik aparılmayıb. Ona görə də layihənin üçüncü oxunuşda da olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Növbəti məsələni - “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin 18-ci məsələsi olan Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Bədəl Bədəlov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
“Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov diqqətə çatdırıb ki, layihə çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarının qəbul edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.
Sənəd barədə komitə sədri Siyavuş Novruzovun fikirləri dinlənildikdən sonra layihə qəbul olunub.
“Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 248-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
“İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək vurğulayıb ki, sənəddə uyğunlaşdırma xarakterli dəyişikliklər təklif olunur.
Deputat Vüqar Bayramovun dəyişikliklə bağlı fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul olunub.
Vergi Məcəlləsində, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Aqrar siyasət komitəsinin üzvü Azər Badamov məsələ barədə bu komitələrin müsbət rəy verdiyini bildirəndən sonra layihə səsə qoyularaq qəbul olunub.
“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihə səsə qoyularaq qəbul edilib.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov layihə barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırandan sonra sənəd səsə qoyularaq qəbul edilib.
Gündəliyin sonuncu məsələsi olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.
Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
*** 12:14
Milli Məclisin növbədənkənar sessiyasının iclası başa çatıb.
"Unikal" xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda 26 məsələ müzakirə olunaraq təsdiqlənib.
Ə.Əhmədov növbədənkənar sessiyanı bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bununla deputatlar tətilə çıxıb.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Anar Kəlbiyev













.jpg)






























.jpg)




