İnsan haqlarına fərqli baxışlar
Bu gün insan haqları və hüquqları haqqında müxtəlif fikirlər səslənir və bu fikirlər arasında dərin çatların olduğu da sirr deyil. Ekspertlər hesab edir ki, bunun başlıca səbəbi sivilizasiyaların toqquşması və mədəniyyətlərin müxtəlifliyidir.Yəni tutalım, Şərqdə hansısa ənənə insanın hüquqlarına məhdudiyyət gətirirsə, Qərbdə bu qəbul olunmur. Əslində hər iki yanaşmada müəyyən həqiqətlər var və bu həqiqətlər həzm olunmur. Bununla bağlı "Unikal"a "Kayzen" araşdırma mərkəzi maraqlı yanaşma təqdim edib.
Mərkəzin yanaşmasına görə istənilən fərd məhz insan varlığı olduğuna görə doğulduğu andan müəyyən ayrılmaz hüquqlara malikdir və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan bu hüquqları qanunvericilikdə və praktikada təmin etməlidir. Əsas etibarilə,suveren və müstəqil dövlətlər arasında münasibətləri tənzimləmək missiyasını yerinə yetirən beynəlxalq hüquqda fərdlərin əsas hüquq və azadlıqlarını nizamlayan normaların inkişaf etməsi çox böyük əhəmiyyət kəsb edir.Bu normaların məcmusu beynəlxalq insan hüquqları hüququnu (international human riqhts law)təşkil edir.
İnsan hüquqlarının beynəlxalq-hüquqi müstəviyə çıxmasından danışarkən bir məqamı xüsusilə vurğulamaq lazımdır: heç bir mövcud beynəlxalq müqavilə bilavəsitə fərdlərə hüquq və azadlıqlar vermir. İnsan hüquqları sahəsindəki müqavilələrdə işlədilən "hər kəsin… hüququ vardır" konstruksiyası birbaşa fərdlərə deyil, dövlətlərə ünvanlanmışdır. Dövlət müqavilənin iştirakçısı olan digər dövlətlər qarşısında öz üzərinə öhdəlik götürür ki, müəyyən hüquq və azadlıqları yurisdiksiyası çərçivəsində hər bir şəxsə təmin etsin. Belə bir sual ortaya çıxa bilər: əgər hər bir dövlətdə əsas insan hüquları təsbit olunursa, onda beynəlxalq-hüquqi tənzimləməyə nə ehtiyac vardır? Beynəlxalq hüququn bu sahədə rolunu biz aşağıdakılarda görürük:
a) insan hüquqlarının təbii xarakter daşımasını və dövlətin qanunvericiliyindən kənarda və ondan asılı olmayaraq mövcud olmasını bəyan etmək;
b) insan hüquqlarının müdafiəsi məsələsinin dövlətin daxili işi olmadığını bəyan etmək;
c) dövlətlər üçün ümumi standartlar müəyyən etmək (əsas insan hüquq və azadlıqlarının "kataloqunu" müəyyən etmək);
ç) dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmələri üzərində nəzarət mexanizmləri müəyyən etmək.
Beləliklə, insan hüquqlarının müdafiəsi sahəsində ümumi standartlar müəyyənləşdirən və bu standartların dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarət məqsədilə xüsusi mexanizmlər müəyyən edən normaların məcmusuna beynəlxalq insan hüquqları hüququ deyilir.
Beynəlxalq insan hüquqları hüququnun tarixi BMT Nizamnaməsindən başlamışdır.
Bundan əvvəl ayrı-ayrı aktlar mövcud olsa da (məsələn, köləliyin ləğvi, milli azlıqların müdafiəsi və s. ilə bağlı), insan hüquqlarının universal səviyyədə müdafiəsi ideyası ilk dəfə olaraq məhz BMT Nizamnaməsində öz əksini tapmışdır. Burada "irqinə, cinsinə, dilinə, və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətin dəstəklənməsi və həvəsləndirilməsi" BMT-nin əsas məqsədlərindən biri kimi, bəyan edilir (1-ci maddə). "Bütün insanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsinə və riayət edilməsinə dəstək verilməsi" (55-ci maddə) və bunun üçün BMT ilə birgə və ya müstəqil tədbirlər görülməsi (56-cı maddə) dövlətlərin üzərinə vəzifə kimi qoyulur.Gördüyümüz kimi, bu öhdəliklər dəqiq və birmənalı ifadə olunmamışdır. Daha doğrusu, söhbət burada insan hüquqlarının təmin edilməsi və ya insan hüquqlarına hörmət edilməsi vəzifəsindən deyil, bu hüquqlara hörmətin "dəstəklənməsi və həvəsləndirilməsi" vəzifəsindən gedir. Bu vəzifənin məzmununu konkret situasiyalara tətbiq etmək olduqca çətindir. Praktik olaraq bu o deməkdir ki, yalnız insan hüquqlarına tam etinasız yanaşan, bu hüquqları kobud və kütləvi şəkildə pozan dövlət yuxarıda göstərilən Nizamnamə öhdəliyini yerinə yetirməmiş olur.
Məsələn, Tehran girovları haqqında işdə (ABŞ/İran – 1980-cı il) BMT Beynəlxalq Məhkəməsi qeyd etmişdi ki, "insanların qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və onların ağır şəraitdə fiziki təzyiqlərə məruz qoylması – Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərinə… tamamilə ziddir".
Namibiya işində (1971-ci il) Beynəlxalq Məhkəmə Cənubi Afrika Respublikasının bu ərazidə yeritdiyi irqi ayrı-seçkilik siyasətini "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin kobud pozuntusu" kimi səciyyələndirmişdir.
İkinci bir tərəfdən, BMT Nizamnaməsində konkret insan hüquq və azadlıqları sadalanmır. Hansı hüquqların əsas insan hüquqlarına aid olduğunu və onların "beynəlxalq kataloqunu" müəyyən etmək üçün 10 dekabr 1948-ci il tarixdə BMT Baş Assambleyasının 217 (III) saylı qətnaməsi ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildi. 58 BMT üzvündən 48-i Nizamnamənin lehinə səs vermiş, 8 dövlət, o cümlədən SSRİ bitərəf qalmışdı (iki dövlət isə, ümumiyyətlə, iştirak etmirdi). 30 maddədən ibarət olan bu sənəddə vətəndaş və siyasi hüquqlardan başqa, bir sıra iqtisadi, sosial və mədəni hüquqlar da (məsələn, işləmək hüququ, təhsil hüququ, istirahət hüququ və s.) təsbit olunmuşdur. Bəyannamə beynəlxalq insan hüquqları hüququnun, habelə bütövlükdə beynəlxalq hüququn inkişafında misilsiz rol oynamışdır.Onun başlıca müddəaları bir çox konstitusiyalarda və digər qanunvericilik aktlarında öz əksini tapmış, xeyli sayda milli məhkəmə qərarlarının əsasını təşkil etmişdir.Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hüquqi xarakteri barədə müxtəlif fikirlər mövcudur. Hər şeydən öncə, qeyd edək ki, Bəyannamə BMT Baş Assambleyasının qətnaməsidir və onun bilavəsitə hüquqi qüvvəsi yoxdur; müqavilə əvəzinə qətnamə qəbul etməklə, dövlətlər öz üzərlərinə məcburi öhdəliklər götürmək istəməmişlər. Lakin Bəyannamənin əksər müddəaları bu gün adət kimi hamılıqla tanınmışdır. Bilavasitə olmasa da, dövlətlərin ümumi praktikası (müvafiq müqavilələrdə iştirak, Bəyannamənin milli qanunvericiliyə bu və ya digər şəkildə daxil edilməsi, məhkəmə qərarlarında Bəyannaməyə istinad edilməsi və s.) vasitəsilə bu müddəalar ümumi beynəlxalq adət hüququnun bir hissəsinə çevrilmişdir. Lakin bu deyilənləri bütövlükdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə aid etmək düzgün olmazdı: məsələn, sığınacaq hüququnu (14-cü maddə), işsizlikdən müdafiə hüququnu (23-cü maddəsinin 1-ci hissəsi), asudə vaxt hüququnu (24-cü maddə) və bir sıra digər hüquqları heç də bütün dövlətlər üçün məcburi olan normalar kimi qəbul etmək olmaz.
Əsas insan hüquq və azadlıqlarını hüquqi sənəd çərçivəsində təsbit etmək məqsədilə 1966-cı ildə iki universal müqavilə imzalandı – İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (3 yanvar 1976-cı ildə qüvvəyə minmişdir) və Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (23 mart 1976-cı ildə qüvvəyə minmişdir). Adlarından göründüyü kimi, birinci Paktda iqtisadi, sosial və mədəni hüquqlar, ikinci Paktda isə vətəndaş və siyasi hüquqlar öz əksini tapmışdır.Formal-hüquqi baxımdan Vətəndaş və siyasi hüquqlar haqqında Pakt daha mükəmməldir və o, iştirakçı dövlətlər üçün daha aydın və dəqiq müəyyən olunmuş öhdəliklər nəzərdə tutur.Paktda nəzərdə tutulmuş başlıca öhdəlik ondan ibarətdir ki, dövlət öz ərazi hüdudlarında və yurisdiksiyası çərçivəsində olan hər bir şəxsin bu Paktda təsbit olunmuş hüquqlarına hörmət etməli və onları təmin etməlidir (2-ci maddənin 1-ci hissəsi). Paktdan irəli gələn öhdəliklərini həyata keçirmək üçün dövlət zəruri qanunvericilik, inzibati və digər tədbirlər görməli (2-ci maddənin 2-ci hissəsi) və habelə pozulmuş hüquqların müdafiəsi və bərpası məqsədilə şəxsə effektiv dövlətdaxili hüquqi müdafiə vasitələri təmin etməlidir (2-ci maddənin 3-cü hissəsi). Vətəndaş və siyasi hüquqlar haqqında Paktın daha bir üstün cəhəti ondadır ki, o, iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə yetirmələrinə nəzarət etmək məqsədilə xüsusi mexanizm nəzərdə tutur. Bu, 28-ci maddənin əsasında təsis olunmuş İnsan hüquqları komitəsidir (bu barədə aşağıda bəhs ediləcəkdir). Pakta iki protokol əlavə olunmuşdur: İnsan hüquqları komitəsinə fərdi şikayətlərə baxmaq səlahiyyəti verən 1966-cı il Fakultativ Protokolu və Ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokol (1989-cu il).
Beynəlxalq insan hüquqları hüququnun sonrakı inkişafı ayrı-ayrı insan hüquqlarına həsr olunmuş müqavilələrin bağlanması və insan hüquqları sahəsində beynəlxalq mexanizm və prosedurların inkişaf etdirilməsi və təkminləşdirilməsi ilə əlamətdardır. Bu gün beynəlxalq insan hüquqları hüququ beynəlxalq hüququn ən intensiv inkişaf edən və dövlətdaxili hüquq ilə ən sıx "əməkdaşlıq edən"sahəsidir.
1. Beynəlxalq insan hüquqları hüququnun mənbələri
İnsan hüquqları sahəsindəki beynəlxalq öhdəliklər, əsas etibarilə, müqavilə mənşəlidır.Müqavilənin üstünlüyü ondadır ki, o, dövlətlərin konkret insan hüquqlarının müdafiəsi ilə bağlı öhdəliklərini dəqiq müəyyən edir və ən əsası, bu öhdəliklərin yerinə yetirilməsini təmin etməli olan xüsusi mexanizm və prosedurlar nəzərdə tutur.
Hal-hazırda insan hüquqları sahəsində 70-dən artıq beynəlxalq müqavilə mövcuddur. Bundan əlavə, Beynəlxalq əmək təşkilatı (BƏT) çərçivəsində bəzən sosial ədalətin corpus yuris-i adlandırılan çoxlu sayda konvensiyalar qəbul olunmuşdur.
Digər Xəbərlər
2025-03-03 21:19:08

2025-03-03 21:12:03

2025-03-03 18:00:08

2025-03-03 16:31:27

2025-03-03 16:06:22

2025-03-03 14:32:20

2025-03-03 14:30:03

2025-03-03 12:33:00

2025-03-03 11:28:39

2025-03-03 10:19:38

2025-03-03 08:59:46

2025-03-02 17:26:30

2025-03-01 15:03:00

2025-03-01 11:07:00

2025-03-01 10:59:49

2025-03-01 09:36:00

2025-03-01 09:20:00

2025-02-28 18:04:51

2025-02-28 15:10:45
