"Qırmızı xətti" keçən səfirə tərs sillə
07:34 17-06-2015
İQTİSADİYYAT
"Qırmızı xətti" keçən səfirə tərs sillə
Azərbaycanın düşmənlərinin əlində oyuncağa çevrilən Arif Məmmədova "oyun qaydaları" haqda zəruri qeydlər
Son qalmaqallı olaylara qədər İslam Əməkdaşlıq Təşkilatında təmsil olunan Arif Məmmədovla bağlı açıq qalan suallara aydınlıq gətirilməkdədir. Artıq Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Arif Məmmədovun təşkilatın Avropa İttifaqı (Aİ) yanında səfiri vəzifəsindən geri çağırıldığını təsdiq edib.
Bu barədə İƏT Baş Katibliyinin Azərbaycan XİN-in notasına cavab olaraq Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinə ünvanladığı məktubda qeyd olunur.
Həmin məktubdan sitat: "İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Azərbaycan Xarici İşlər Nazirliyinin Arif Məmmədovun İƏT-in Avropa İttifaqı yanında daimi nümayəndəsi kimi fəaliyyətinin dayandırılması haqqında notasına cavab olaraq bildirir ki, A.Məmmədov artıq heç bir formada təşkilatı Aİ-də təmsil etmir".
Məlumat üçün bildirək ki, bu rəsmi qərara qədər Arif Məmmədov müxalifət mediasına verdiyi geniş müsahibədə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan XİN-in notasına müsbət cavab verməyəcəyinə işarə vuraraq "Orada layiqli vətəndaşların üzərindən rahatlıqla xətt çəkilən Bakıdakı kimi düşünmürlər" açıqlamasını vermişdi. Vəzifəsindən geri çağrılmasının az qala mümkünsüz olduğunu iddia edən Arif Məmmədovun sözügedən müsahibəsindən cəmi 2 gün sonra İƏT-in onun üzərindən qalın bir xətt çəkməsi bu "bədbəxt adam"ın hesablamalarında nə qədər naşı olduğu aşkara çıxdı.
Özü haqqında az qala "Azərbaycanın 1 nömrəli diplomatı" obrazını yaratmağa uğursuz cəhdlər göstərən Arif Məmmədov son addımları ilə həm diplomatiyada, həm də astanasından yenicə içəri keçməyə çalışdığı siyasətdə nə qədər sadəlöhv biri olduğunu isbatlamış oldu. Bu baxımdan onun bu ilin sonlarında keçiriləcək prezident seçkilərinə qatılmaq istəyini ifadə etməsi də naşılığın daha bir nümunəsi idi.
Bu baxımdan onun siyasi iddialarını əks etdirən həmin müraciətdən bəzi hissələrə göz atmaq maraqlı olar. Beləliklə, başabəla diplomat Arif Məmmədov Facebook səhifəsində paylaşdığı müraciətdə ölkənin gələcəyi ilə bağlı istəklərini açıqlayır və "Azərbaycan-2015" milli proqramının hazırlanması üçün təşəbbüsə çağırır. A.Məmmədov yazır: "Bir çoxları məndən ölkəmin gələcəyi ilə bağlı məqsədlərim və baxışlarım barədə soruşur. Öncə ölkənin böhrandan çıxması üçün "Azərbaycan-2025" milli proqramını, yəni yaxın 10 ildə ölkənin gələcəyi ilə bağlı baxışlarımı tərtib etmək istəyirəm. İstəyirəm ki, xalqım həmin o belçikalı, norveçli, fransalı və almandan pis yaşamasın. Pensiyalar ayda 1200 avro səviyyəsindən aşağı olmasın. Minimal əmək haqqı saata 15 avro səviyyəsində müəyyən edilsin.
Minimal maaş bir ailə üçün ayda 2400 avro səviyyəsində müəyyən edilsin, bundan əlavə də dövlət hər uşağa görə ayda 200 avro ödəsin. Bunlar hamısı realdır, inanın mənə".
Adam artıq nə danışdığının belə fərqində deyil. Diplomat kimi karyerasını qeyri-peşəkarlığı sayəsində darmadağın edən Arif Məmmədovun yenicə qədəm qoyduğu siyasət meydanında isə daha böyük naşılıqlara yol verdiyi göz önündədir. Əvvəla, onun açıqlamalarının bir adı var - demoqogiya. Nəyi necə edəcəyi haqda primitiv təsəvvürləri belə olmayan Arif Məmmədov sadəcə artıq başqa yolunun qalmadığını fərq etdiyindən ağzına və ağlına gələnə danışmaqla məşğuldur. Onun vədləri o qədər populist və tənqidə dözümsüzdür ki, əslində onun dediklərini ümumiyyətlə, fikir verməmək daha doğru olardı. Arif Məmmədovun indi etməyə çalışdıqlarını dünya siyasətində özünü meymunluğa qoyan o qədər siyasətbazlar edib ki, artıq bu köhnə "priyomlar"la nələrsə qazanmaq mümkünsüzdür. Arif məmmədov isə siyasi cəhətdən o qədər səbatsızdır ki, hətta bundan da xəbərsizdir.
Maraqlı olan bir nüans da var: Arif Məmmədov indi ağzı köpüklənə-köpüklənə "Azərbaycandakı ədalətsizliyə son qoyulmalıdır" bəyanatını verərkən görəsən, heç utanmırmı? Nə baş verdi ki, bu başabəla diplomat həmin "ədalətsilikləri" məhz indi gördü? Azərbaycan dövlətinin və hakimiyyətinin yaratdığı şərait hesabına Avropada heç kimin tanımadığı bir adamdan vacib personaya çevrildiyi bu uzun illər ərzində Arif Məmmədov niyə kar, kor və lal olmuşdu bəs?
Onun "dilinin və gözlərinin kimlər tərəfindən açıldığı" da bəllidir. Bir vaxtlar təmsil etdiyi dövlətə və onun hakimiyyətinə heç bir əsası olmayan kidurət püskürən bu şəxsin xarici təsir altında olması indi kimsədə şübhə doğurmur. Arif Məmmədov gərək bir həqiqəti də unutmasın: O Azərbaycan düşmənlərinin əlində oyuncağa çevrilən ilk şəxs deyil, heç sonuncu da olmayacaq. Amma bütün oyuncaqların dəyişməz taleyi var: Xalq nifrəti və layiqli cəza...
Şahin
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05